Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə buraxılmış xatirə kitabı bütövlükdə 190 səhifədən ibarətdir. Kitabda 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin payızında baş vermiş II Qarabağ savaşında həlak olan 19 şəhidin, 16 qazinin, eləcə də A.Eyvazlının özünün Vətən, Zəfər haqqında düşüncələri və şeirləri yer alıb. Kitabın baş redaktoru Yaqub Öməroğlu, tərcüməçisi isə gənc ədəbiyyatçı Atabəy Barışdır.
Aida Eyvazlı deyib ki, bu kitab 2016-cı ilin Aprel döyüşləri ilə böyük Zəfər yolunun başlanmasının müjdəçisi olan və 2020-ci ilin Vətən müharibəsində Qələbə qazanan döyüşçü şairlərin adından türk oxucusuna, türkdilli xalqlara ərməğandır. “Şeirləri qələmə alan igidlər heç bir zaman Böyük Zəfərə olan inamlarını itirməyiblər. 30 il ərzində bu inam, bu sevgi onların iliklərinə ana südü kimi işləyib. Böyüyüb əsgər olublar, şair olublar. Sevgi ilə torpaqlarımızın azad olunmasına ümidlərini sətir-sətir, misra-misra sözə, şeirə çeviriblər. Qələmləri silah, süngü olub, vuruşublar, qalib gəliblər. Nəticədə “Zəfər qoxuyan şeirlər” araya-ərsəyə gəlib”.
Hazırladı: Mina RƏŞİD