08.09.2024, 05:46
AZ EN
17.11.2022, 18:20 425

Zəfərə yürüyən ulu bayrağım!

YARADICILIQ

Təvəkkül Məmməd oğlu Məmmədov (Goruslu) 1962-ci il iyulun 1-də Zəngəzur bölgəsinin Gorus rayonunun Ağbulaq kəndində anadan olub. 

Uzun illərdir ki, doğulub boya-başa çatdığı Ağbulaq kəndinə qovuşacağı günü gözləyir. O, bütün şeirlərində yurdu, torpağı, Vətəni, bayrağı tərənnüm edir.

 “Xaraba kəndim”, “Bu sevgi bir əbədiyyət”, “Gözlərimə qısılaydım”, “Məni misralarda qələm assa da”, “Ömrüm, çiçəyim”, “Qisas yağmuru” şeir kitablarının müəllifidir. Təvəkkül Goruslunun  poetik dillə qələmə aldığı şeirlərindən də gönünür ki, o necə vətənpərvər şairdir. Onun hər bir şeiri səmimiyyətdən, təbiilikdən yaranıb və poeziyamızda özünü tanıdıb.

“Qızıl qələm” və “ARAZ” ədəbi-bədii mediya mükafatı laureatıdır.

Onun bir neçə şeirlərini oxucularımıza təqdim edirik:

 

DEYİN

 

Danışın,  susmayın,  danışın elim,

Qalibəm mən indi,  susmasın dilim,

Dəmir yumruğumda zəlildi zalim,

Əsgərdən danışın,  paşadan deyin!

 

Ellərim birləşdi od vurdu "yan"a,

Zəfərim səs saldı bütün cahana,

Vətənim söyləyən Azərbaycana,

Məmməddən danışın,  Saşadan deyin!

 

Tamamən bitəcək həsrət,  intizar,

Xankəndim,  Xocalım olacaq gülzar,

Müzəffər Orduma dəyməsin nəzər,

Ağdamdan danışın,  Şuşadan deyin!

 

Xaraba üstündə kəndlər tikilir,

Körpülər salınır,  yollar çəkilir,

Qayıdan yurdumda güllər əkilir,

Vətəndi insanı yaşadan,  deyin!

 

Tamamən bitəcək həsrət,  intizar,

Xankəndim,  Xocalım olacaq gülzar,

Müzəffər Orduma dəyməsin nəzər,

Ağdamdan danışın,  Şuşadan deyin!

 

Xaraba üstündə kəndlər tikilir,

Körpülər salınır,  yollar çəkilir,

Qayıdan yurdumda güllər əkilir,

Vətəndi insanı yaşadan, deyin!

 

ZƏFƏR BAYRAMIMIZ MÜBARƏK OLSUN!

 

Salam əziz xalqım,  müzəffər ordum,

Zəfər bayramımız mübarək olsun!

Azaddır Şuşamız,  azaddır yurdum,

Zəfər bayramımız mübarək olsun!

 

Qəhrəman şəhidin şəhadətiylə,

İgid qazilərin rəşadətiylə,

Xalqların,  millətin fəxarətiylə,

Zəfər bayramımız mübarək olsun!

 

İndi azaddırsa işğaldan torpaq,

Qürurla yellənir üçrəngli bayraq,

Yığılaq,  toplanaq,  durağın saraq,

Zəfər bayramımız mübarək olsun!

 

Şəhid ruhlarının anıdır bu gün,

Qisasın şöhrətli şanıdır bu gün,

Zəfərin günəşli danıdır bu gün,

Zəfər bayramımız mübarək olsun!

 

İgid əsgərimin polad yarağı,

Əzmlə yandırdı sönən çırağı,

Şöləsi gətirdi Zəfər sorağı,

Zəfər bayramımız mübarək olsun!

 

ULU BAYRAĞIM

 

Sənin ki, önündə xəcildi yağı,

Yeni zəfərlərə qanad aç,  şığı,

Yetişib tam,  bütöv qələbə çağı,

Zəfərə yürüyən ulu bayrağım!

 

Cənubda Təbrizim kükrəyən ümman,

Zəngəzur,  Göyçəni bələyib duman,

Bütöv olmaq üçün yetişib zaman,

Zəfərə yürüyən ulu bayrağım!

