Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ötən il ölkəmizdə AMEA-nın yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, elm və təhsilin inteqrasiyası istiqamətində atılan addımlar 2026-cı ildə Azərbaycan elminin yeni keyfiyyət mərhələsinə qədəm qoymasını şərtləndirib. Yubiley yığıncağında dövlətimizin başçısı tərəfindən müəyyən edilən hədəflər çərçivəsində, elmi fəaliyyətin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tədqiqat proseslərinə inteqrasiyası 2026-cı ilin əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilib.
Tarixi irs və Heydər Əliyev strategiyası
Ötən əsrdə Azərbaycan elminin sistemli şəkildə formalaşması və beynəlxalq miqyasda tanınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər elmi xalqın milli sərvəti hesab edərək, akademiyanın müstəqil dövlətçilik maraqlarına xidmət edən bir qurum kimi inkişafına nail olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində Azərbaycan elmi təkcə fundamental araşdırmalarla məhdudlaşmır, həm də ölkənin iqtisadi və hərbi qüdrətinin artırılmasına birbaşa töhfə verir.
Azad Qarabağda elm və təhsilin təntənəsi
İşğaldan azad edilmiş ərazilərdə elmi potensialın bərpası 2026-cı ilin əsas hədəfləri sırasındadır. Bu istiqamətdə mühüm addım kimi, 2025-ci ilin sonunda Botanika İnstitutu tərəfindən son onilliklərin fundamental əsərlərindən olan “Qarabağ florası” kitabı nəşr edilib. Bu nəşr azad edilmiş torpaqların təbii resurslarının elmi inventarlaşdırılması və ekoloji bərpası üçün mühüm elmi baza rolunu oynayır. Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətinin genişlənməsi və Xankəndidə elmi mərkəzlərin qurulması regionun intellektual mərkəzə çevrilməsini təmin edir. Şərqi Zəngəzur və Qarabağda aparılan arxeoloji, ekoloji və seysmoloji tədqiqatlar dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.
Türk dünyasının intellektual mərkəzi: 100 illik tarixi yol
2026-cı ilin elmi təqvimi həm də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə əlamətdardır. Bir əsr əvvəl Bakıda keçirilmiş bu Qurultay türk xalqlarının elmi-mədəni birliyi, ortaq əlifba və terminologiya məsələlərində mühüm strateji qərarların qəbul edildiyi mərkəz rolunu oynayıb. Yubiley çərçivəsində Bakıda keçirilən elmi forum və sessiyalar Azərbaycanın Türk dünyasında elmi-humanitar mərkəz statusunu möhkəmləndirib. Bu tədbirlər həm fundamental türkoloji tədqiqatlar, həm də müasir humanitar elmlər sahəsində ölkəmizin elmi potensialını və mövqeyini təsdiq edir.
Beynəlxalq əməkdaşlıq və gənc alimlər
Bu gün Azərbaycan alimləri dünyanın nüfuzlu “Web of Science”, “Scopus” elmi bazalarında yüksək istinad indeksləri ilə təmsil olunurlar. Dövlətin yaratdığı imkanlar sayəsində gənc tədqiqatçıların beynəlxalq laboratoriyalarda təcrübə keçməsi, birgə qrant layihələrinin icrası Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirir.
2022-ci ildə Elm və Təhsil Nazirliyinin yaradılması və onun yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə elmi fəaliyyətin idarəetmə mexanizmi təkmilləşdirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilində bu islahatların nəticələri özünü elmi nəticələrin kommersiyalaşdırılması və universitet-sənaye iş birliyinin genişlənməsində göstərir.
Elm Günü həm də bir hesabat günüdür. Azərbaycan dövləti elmə əsaslanan inkişaf yolunu seçməklə öz gələcəyini daha dayanıqlı və rəqabətədavamlı edir. (AZƏRTAC)