21.11.2024, 20:00
AZ EN
19.04.2023, 13:35 428

Şuşanın əlini tut, buraxma ha!

YARADICILIQ

İstedadlı şair Həyat Şəmi (Şamıyeva Həyat Rəhman qızı) Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Gecəgözlü kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Baki Dövlət Universitetinin  Tarix fakultəsinin şərqşünaslıq bölməsinə daxil olub. 1995-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib. Həyat ilk şeirini 9 yaşında yazıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlara verdiyi fərdi təqaüdə layiq görülüb. 2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür. 2003-cü ildə “Adamlar” adlı kitabı çapdan çıxıb. Elə həmin ildə Türkiyənin Sivas şəhərində düzənlənən TÜRKSOY 4. Şairlər Buluşmasında Azərbaycanı təmsil edib. 2005-ci ildə YYSQ-nin (Yeni Yazarlar və Sənətçilər Qurumu) Milli Kulturoloji mükafatını qazanıb. 2009-cu ildə Türkiyədə Özlem yayınevində “Yazılmayan Şiirler” adlı kitabı işıq üzü görüb. Eyni ildə Azərbaycanda “Gecə gözlü həyat” adlı kitabı çapdan çıxıb. AMEA-nın (Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda elmi işçidir. Milli Televiziya və Radio Şurasında baş məsləhətçi vəzifəsində çalışır.

Həyat Şəminin Vətən qoxulu şeirlərindən “Vətən səsi” saytının oxucularına təqdim edirik.

 

SALAM, ƏSGƏR!

Gün cəbhədən doğdu bu gün, qanadlı
Bir müjdə gətirdi çaparaq atlı.
Səmanın bağrını odun qanatdı,
Dan yeri söküldü sənlə bu səhər,
Salam, əsgər!

 

Şuşanın əlini tut, buraxma ha!
Özünü qayadan atar Xuraman...
Yarın “bir dur” desə, ona baxma ha!
O da göz yaşını tutar birtəhər,
Salam, əsgər!

 

Xankəndi xan kimi durub, seyrində,
Başı ucadadır, dərdi dərində...
Mən ola bilmirəm sənin yerində,
Sən də bilmirsən ki, nə çəkir qədər...
Salam, əsgər!

 

Əsgəran “gəl” deyir - gəl, əsgərim, gəl,
Məni dardan qurtar, Allah kərim, gəl,
Düşmənin nəfəsi bizə ölüm, gəl!
Gör nələr görmüşük 30 il, nələr,
Salam, əsgər!

 

Candan usanıbdır, Füzuli xəstə,
Nəfəsi get-gəlli, səsi ahəstə.
Qaldır Bayrağımı Ərgünəş üstə,
Göz yaşıyla islat, sonra günə sər,
Salam, əsgər!

 

Qalmasın heç yerdə əsir, girov dağ,
Ayağın düşübsə, hürr olar Torpaq,
Başüstə yer verdi sənə Murovdağ,
Onun sinəsindən gül dərdini dər,
Salam, əsgər!

 

Ağdərəyə yollan, yoxsa gün əyilər,
Quzeylər yaralı, qəmli güneylər,
Tanrı yuxumuzu bu gün çin eylər,
Sən tarix yazırsan qazdıqca səngər,
Salam, əsgər!

 

Qaməti əyilmiş qoca Xocalı,
28 ildir əsir qocaldı...
Qəddini qaldırdı, göyə ucaldı.
Sənin əlindədir bu gün – Göy və Yer,
Salam, əsgər!

Ağdamın dam üstə qalmayıb damı,
Seyr etdikcə dəli edir adamı....
Bu gün Xocavənddə düşür axşamı,
Düşür gözlərimdən qaranlıq kədər,
Salam, əsgər!

 

Cəbrayıl, Zəngilan, Qubadlı adlı,
O torpaq gözləyir səni inadla
Qır düşməni, qov əlindəki odla,
Ey Odlar Yurdunun böyütdüyü ər,
Salam, əsgər!

