19.04.2024, 07:54
AZ EN
10.05.2023, 18:45 288

Qələmim Göyçədən yazdı

YARADICILIQ
  • Səyyarə İsmayılova (Məmmədli) 1961-ci il yanvarın 25-də də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində, müəllim ailəsində anadan olub. 1969-cu ildən Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirib. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul edilib, 1984-cü ildə isə universiteti bitirib. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır.

Səyyarə Məmmədli 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 3 övladı var.
Səyyarə xanım məktəb illərindən şeir yazmağa başlayıb. Onun şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa ədəbi mətbuatda dərc olunub.
S.Məmmədli "Zamanın əl ağacı", "Yalnız qələm dözür ağırlığıma" adlı kitabların müəllifidir. Onun Göyçə həsrətli şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

QƏLƏMİM GÖYÇƏDƏN YAZDI

Deyirlər ki, bahar gəlib,

Gözümdəsə qar, ayazdı.

Ürəyimdə qarşıladım:

-Yenə də Göyçədə yazdı.

 

Dərdim çay tək aşıb-daşır,

Ağrım-acım çiçək açır,

Təbiət sevincdən yaşıl,

Saçım dərddən bəmbəyazdı.

 

İçimdən sızmaq istədim,

Dərdimi yozmaq istədim,

Sevgidən yazmaq istədim,

Qələmim Göyçədən yazdı.

HƏSRƏT DİRƏKLƏRİ

Açıq kitaba bənzəyir

sərhəd dirəklərinin böldüyü torpaq.

Bir səhifə tikanlı məftillərin bu üzüdü,

bir səhifə o biri üzü.

Bir cümlənin əvvəli bu üzdədi,

davamı o biri üzdə.

Amma mümkün deyil oxumaq

o üzdəki səhifəni.

Göyün yeddinci qatı qədər əlçatmazdır

bir qarışlıq məsafə...

Qadağan olunmuşlara can atır insan

həmişə.

Amma əfsus!

Tam olmayan fikirdi,

Bitməmiş cümlədi,

Yarımçıq taledi...

Bir sözlə,

insanın can atdığı "tam"lığa

həsrət dirəkləridi,

sərhəd dirəkləri.

Məndən "haralısan?" deyə, soruşanlara
Soruşmayın, haralıyam,
Mən də qəlbi yaralıyam,
Səsi Vətən haraylıyam,
Yurdun düzüyəm, çölüyəm,
Mən Göyçəsiz, Göyçəliyəm!

Ən füsunkar çağımdadır,
Mənim varım-yoxumdadır,
O, hər gecə yuxumdadır,
Gerçəyin nağıl diliyəm,
Mən Göyçəsiz, Göyçəliyəm!

Yüz paradan bir para mən,
Ən dərin, köklü yara mən,
Axıram hardan hara mən,
Göz yaşının gur seliyəm
Mən Göyçəsiz, Göyçəliyəm!

Əzəlimdi, sonum deyil,
Hələ ki, bu günüm deyil,
O, mənimdi, mənim deyil,
Sanıram, diri ölüyəm,

Mən Göyçəsiz, Göyçəliyəm! 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR