Əmək fəaliyyətinə Cəbrayıl rayonunun Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlayıb. “Xudafərin” adlı Cəbrayıl rayon qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışıb. “Qaradağ” qəzetinin xüsusi müxbiri, şöbə müdiri, “Qoşa qanad” və “Həyat” qəzetlərinin xüsusi müxbiri olub. 1999-cu ildən “Kredo” qəzetinin baş redaktorudur.
“Karvan körpüdən keçir”, “Baş daşımın yazıları”, “Yurdun övladları”, “Ocağımın işığı”, “İçərişəhər, daşlar, insanlar”, “Həsrət körpüsü” və başqa kitabların müəllifidir. Əli Rza Xələflinin bir neçə şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.
GEDƏK TANRI DAĞINA
Ehey, Boz qurdum, hay ver, hardasan, yol üstə çıx,
Könlündən səda-səda, ürəyindən istə, çıx,
Qoşun bağla nəslindən, ara-sıra dəstə çıx,
Sənə hünər, dəyanət qızıl-gümüş, var da gəl,
Üzü Batıya doğru Gündoğardan var da gəl.
Bələdçim ol, yol göstər, dağ aşaq, dərə keçək,
Dağıtsın inadımız, bənd aşaq, bərə keçək,
Səninlə birgə gedək, yön tutaq, yörə keçək,
Muğam-muğam sellənsin, havalansın tar da gəl,
Könüllər çiçək açsın, istəklənsin bar da gəl.
Qəlbində od qalansa, yanmazsan atəşlərə,
Uçarsan od içindən göy üzü günəşlərə,
Qəzəbin güc göstərər qansız, dəmir dişlərə,
Sırtı yoluq Boz qurdum, dumanları yar da gəl,
Yolunu kəsə bilməz tufan, boran, qar da gəl.
Bircə ulartın bəsdi, silkələsin dağları,
İnamına qaytarsın həsrətindən ağları,
Güllənsin Qarabağın gülü solmuş bağları
Paralansın, sevinsin, üzü gülsün nar da gəl,
Açılan gül üstündə xəcil olsun xar da gəl.
Sənə peyman bağladım, könlümün yarı bildim,
Dünyamın tacı bildim, dövləti, varı bildim,
Ruhumun, varlığımın səddi, hasarı bildim,
İki cahan eşqinə ol könlümə yar da gəl,
Dodaqlarım çat verdi, qabar atdı bar da gəl.
Dayanma yol üstündə Turan bizi gözləyir,
Açılsın üzümüzə yolu, izi gözləyir,
Tanrı dağı Şuşanın odu, közü gözləyir,
Qoca Zərdüşt od versin, atəş də gəl, qor da gəl,
Dədə Qorqud, Manasdan doğru-düzü sor da gəl.
Açılıb Qarabağın üzünə təzə bahar,
Könüllərdə yaz ola, ruhlarda gəzə bahar,
Araz boyu gül dərə, yağını üzə bahar,
İnadları qırmağa gücünü yığ, zor da gəl,
Məzar-məzar oyansın ulu ruhda gor da gəl.
Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən Türkün dayağısan, bilsinlər kimsəsi var,
Zülmətləri dağıdan işığa dön, nur da gəl,
Dirini əvəz bilək – bir Musaya Tur da gəl.
Xələfli yaxşı bilir, sənsiz yolu açılmaz,
Qəddi, dizi bükülər, əli-qolu açılmaz,
Qəzadan xeyir gəlsin... qismət, qədər qaçılmaz,
Yollar səni yormasın, sən yolları yor da gəl,
Qəzəbinlə dağılsın hiylə, kələk, tor da gəl.
GƏLSİN
Gedin deyin Xan Çobana,
Yaşı ötüb düzə gəlsin.
Dağda boran, qara düşər,
Qışdı, yensin düzə gəlsin.
Haqqı görsün yörəsində,
soyuğunda, istisində.
Ocaq çatsın sinəsində,
Qoy qızınsın közə gəlsin.
Ədəb ərkan yeri bilsə,
Ürəyindən kini silsə,
Doğru yolda düşüb ölsə,
Yenə dönməz üzə gəlsin...
Qy Xan Çoban gəlsin elə,
Aldanmasın fitnə felə,
Acı, şirin, doğru dilə,
Haqdan gələn sözə gəlsin.
Xələfli yoldan keçəndə,
Görsün onu od içində...
Azmasın dumanda, çəndə,
Baxsın əvvəl izə gəlsin.
YAZ NƏĞMƏSİ
Açıldı könlümün yazı,
Dilləndi ruhumun sazı,
Xəbər verdi xoş avazı,
Baharın təzə səhəri.
Keçdi qəlbimin qəhəri.
Ağ çalmanı atdı dağlar,
Gül-çiçəyə batdı bağlar,
İstəyinə çatdı çağlar.
Söz üzümə güldü gəldi,
Bu yazım da belə gəldi.
Duman ötdü gözü nəmli
Necə deyim sözü qəmli.
Şeh badəsi, dolu, dəmli,
Mən çəkildim bir guşəyə,
Qonaq oldum bənövşəyə
Qarabağın xoş günüdü.
Elin toyu, düyünüdü,
Könlüm nəğmə düşkünüdü,
Təzə nəğmə, avaz gəlsin,
Sazlı, sözlü bir yaz gəlsin.
Hazırladı: Mina RƏŞİD