 

44 gün döyüşdə alınca dərslər,

"Haylar"ın hayına yetişdi ruslar,

Cənubda tətikdə dayanıb farslar,...

Zəfərə yürüyən ulu bayrağım!

 

Türkiyəm yanımda,  doğma qardaşım,

Səngərdə,  döyüşdə,  canım,  qandaşım,

Zirvədən zirvəyə ucalsın başın,

Zəfərə yürüyən ulu bayrağım!

 

Şimallı, cənublu,  qərbli,  Xəzərli,

Sahib ol yurduna,  əmin nəzərli,

Önün qalibiyyət,  danın zəfərli,

Zəfərə yürüyən ulu bayrağım!

 

Siyasi yanıltmac qurur  Avropa,

Tarixən səlibçi bunlar bir topa,

Zəfər səninkidir, xəbərçin buta,

Zəfərə yürüyən ulu bayrağım!

 

MÖHKƏM DAYAN

 

Ayaqlanıb yenə yağı,

Minalayır düzü,  dağı,

Yetib "Dəmir  yumruq " çağı,

Nər əsgərim möhkəm dayan!

 

Yenə gecə güllə dadır,

Dan sökülür ağır- ağır,

Vətən söylə,  Allah çağır,

Ər əsgərim möhkəm dayan!

 

Zirvə sənin boyun üçün,

Canın qoru soyun üçün,

Hazırlaşaq toyun üçün,

Hər əsgərim möhkəm dayan!

 

Yorulmasın vuran əlin,

Əyilməsin məğrur belin,

Sənlə bəlli gücü elin,

Vur, əsgərim,  möhkəm dayan!

 

Qəlbə təpər uca bayraq,

Dizinə güc doğma torpaq,

Zəfərindən gəlsin soraq,

Nur əsgərim möhkəm dayan!

 

APAR

 

Vətən deyən Gorus adlı həsrəti var,

Təvəkkülü zinhar edən hər daşıdı.

Qürurludu,  dərdi,  qəmi gendən qovar,

Ürəyinə sığal çəkən göz yaşıdı.

 

Yuxusunun qonağıdı hər çəhlimi,

Hər çığırı,  hər döngəsi Ağbulağın.

Həsrətinin həm dəvası,  həm məlhəmi,

Hər xışması,  hər çəngəsi Ağbulağın.

 

Dağıdılıb,  yurdu dönüb olub viran,

Sinəsində köz- köz olub ocaq yeri.

Yox tərpədən, yox qaldıran,  yoxdu quran,

Xarabalar,  kalafalar qucaq yeri.

 

Dərəsinin göz yaşıdı izin salan,

Payızında yel gətirən xəzəlinə.

Dərddən ağlar bulağıdı gözün silən,

Yarpızının,  lilparının gözəlinə.

 

Sorma indi Goruslunun əhvalını,

Vətən deyən dili,  ağzı dərddən qabar.

Könlü talan...vermə ona sualını,

Al ordunu, Ağbulağa götür APAR!

 

SELLƏN  ARAZ

 

Sellən Araz,  kükrə dağıt sərhəddi,

Dəymə, Araz, bircə Xudafərinə!

Bu milləti bölmək kimin nə həddi,

Dəymə, Araz, bircə Xudafərinə!

 

Sellən Araz,  birlik vaxtıdı indi,

Duydun Araz,  könül telləri dindi,

Kükrə Araz,  qopsun ayrılıq bəndi,

Dəymə, Araz, bircə Xudafərinə!

 

Sellən Araz,  bu ürək qardaş deyir,

Bunu ona nə vaxtdır yaddaş deyir,

Kükrə Araz yaddaş da savaş deyir,

Dəymə, Araz, bircə Xudafərinə!

 

Canım Araz,  qurban dərdi- sərinə,

Duydun, Araz,  getməm daha dərinə.

Kükrə Araz, kükrə, yar ol,  ərinə,

Dəymə, Araz, bircə Xudafərinə!

 

O üstün bəzəyən göy qurşağıdı,

Bu taydan o taya birlik tağıdı,

Kükrə, Araz,  indi savaş çağıdı,

Dəymə, Araz, bircə Xudafərinə!

 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər