25.06.2025, 17:56
AZ EN
31.07.2023, 15:13 420

Öyün, ay Laçınım, öyünməlisən

YARADICILIQ
  • Tanınmış şair, yazıçı, jurnalist Kərim Kərimli 1963-cü il noyabrın 14-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1971-ci ildə həmin kənddə оrta məktəbə gedib. 1979-cu ildən Şuşa şəhərindəki respublika riyaziyyat təmayüllü 2 saylı оrta-internat məktəbində оrta təhsilini davam etdirib və 1981-ci ildə həmin məktəbi bitirib.

1981-ci ildə Ukraynanın Kirоvоqrad Kənd Təsərrüfatı Maşınqayırma İnstitutuna daхil оlub və 1986-cı ildə "kənd təsərrüfatı maşınları üzrə mühəndis-meхanik" ixtisasına yiyələnib. 1996-cı ildə Avstriya Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə beynəlхalq kursları bitirib.

İllərlə Qarabağ, Şuşa həsrəti ilə yaşayan Kərim Kərimli yazılarında da həmişə doğma Vətəndən bəhs edib. "Ürəyimin şüşəsi Şüşa", "Hələ şuşalıykən", "Qəlbimizdə bir ad yaşar", "Şuşalı şuşasız günlərim", "Yağlıvənddən Amerikayadək", “Şuşasız”, “Onun adı Şuşadır” adlı kitabların müəllifidir.  

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi Kərim Kərimlinin də həyatının ən xoşbəxt səhifəsidir. Şairin Şuşa, Laçın qoxulu şeirlərini “Vətən səsi”nin oxucularına təqdim edirik.

  
AZAD ŞUŞAM

Tanrı “Vətən!” yazıb – dərdimə dərman,

Bu dərman Vətənin xəstəsiyəm mən!

Bağında çiçəyəm, dağında duman,

Solmaz Xarıbülbül dəstəsiyəm mən!

 

İşğaldan azadddır əbədi yurdum,

Ellərin müqəddəs məbədi yurdum.

Mərdliyin, mərdlərin mədədi yurdum,

“Övlad!” – dediyinin rastəsiyəm mən!

 

Sənsiz olmuş idi dünya qəfəsim,

Cismimdə ruhumsan, canda nəfəsim…

Səninlə dolaşır dünyanı səsim,

Ölməz Üzeyirin bəstəsiyəm mən!

 

Ana yurdum! Ordum çalmışdır zəfər,

Açılmış önündə şanlı bir səhər!

Şikəstə tək çaxır qızıl şimşəklər,

Qızıl “Qarabağ şikəstə”siyəm mən,

Ölməz Üzeyirin bəstəsiyəm mən!

27.08.2021

 

ÖYÜN, AY LAÇINIM, ÖYÜNMƏLİSƏN!

 Sultanlar böyüdü, Paşanı keçdi,

Sevinc aşdı-daşdı, “Haşa!”nı keçdi.

Qoynun cənnət oldu – Şuşanı keçdi?!

Öyün, ay Laçınım, öyünməlisən!

 

Qayıdır yurduna bir-bir ellərin,

Çağlayır Həkərin, coşur sellərin.

Dağ-daşda da açır qızılgüllərin,

Geyin gül donunu, geyinməlisən!

 

Zirvəndə yellənir ulu bayrağım,

Dönür bərəkəti ana torpağın.

Üzü gülür quşun, daşın, yarpağın,

Geyin al donunu, geyinməlisən!

 

Gəlir, köhnə yurda səadət gəlir,

Azad çəmənlərə təravət gəlir.

“Laçınım” səsiylə Məhəbbət gəlir,

Sevin, ay Laçınım, sevinməlisən!

 

Ölsün, növrağını görüb, gülməyən!

Şirin azadlığın qədrin bilməyən!

Misli bu dünyada, sən, bilinməyən, –

Dünyaca tanınıb, bilinməlisən!

 

Əsgərim sinəsin sipərləyibdir,

Sərhəddi çiçəklə çəpərləyibdir!

Kərim də atını yəhərləyibdir,

Gəlməli, görməli, sevilməlisən!!!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər