Aygül Həsənova müsahibəsində bildirib ki, Şuşa şəhərində musiqi müəllimi kimi fəaliyyət göstərmək onun üçün həm böyük şərəf, həm də mənəvi məsuliyyətdir: “Məqsədim musiqi vasitəsilə şagirdlərin daxili aləmini zənginləşdirmək, onların milli-mənəvi dəyərlərə olan bağını möhkəmləndirməkdir. Şuşa tarixən Azərbaycanın mədəniyyət beşiyi sayılıb, bu torpaq Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül kimi dahi musiqiçilər yetişdirib. İnanıram ki, bundan sonra da Şuşada yeni musiqiçilər nəsli yetişəcək”.
A.Həsənova deyir ki, Şuşada yaşamaq onun üçün sadəcə məkan deyil, həm də ilham mənbəyidir: “Şuşada yaşamaq mənim üçün həyatımın ən böyük ilham mənbəyidir ki, əllərimdən keçərək sənətə çevrilir, gözlə görünən, könüllə hiss edilən əsərlərə dönür. Hər bir əl işim Şuşaya olan sevgimin, mədəniyyətimizə verdiyim dəyərin ifadəsidir”.
Müəllimin ilk əsas əsəri Şuşa qalasına həsr olunub. O, qalanı dörd fəsildə təsvir edərək əbədi ruhunu canlandırmağa çalışıb: “Şuşa qalası təkcə daşdan tikilmiş qala deyil. O, fəsillərlə danışan, əsrlərlə nəfəs alan əbədi bir ruhdur. Qışda Şuşanın səbrini, yazda oyanışını, yayda möhtəşəmliyini, payızda isə qürurunu əbədiləşdirdim”.
Onun növbəti işlərindən biri Azərbaycan vokal məktəbinin banisi Bülbülün ev-muzeyi ilə bağlıdır. Müəllim deyir ki, bu əsərdə sənətkarın ruhunu və Şuşanın musiqi ilə yoğrulmuş yaddaşını canlandırmağa çalışıb.
Aygül Həsənovanın yaratdığı digər diqqətçəkən əl işi isə Xudafərin körpüsünün maketidir. O, bu əsəri belə təsvir edir: “Burada könülləri birləşdirən, əsrləri bir-birinə bağlayan əbədi bir ümid körpüsü qurmağa çalışdım”.
Bu gün Şuşada Aygül Həsənova kimi yaradıcı insanlar şəhərin mədəni yaddaşını gənc nəslə ötürür, eyni zamanda incəsənətin dili ilə onu yenidən canlandırırlar. Onun əllərindən süzülən hər bir sənət nümunəsi isə Şuşaya, onun zəngin mədəniyyətinə və tarixinə olan dərin sevgisinin ifadəsidir. (AZƏRTAC)