Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar. Bildirilib ki, Horadiz–Ağbənd avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir. Ümumi uzunluğu 126,3 kilometr olan magistralın 78,5 kilometrlik hissəsi altı hərəkət zolağından, 45 kilometrlik hissəsi isə dörd zolaqdan ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr arasında dəyişir. Bu göstəricilər yolun həm yükdaşıma potensialını, həm də sürətli nəqliyyat axınına uyğunluğunu təmin edir.
Layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilib. Yol boyunca 24 körpü layihələndirilib, onlardan 23-ü tam hazırdır, biri üzərində isə işlər davam edir.
Dəmir yolu xəttində görülən işlərlə də tanışlıq olub. Səyyahlara məlumat verilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin isə tikintisinə 2021-ci ildə başlanıldığı qeyd edilib. Bildirilib ki, layihənin ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və ümumilikdə 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub və tikinti-quraşdırma işləri 3 mərhələdə aparılır.
Birinci mərhələ üzrə işlərin böyük hissəsi artıq tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələdə torpaq işləri və mühəndis qurğularının inşası yekunlaşmaq üzrədir. Bu hissə Xudafərin hidroqovşağının maksimal su səviyyəsindən aşağıda yerləşdiyi üçün burada əlavə körpülər və qoruyucu tədbirlər görülüb. Məhz bu mərhələdə Azərbaycanın ən uzun dəmir yolu körpüsü – uzunluğu 771 metr, 23 aşırımlı körpü inşa olunub.
Üçüncü mərhələ isə Mincivan–Bartaz–Ağbənd istiqamətini əhatə edir.
Qeyd edək ki, 2 günlük səfər çərçivəsində budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.
“NomadMania” Yer kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir. (AZƏRTAC)