Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 23-də Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda keçirilən respublika elmi konfransında söyləyib.
Akademiyanın elmi müəssisələrində Qərbi Azərbaycanla bağlı görülən işlərdən bəhs edən akademik diqqətə çatdırıb ki, aparılan tədqiqatları ümumiləşdirmək və əlaqələndirmək üçün AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə əlaqələndirmə şurası yaradılıb və artıq şuranın bir neçə iclası keçirilib.
AMEA-da alimlərin iştirakı ilə “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün hazırlandığını deyən İ.Həbibbəyli bununla bağlı yaradılmış işçi qrup tərəfindən ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, 2023-cü ilin sonunda “Qərbi Azərbaycan ensiklopediyası” üzərində işlərin başa çatdırılması nəzərdə tutulur.
“Bugünkü konfrans da ölkə Prezidentinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində AMEA-da keçirilən əhəmiyyətli tədbirlərdən biridir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb. (AZƏRTAC)