Bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir.
Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır.
"Cənubi Qafqazın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq region NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur.
Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib.
"Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir.
Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanlarını dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub. (Report)