21.11.2024, 20:09
AZ EN
11.08.2023, 12:07 385

O kənd, bizim kəndimizdi

YARADICILIQ
  • Qazi İmadəddin Məlikəhməd oğlu Səlimov 1964 cü il iyulun 23-də Qubadlı rayonunun Dəmirçilər Kəndində anadan olub. 1985-ci ilin yazından etibarən Bütöv Azərbaycan sevgisiylə, vətənpərvərlik şeirləri yazmağa başlamışdır. İmadəddin Səlimov 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, Vətənimiz Azərbaycanın müdafiəsində yaxından iştirak edərək Birinci Qarabağ müharibəsində döyüşmüş, Ordu quruculuğunda təmənnasız xidmət etmişdir. Zaman-zaman, dövri mətbuatda şeirləri, məqalələri çap olunub, bir çox vətənpərvərlik mövzusunda olan şeirlərinə mahnılar bəstələnib. Onun bir neçə şeirlərini “Vetensesi.az”ın oxucuları ilə bölüşürük.

 

VƏTƏNDİR

Borçalıdan,Zəngazura

Zəngazurdan,Dərbəndəcən,

Vətəndir qardaş,Vətən.

Vətəndir Hələbdən,

Kərkükə qədər,

Kərkükdən,Qəzvinə

Vətəndir,Vətən.

Vətəndir Savalan,

Təbriz Vətəndir.

Naxçıvan,Həmədan,

Vətəndir,Vətən.

Qarabağ,Marağa,

Zəncan Vətəndir.

Vətəndir Lənkəran,

Göyçə Vətəndir.

Göyçə göl,Urmiya,

Vətəndi Xəzər,

Bəy gölu,Balxaşı,

Vətəndir,Vətən.

Vətəndir Ötükən,

Altay Vətəndir,

Vətəndir Tıvası,

Saxa Vətəndir.

Başqurdu,Qumıkı,

Uyğur Vətəndir.

Qaqauz,Qaraçay,

Çərgəz Vətəndir.

Vətəndir Qazağı,

Türkmən,Özbəyi.

Qırqız,Qaraqalpaq,

Noqay Vətəndir.

Anadolu Vətəndir,

Tatarstan Vətən.

Xakasya Vətəndir,

Cümlə Türküstan.

Turanım səsləyən,

Tanrım buyuran,

Bütün Türk Dünyası,

Vətəndir, Vətən!

 

CANIM AZƏRBAYCAN,

GÖZÜM TÜRYİYƏM

Qardaşı, qardaşdan ayırmaq çətin,

Birgə addımlayın,dayanın mətin.

Yayılsın cahana birlik qudrətin,

Canım Azərbaycan,gözüm Türkiyəm.

 

Yüz il ayrı qaldıq,bir-birimizdən,

Aylı gecəmizdən,gündüzümüzdən.

Gəl indi danışaq birliyimizdən,

Canım Azərbaycan,gözüm Türkiyəm.

 

Əzəldən aşiqəm Azərbaycana,

Bu nazlı dilbərə,nazlı canana.

Yurdda sülh, yayılsın bütün cahana,

Canım Azərbaycan,gözüm Türkiyəm.

 

"Şuşanın dağları başı dumanlı",

Varıb gəlmək üçün çoxdur gümanlı.

Biz Tarix yazırıq,qadalı-qanlı,

Canım Azərbaycan,ğözüm Türkiyəm.

 

ZƏFƏR CƏNGİMİZ

Biz dağların ərləri,

Qorxu nədir bilməriz.

Bizlərin oylağıdır,

Səma,torpaq,göy dəniz.

 

İldırım tək çaxarıq,

Yandırarıq,yaxarıq.

Dağıdıb səngərləri,

Bayrağmızı taxarıq.

 

İnancımız tək quran,

Bizik cahanı quran.

Türklərik,Türk ərləri

Turan deyib hayqıran.

 

Qarabağda cəngimiz,

Varmı bizim dəngimiz?

Qubadlıda,Şuşada,

Xankənddə səslənəcək,

Bizim Zəfər Cəngimiz,

Bizim Zəfər Cəngimiz.

 

SALAM OLSUN

Gedənlərin yeri cənnət,

Gələnlərə salam olsun.

Vətən üçün şəhid düşüb,

Ölənlərə salam olsun.

 

Vətən dağı,vətən daşı,

Ol vətənin,vətəndaşı.

Vətən üçün həp başdaşı,

Olanlara salam olsun.

 

Sancağına sahiblənən,

Ruhu həp cəngə köklənən

Kərkük,Mosulda təklənən,

Türkmənlərə salam olsun.

 

Altayları,Ötügəni,

Əcdadımız xan Bilgəni,

Türk yurdunu,bu ölkəni,

Bilənlərə salam olsun.

 

Salam olsun Tanrı dağa,

Salam olsun göy üzünə.

Türk yurduna,Turanına,

Bakısına,Təbrizinə,

Salam olsun.

Salam Olsun Sənə Vətən!

 

O KƏND, BİZİM KƏNDİMİZDİ

 

Yollarında izim qalan,

Çeşməsində gözüm qalan,

Dağlarında sözüm qalan,

O kənd, bizim kəndimizdi.

 

Şirin sulu Bərguşadı,

Harda var o suyun dadı?

Dillərə dastandır adı

O kənd bizim kəndimizdi.

 

Tarixlərdə yeri-yurdu,

Hər bir oğlu, sanki ordu.

Mayis adlı bir Boz Qurdu

O kənd bizim kəndimizdi.

 

Türbələri qoşa-qoşa,

Ağa çayı bir tamaşa.

Bahar fəsli aşıb, daşar

O kənd bizim kəndimizdi.

 

Doğma məscid baş tacımız,

Keçib getdi, yox acımız.

Orda yatır əcdadımız

O kənd, bizim kəndimizdi.

 

Bir tarixdi “Daş körpü”sü,

Qiymətsizdir, yox ölçüsü.

Haqq, ədalətin öncüsü

O kənd, bizim kəndimizdi.

 

Soyumuz Türk, özümüz Türk,

Astarımız, üzümüz Türk,

Səmtimiz Türk, yönümüz Türk,

O kənd, bizim kəndimizdi.

 

Dəmirçilər Ata yurdum,

Ata yurdum, Ana yurdum.

Azad oldu busat qurdum

O kənd, bizim kəndimizdi.

 

İmadəddin, xoş halına,

Artıq çatdın vüsalına.

Qovuşmusan xəyalına

O kənd, bizim kəndimizdi

O kənd, bizim kəndimizdi

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər