Cəbrayıl şəhərində təşkil edilən tədbirdə ölkənin müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər uzun illər torpaqlarımızın bu cür bayram ab-havasına həsrət qaldığını qeyd edib, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilən torpaqlarımızın doğma sakinlərin nəfəsi ilə canlandığını diqqətə çatdırıblar. Bu müqəddəs amal uğrunda canından keçən qəhrəmanlara Allahdan rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimdə Dədə Qorqud obrazının iştirakı ilə bayram tonqalı alovlandırılıb, qədim “Şah-vəzir” oyunu oynanılıb. Qaydaya əsasən haqqında şikayət olan şəxs şahın hüzuruna gətirilir, pozduğu qanuna uyğun cəza tətbiq olunur.
Bayram tədbiri musiqili-bədii hissə ilə davam edib. Yerli incəsənət nümayəndələri ilə yanaşı, digər bölgələrdən gələn ifaçılar da cəbrayıllıların sevincinə şərik olublar. (AZƏRTAC)