23.11.2024, 13:30
AZ EN
07.01.2024, 11:23 321

Göyçəyə gedəcəyinə inan şair…

YARADICILIQ

Səbrim daralıbdı, qalmayıb dözüm,

Yolu tutub düz Göyçəyə gedəcəm.

Doğrasa da yağı məni, yad məni,

Yenə tutub üz Göyçəyə gedəcəm.

Bu misralar şair Südabə İrəvanlıya məxsusdur. O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiyanın Taymır Yazıçılar İttifaqının üzvü, Aşıq Pəri Məclisinin və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür.

Südabə İrəvanlı 1962-ci il yanvarın 7-də Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. 1984-cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində yaşayıb. Orada Azərbaycan diasporunun fəallarından olub, Qadınlar Şurasına sədrlik edib.

Taymır Yazıçılar İttifaqının "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və s.  almanaxlarında şeirləri rus dilinə tərcümə edilərək dərc olunub. İki poeziya müsabiqəsinin qalibidir. Azərbaycanda "Palitra", "Azərbaycan", "Sahibkarlıq" qəzetlərində və "Elm və Həyat", “Mişov dağı” jurnallarında şeirləri çap edilib.

Otuz iki illik qəriblik həyatından sonra Azərbaycana köçən Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. “Vətən, səndə gözüm qaldı", "Yandım həsrət oduna", "Dözürük, dözümü daşdan çıxardıb", "Qərib quşun nəğmələri", "Kədərin dili" adlı kirtabları nəşr olunub.

Su çiləyin ürəyimin üstünə,

Alışıram, Soyuqbulaq deyəndə, -

misralarının müəllifi olan şair ən çox deyişmələri ilə tanınır.

Südabə İrəvanlı 44 günlük Vətən Müharibəsində qələmini sanki silaha çevirdi və "Ağlama, şəhid anası", "Şəhid balam", " Vur, qoluna qurban olum", "Alqış Türkün birliyinə" və "Əsgərimə heykəl qoyun" kimi deyişmələr, şeirlər yazıb. Südabə xanımın yurd havalı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

GENERAL POLAD HƏŞİMOV

 

Hünərinlə tanıtdın hər yerə bayrağını,

Qaldırdın Qarabağda göylərə bayrağını.

Tabutunda gətirdin sən yerə bayrağını.

Torpaq boyunu sevdi, dedi igidim Polad.

Quynuma xoş gəlirsən, mənim şəhidim Polad.

 

Sənə yaraşmasa da, ölümü seçdin o gün.

Bu torpağın uğrunda canından keçdin o gün.

Bu vətənə vuruldu, vətəni sevdi könlün.

Zirvələrə yol aldı, sən açdığın qol - qanad.

Yenidən dirilirsən, mənim şəhidim Polad.

 

Bir ana burda sənsiz, gözləri qəm bulağı,

Bir ana burda sənsiz istəmir yaşamağı.

O bir anantək sevdin sən vətəni, bayrağı.

Qeyrətinə yaraşdı daşıdığın həmin ad.

Söylə ki əbədisən, mənim şəhidim Polad.

 

Südabənin könlündə heç kiriməz acılar,

Sən tək qardaşa qurban, mənim kimi bacılar.

Gülüşün nigarandı, yarımçıq arzunmu var?

Vətən sənlə fəxr edir, məzarında rahat yat.

Vətənin and yerisən, mənim şəhidim Polad.

 

AZƏRBAYCAN QADINI

 

Odlar yurdu adında bir sönməz çırağın var,

Ocaq deyib, pir bilib öpdüyün torpağın var.

Dünyanın hər yerində adın var, sorağın var,

Yaradanın üstünə gərsin öz qanadını,

Azərbaycan qadını.

 

Babəklər böyüdürsən, söyun - kökün uludur,

Başın üstə "QURAN" var, yolun haqqın yoludur.

Sənin kövrək ürəyin mətanətlə doludur,

Dünyaya meydan oxu, duymayaq fəryadını.

Azərbaycan qadını.

 

Unutma, taleyindən ötüşən o illəri,

Sən gətirdin dünyaya qəhrəman nəsilləri.

Çox sınaqdan çıxıbdı, bizim Oğuz elləri.

Ululardan alıbsan adını, soyadını,

Azərbaycan qadını.

 

Məhəbbətin sonsuzdu, bənzərin var ümmana,

Dözübsən, çox dözülməz fırtınaya, tufana,

Sən özün bir anasan, anam Azərbaycana,

Yandırırsan məşəl tək, ürəyinin odunu,

Azərbaycan qadını.

 

Südabənin könlündə sən bir bahar fəslisən,

Nüşabənin, Tomrisin, Nigarımın əslisən.

Cavanşirin, Nəbinin, Xətainin nəslisən.

Həmişə iti saxla yaddaşını - yadını,

Azərbaycan qadını.

 

VƏTƏN OĞLU, DUR AYAĞA, DUR YERİ

 

Vətən namus, vətən qeyrət, vətən ar,

Vətən oğlu, dur ayağa, dur yeri.

Yol gözləyir Zəngibasar, Zəngəzur,

Düşmənlərdən hesabını sor yeri.

 

Vətən oğlu, dur ayağa, dur yeri.

Qaysaq tutmaz Göyçəmizin yarası,

Yada qalıb dağı, daşı, talası.

Dağılıbdı Mehdi xanın qalası.

Bayrağını İrəvanda vur, yeri.

Vətən oğlu dur ayağa, dur yeri.

 

Ərdəbilə, Təbrizimə qayıdaq,

Ərzurumun o üzünə qayıdaq.

Qaraxaçın düz özünə qayıdaq

Sah İsmayıl şahlığını qur, yeri.

Vətən oğlu dur ayağa, dur yeri.

 

Dayısından ədəb-ərkan alanlar,

Döyüş vaxtı qoltuq altda qalanlar

Kökü bizdən, südü özgə olanlar

Qurubdular vətənimə tor, yeri.

Vətən oğlu dur ayağa dur yeri.

 

Südabəni o torpağa qaytaraq,

Dağ ruhunu yenə dağa qaytaraq.

Şikəstəni Qarabağa qaytaraq

Göstər yağı düşməninə zor, yeri

Vətən oğlu dur ayağa, dur yeri.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər