21.11.2024, 20:47
AZ EN
19.07.2023, 15:32 308

Adların ən üstün adıdı Şuşa

YARADICILIQ
  • Tanınmış jurnalist, şair, Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcidin Şuşaya həsr edilmiş iki şeirini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

CIDIR DÜZÜ
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.


Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdir bu yer.
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.

Sükuta bürünüb Cıdır düzümüz,
Bülbülün səsinə dalandan bəri.
Torpaq dərd əlindən qayalaşıbdı,
Ellər Natəvansız qalandan bəri.


Göz dikib bu yerə yağılar yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.

Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.

Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim,
Tarixin möcüzə sərgisi kimi.

1979

 

ŞUŞA
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.

Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.

Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər