21.11.2024, 16:47
AZ EN
21.11.2023, 16:29 250

YURDDA TONQAL QALADIM

YARADICILIQ
  • Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, Fəxri mədəniyyət işçisi Fəridə Hacıyeva tanınmış mədəni-maarif işçisi olub. O, 1972-ci ildən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında çalışıb, 1992-ci ildən isə “Dövri mətbuat” bölməsinə rəhbərlik edib. 1982-ci ildən televiziya, radio verilişlərində və dövri mətbuatda ardıcıl çıxışlar edib. Azərbaycan Aşıqlar Birliyinin metodisti və daha sonra Folklor şöbəsinin müdiri vəzifəsində çalışıb. “Aşıq Pəri Məclisi”nin, Yazıçılar Birliyinin üzvüdür.  “Məhsəti” Qadın şairlər məclisinin idarə heyətinin üzvü olan Fəridə xanım 2000-ci ildən Azərbaycan–Rumıniya Mədəni Əlaqələr Birliyinin üzvü və sədr müavini olub.

Azərbaycanda və Türkiyədə “Məni məndən alan dünya”, “Dünyama qovuşacağam”, “Ulduzlardan pay istərəm” (tərcümə), “Göylər pənahım mənim”, “Bağışla, Vətən, bağışla”, “Qaytaram Tanrı sevgisin”, “Hu, Mevlam, hu”, “Bir menekşe masalı”, “Yolum uzun”, “Könül dərgahım” adlı kitabları çap edilib. 2009-cu ildə Mədəniyyət Nazirliyinin “Fəxri diplom”u, 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2010-2011-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü olub.

Yaradıcılığında həmişə Bütöv Azərbaycan, Qarabağ mövzusuna xüsusi önəm verən Fəridə xanımın Zəfər ruhlu bir neçə şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

BÜTÖVDÜR AZƏRBAYCAN!

 

Qanad açıb uçuram,

Mavi səmaya sarı.

Sevinc payım çox düşüb,

Qarşılayaq baharı.

 

Qubadlım, Gəbrayılım,

Fizulim, Şuşam gəlsin.

Zəngilan, Suqovuşan,

Laçın nur tək ələnsin.

 

Ağ üzlü oldu Ağdam,

Torpağı mərd əllərdə.

Cəsarətli vuruşlar,

Nəğmə kimi dillərdə.

 

Qanad açıb uçuram,

Könlüm pırıl-pırıldı.

Duyğularım gül açıb,

Coşub-daşıb, duruldu.

 

Mən ondan güc alıram,

Qurban olum orduma.

Namusla, ləyaqətlə,

Çatdıracaq yurduma.

 

Qanad açıb uçuram,

Bu nə hal, nə həyacan.

Sağ olsun Baş Komandan!

Bütövdür Azərbaycan!

 

VƏTƏNDİR, VƏTƏN!

 

Mənim gücüm, qüdrətim,

Yenilməyən sərvətim,

Ən uca məhəbbətim

Vətəndir,Vətən!

 

Ayna üzlü dənizim,

Dalğalım, gülbənizlim,

Keçdiyim yolum, izim,

Vətəndir, Vətən!

 

Torpağımın hər dəni

Ruhumdadı, məndədi,

Şücaət, hünər nədir?!

Vətəndir,Vətən!

 

Qəhrəmanım, Poladım,

Yurdda tonqal qaladın,

Bu gündən sənin adın,

Vətəndir,Vətən!

 

Dağlara bax, qürurum,

Hər daşını qorudum,

Mənim yenilməz ordum,

Vətəndir,Vətən.

 

 

ŞƏHİDİM

 

Şəhidim, can şəhidim!

Yüküm yaman ağırdı.

Hər kəlməm qan ağlayır,

Könlüm dağım-dağımdı.

 

Şəhidim, can şəhidim!

Ruhunuz göydə uçur.

Vətən ağuşun açıb,

Vətən sizləri qucur.

 

Şəhidim, can şəhidim!

Sözün bitdiyi yerdi.

Torpağa düşən qanın,

Al çiçəklər bitirdi.

 

Şəhidim, can şəhidim!

Cənnətməkan oldunuz.

Qanınız bahasına,

Azad oldu yurdumuz.

 

BAYRAĞIMI SEVİRƏM

 

Bayrağımı sevirəm,

Yaşılı, qırmızını, göyünü.

Bir də, bir də vətənimin

Ay-ulduzlu göyünü.

 

Bayrağımı sevirəm,

Qoy ucalsın əllərdə.

Dalğalansın hər zaman

Nur üzlü könüllərdə.

 

Bayrağımı sevirəm,

Anamı sevən qədər.

Qürurum, sirdaşımdı

Ən azı ömrüm qədər.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər