VƏTƏNDİ
Dünya seyrangahdı, sehrçi mənəm,
Əbədi məşələm, mən çətin sönəm,
Allah möhlət versin yurduma dönəm,
Vətənə borcum var, minnət Vətəndir!
Vüqarlı dağlarla girib yarışa,
Hərtizlə, Kəpəzlə durardıq qoşa,
Vətənsiz bir insan gələrmi xoşa?
Qəriblik zillətdi, cənnət Vətəndi!
Qürbət yerdə səbrim yaman tükəndi,
Dərd bürüdü, Ağrı dağa söykəndi,
Demə, Elbrusun hissi ötəndi,
Qəriblik zülmətdi, cənnət Vətəndi!
BAYRAĞIM
Ucadan dalğalan, baxıb sevinək,
Kükrəyən sel kimi axıb sevinək,
Düşməni yandırıb, yaxıb sevinək.
Layiqsən ən gözəl taca, Bayrağım,
Ay mənim üçrəngli uca Bayrağım!
Şərəfli yolların olsa da çətin,
Yayılıb hər yana şanın-şöhrətin,
Sən güvənc yerisən bizim millətin.
Köksündə Ay, Ulduz qoşa Bayrağım,
Dünya yaşadıqca yaşa, Bayrağım!
Göy də ürəyimcə, yaşıl da, al da,
Səndən gözəl bayraq varmı dünyada?
Uğurlar diləyək sənə bu yolda.
Qürur mənbəyisən bizə, Bayrağım,
Səni gəlməyəsən gözə,Bayrağım!
Sevincə, kədərə, aha əyilmə,
Heç bir hökmdara, şaha əyilmə,
Səni çox sevirəm, daha əyilmə.
Ən uca dağlarla qoşa Bayrağım
Dünya yaşadıqca yaşa, Bayrağım!
A DOĞMA KƏNDİM
Yenə gələcəyəm görüşünə mən,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Yenə yarıyacam hər işinə mən,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Həvəslə gəzəcəm, eli, obanı,
Özüm yandıracam, sönmüş sobanı.
Təbrik edəcəyəm qoca, cavanı,
Deyəcəm xoş gördük, a doğma kəndim!
Gəlib düz çıxacam Daşlı təpəyə,
İllərlə gözləri yaşlı təpəyə.
Qartallar məskəni quşlu təpəyə
Deyəcəm xoş gördük, a doğma kəndim.
Gəzib seyr edəcəm talan kəndimi,
Həsrətdən bənizi solan kəndimi.
Kövrəlib gözləri dolan kəndimə
Deyəcəm xoş gördük, a doğma kəndim.
Deyəcəm xoş gördük, a doğma kəndim.
YOL VER ARAZ, YOL VER, GEDƏK TƏBRİZƏ
Yüz illərdi duzu səpib yaraya,
Ayrılığı kimlər saldı araya?
Eyni millət çata bilmir haraya.
Dərdimiz boy atıb, çıxıbdı dizə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Bölünübdü iki yerə ürəyim,
İntizardan zəhər olub çörəyim,
Yaman gündü, qardaş olub gərəyim.
Tükənib dözümüm, baxmayır sözə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Doğmalar yan-yana düzülü qalıb,
Əli əlimizdən üzülü qalıb,
Gözümüz leysantək süzülü qalıb.
Həsrətdən qəlbimiz dönübdü közə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Hazırladı: Tahirə AĞAMİRZƏ