20.03.2026, 14:26
AZ EN
01.01.1970, 04:00 1

İqtisadiyyat İnstitutu işğaldan azad olunmuş ərazilərin bərpasına dair tədqiqatlarını nəşr etdirib

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin əməkdaşları tərəfindən “Azərbaycanın postkonflikt ərazilərində yeni iqtisadiyyat quruculuğu: elmi əsaslar, çağırışlar və tətbiqi həllər” adlı kollektiv monoqrafiya nəşr edilib.

İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın müəllifləri dosent Azər Səfərov, dosent Əbülfət Kərimov, iqtisad üzrə fəlsəfə doktoru Səbinə Əsədova, həmçinin kiçik elmi işçilər Ənvər İsmayıllı, Cavanşir Burhanzadə, Nigar Namiq və Elmir Mehdiyevdir. Nəşrin elmi redaktoru dosent Famil Rüstəmov, rəyçiləri isə iqtisad elmləri doktorları, professorlar Leyli Allahverdiyeva və Ədalət Əliyevdir. Kitaba ön sözü İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli yazıb.

İnstitutdan bildirilib ki, monoqrafiya Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin 2023-2025-ci illəri əhatə edən tədqiqatlarının nəticələri əsasında hazırlanıb. Tədqiqat işində əsas diqqət Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq strategiyasının elmi izahına yönəldilib. Müəlliflər bu strategiyanın uğurlu icrası üçün zəruri proqram sənədlərinin hazırlanması və iqtisadi idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini araşdırıblar.

Tədqiqatda bərpa prosesinin struktur əsası kimi sahə-ərazi sxemi konsepsiyası çərçivəsində beş regional klasterin formalaşdırılması və iki inkişaf zonasının ixtisaslaşdırılması təklif olunur. Bundan əlavə, dövlət investisiyalarından səmərəli istifadə, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və xarici innovativ investisiyaların cəlb edilməsi yolları əsaslandırılıb. Kitabın ana xəttini postkonflikt ərazilərdəki yeni iqtisadiyyat quruculuğunun ölkənin ümumi texnoloji inkişafında həlledici rol oynaması ideyası təşkil edir. (AZƏRTAC)

Oxşar xəbərlər