 

Laçınsız Laçına oynamamışam,
Dəhlizə bir yol aç əllərində şam,
Mən sənin arxanda möhkəm durmuşam,
Yoxsa ki, canımdan neçə can gedər,
Salam, əsgər!

 

Səndədir gələcək, bu gün, dünən, bil!
Atəşlər açdıqca dərdi sönən bil.
Torpağı anan bil, nazlı sonan bil,
Çalınsın cəngilər, sən də çal zəfər!
Salam, əsgər!

 

Daha Kəlbəcərin qalmayıb tabı,
Qapılar açılsın, sevinsin BABIm,
Gözləyir yolunu yurd-yuvam, obam,
Lalələr qızarır, gəlibmi bahar?
Salam, əsgər!

 

Qarabağ - bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy, Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
Salam,əsgər!

ALIN 

Snayper gülləsi, off,

nişangah görüb uçdu.

Əsgərimin alnında

şəhid nöqtəsi açdı...

 

Ana öpən alının

arası dodaq rəngdə,

dodağı göydən də göy,

yarası dodaq rəngdə.

 

Qara xəbər tez gəldi...

Hələ isti ayağı,

yavaş-yavaş soyudu,

yerdən küsdü ayağı...

 

İndi Vətən öpəcək

daşa dönən alnından.

Alın yazısı köçür

nişanlanan alnından...

ƏSGƏRƏ MƏKTUB

Nə yazım sənə, əsgər? -

Söz də tapa bilmirəm.

Söz, Şuşada yazaram,

tutaram əllərindən

görüşəndə yazaram.

Nə yazım sənə, əsgər,

Haqqını halal eylə!

Zərfə zəfər qoy göndər,

nə göndərsən içində

kənd adını bol eylə!

 

Nə yazım sənə, əsgər,

donurmu yanaqların,

qızarıbmı əllərin,

ordan üzün ağ qayıt...

Yağdırım duaları,

yerdə qoyma, yığ qayıt,

o tökülən qanları.

 

Nə yazım sənə, əsgər,

Burnumun ucu göynər,

dodağım para-para,

həsrət-həsrət uçuqlar...

Kəndimin üzündən öp,

Evimizi qucaqla!

 

Nə yazım sənə, əsgər,

Payız gedir, bizimsə

verdiyimiz söz qalıb,

de ki, de ki, gəlirik

Qarabağa, az qalıb!

 

Nə yazım sənə, əsgər,

Xəbər çıxıb Vətəndən,

Qələm cəbhəyə gedib,

sən səngərdən yazırsan,

əlin silah tutandan.

 

Nə yazım sənə, əsgər,

Hər günün hücum olsun,

Qələbə tacın olsun!

Şəhid olsan... canımsan,

sağ qayıt, bacın ölsün!

MƏNİM BİR SUALIM VAR

Kəsmişdim üzünü xoşuma gəlməyən kitabın,

uşaq vaxtı...

İndi də xoşuma gəlməyən

                        adamların ayağını kəsirəm

ömrümdən.

 

Çəkmişdim rəsmini anamın,

                        doqquz yaşımda...

Üç dəfə öpmüşdü məni.

Yanağına qəmzələr qoymuşdum

                        bir gülüşüylə...

 

Bağçamıza qızılgül qələmi əkmişdim

                        Gecəgözlüdə,

Böyüyüb "ayrılıq" yazdı ömrümə:

Yurdumdan...

Anamdan...

Səndən...

İndi də özümdən ayrılıram.

Ayrılıram ki, Allaha yaxınlaşım.

 

Bu ilin martında da sən getdin, ata!

Axund dedi ki, cümə günü ölənlər sorğu-sual olunmaz.

 

Mənim bir sualım var:

- Anamı gördünmü?

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər