21.11.2024, 16:36
AZ EN
31.08.2023, 17:22 447

Hələ nə zəfərlər gözləyir bizi

YARADICILIQ

İstedadlı şair, yazıçı Zaur Ustac (Zaur Mustafa oğlu Mustafayev) 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində alıb. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir.  Kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər, məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur.

Zaur Ustac 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə YAZARLAR.AZ saytının baş redaktorudur. AYB və AJB-nin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatı laureatıdır.  

Zaur Ustacın Qarabağ və Bütöv Azərbaycan haraylı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!

Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!

Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!

Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!

Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

 

ARAZ
 

Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

 

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM


Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…

 

Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…

Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!

Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

 

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)

 

Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

 

TUNCAYA

(Tuncayın timsalında)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi

Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!

Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!

Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!

Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!

Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!

Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!

Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!

Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər