Sözüylə müharibənin rəsmini çəkən Esmira Məhiqızının şeirləri ədəbi dərgilərdə, qəzet və saytlarda çap edilməkdədir, iki kitabın müəllifidir.
Esmira xanımın qardaşı Birinci Vətən Müharibəsində qazi olub. Qohumları Xocalı faciəsinin qurbanlarındandır. Oğlu İkinci Vətən Müharibəsinin iştirakçısı, veterandır.
E.Məhiqızının Qarabağ sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
BÜTÜN MÜHARİBƏLƏRİN BULUDLU XATİRƏSİNƏ
Əvvəllər buludları adama bənzədərdik,
ağaca, ata, yuvaya, quşa... hər şeyə oxşadardıq,
birimiz deyərdik, o bulud Memidi,
birimiz deyərdik, bu bulud dəli Fatmadı,
birimiz deyərdik, o bulud poçt İbrahimdi,
bu bulud Nazıdı, Nəcidi, Esidi...
hələ doluxsunan kimi, deyərdilər ki,
-bulud kimi nə dolmusan?
indi elə bilirəm ki, bu gələn bulud Səltənət mamamdı-
çoxdan qəbri dağıdılıb Xocalıda,
sevdiyi nəvələri də qırılıb fevral gecəsində.
və o buludu Səltənət mamama o qədər,
o qədər oxşadıram ki, deyirəm,
-ay Səltənət mama, yağma!
amma bulud yağır, mən islanıram,
yağmura, leysana, selə düşürəm... qışa düşürəm,
fevrala, yanvara, sentyabra düşürəm.
yağışa düşürəm, Səltənət mama!
bir də baxıram ki, buludlar hamısı mənə oxşayır.
indi adamlar buluda bənzəyir...
yan-yörəmdən o qədər buludlar ötür ki-
qazi bulud, şəhid anası bulud, şəhid övladı bulud...
və şəhid qəbirlərinə bulud qızlar, bulud gəlinlər sarılır-
gözlərində neçə qırıq xəyal, neçə qırıq umud!
daha bulud, deyən kimi döyükürəm,
sanki kimsə məni çağırır
-bulud, ay bulud!
ŞƏHİD HƏKİM ŞÖHRƏT QASIMOVUN XATİRƏSİNƏ
Söylənəcək çox şey vardı... söylənmədi heç
o taxçada,
bu boxçada... saxlıda qaldı.
bir musiqi süzülürdü notu çiçəkdən...
harda isə bir yarımçıq mahnıda qaldı.
yarıqönçə bir sevdanın xəyallarıydı
suya düşdü... sular axır xəyallar ilə.
keçdiyimiz yolları da çayırlar basdı
itdi yollar,
qayıtmadıq o yollar ilə.
söylənəcək çox şey vardı… deyə bilmədik,
bir gecədə budam-budam qırğına düşdü.
ayna yollar,
durna yollar itəndən bəri
xəyallar da ən qarışıq ilğıma düşdü
o sözləri yağış döydü, külək sovurdu
necə,
necə o sözlərsiz qaldıq beləcə.
gözlərimiz divarlarda film çəkəndə
tavanımız şeir damdı, damdı hər gecə.
nə atəşlər susdu belə dodağımızda,
nə yanğınlar yandı,
yandı ürəyimizdə.
gözlərimiz bulud oldu, ən islaq bulud
od daşıdıq, kül daşıdıq kürəyimizdə.
söylənəcək çox şey vardı… niyə vardı ki,
söylənsəydi,
söylənsəydi… nə olardı ki
SİL GÖZÜN YAŞIN, QARAGİLƏ!
Bir ara, hər gecə kəndimizdə
o yanıqlı mahnını oxuyardı kimsə:
-Sil gözün yaşın, Qaragilə!
Biz də xırdaca uşaqlarıydıq.
Kəndin aralıqlarında ayaqlarımızı yerə döyüb,
qollarımızı göyə qaldırıb-
bu ağlamalı havaya qarnımızı tutub
gülə-gülə oynayardıq.
Sonra babam dedi ki,
oxuyan demokrat Cəbrayıldı.
Xəbər gəlib ki, anası ölüb.
O da o taya gedə bilmir deyə,
yanıqlı oxuyur belə...
-Təbrizin küçələri...
Yenə də unudub Cəbrayılın dərdini,
bu yanıqlı havaya oyanaya-oynaya böyüdük!
Böyüyəndən sonra gördüm ki,
hamımız yanmışıq o yanıqlı havada.
Bəzilərimiz necə yanmışdısa
bu günə gəlib çıxa bilmədilər.
Gəlib çıxanlar da yanıq-yanıq idi.
-Ay səni, demokrat Cəbrayıl,
bizi niyə yandırdın?
PAYIZ AĞACINA BİR QIZ ÇIXARDI
Payız ağacına bir qız çıxardı,
Gah heyva yığmağa, gah qoz çırpmağa.
Ürəyi uçardı, həvəsiyərdi...
İslaq budaqlardan payız çırpmağa.
Qopmaca düşərdi budaqlara da,
Ürkək yarpaqlardan yaş süzülərdi.
Bir durna köçünün qanadlarından
Payız gözlərinə qış süzülərdi.
Bir qız da eləcə öz işindəydi,
Bilmirdi ayrılıq gətirir payız.
Yarpağı torpağa, gülü sazağa,
Quşları uzağa ötürür payız.
O qızın gözündə payız da elə,
Çiçəyi çırtlayan bahar kimiydi.
Belinə mindiyi islaq ağaclar
Yağışın altında avar kimiydi.
O qız ağacları sürürdü hər gün,
Nağıla sürürdü nağıl içində.
Bir ömür payızı yaşamaq üçün,
Əvvələ gedirdi axır içində.
Getdi uzaqlara, getdi, gəlmədi,
Daha ağacları sürən olmadı.
Mən onu axtarıb, hamını gördüm,
Amma ki, o qızı görən olmadı.
Hardasa bir yaxın uzaqlığında,
Bizim kəndimizə payız düşərdi.
Payızın saralan yanaqlarından,
Sallana-sallana bir qız düşərdi.
Payız ağacları kəsildi daha,
Nə heyva gətirmir, nə qoz gətirmir.
Qaralan kötüklər dərd gətirir ta-
Dərdlər də payıza bir qız gətirmir.
ÇÖL
Mən onda saçımı sünbül hörürdüm,
Mən onda donumu güllü geyirdim.
O qədər gün altda rəngim dönürdü-
Uşaqlar adıma çilli deyirdi.
Səhərdən axşama çöl mənim idi,
Gah elə qaçırdım, belə qaçırdım.
Birindən küsəndə, inciyəndə də,
Başımı götürüb çölə qaçırdım.
Elə xoşbəxt idim... çölçü olanda,
Çöldən ayağımı evə yığmırdım.
Bir çöl uşağıydım elə onda da-
Bir ev uşağı tək evə sığmırdım.
Eyyyy......yyyy
Mənim ən gözəl günüm- Çöl günü-
Kollarda, koslarda, daşlarda qaldı.
Qaçışım nallara hopdu od kimi-
Uçuşum göydəki quşlarda qaldı.
Atlı qarışqalar atlandı getdi,
Arılar güllərin südünü sağdı.
Heyy... çölün düzündən karvanlar ötdü,
heyy... çobanaldadan yağışlar yağdı.
Hazırladı: Mina RƏŞİD