21.11.2024, 17:15
AZ EN
26.06.2024, 18:00 377

Yaman darıxmışam dağlardan ötrü...

YARADICILIQ
  • Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, istedadlı şair Aləmzər Sadıqqızı Naxçıvanda, Şərur rayonunda doğulub. 1984-cü ildən ölkə mətbuatında şeirləri çap edilir. 5 kitab müəllifidir. 2000-ci ildən Yazıçılar Birliyində, “Qobustan” jurnalında çalışır. Aləmzər xanımın Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

   

DAĞLARA

Nəzmiyyə Hicran adlı gözəl şairimizə, dağlar qızımıza, Aran qızından

 

Yaman darıxmışam dağlardan ötrü,

Gedək bircə dəfə çıxaq dağlara.

Bu dağ-dağ könüllə dağ zirvələrə

Elə ətəyindən baxaq dağlara.

 

Yığaq ətəyindən ahları bir-bir,

Yazıqdı, sinəsi çat-çat olmasın.

Bir az sevinc əkək, bir az qəm dərək

Bu gözəl “günahı” yıxaq dağlara.

 

Elə sinəsindən çiçək dərmişik,

Üstünə ayrılıq, hicran sərmişik.

Biz axı dağlara nələr vermişik

Bir vüsal bayrağı taxaq dağlara.

 

Düşmən əsir alıb dörd bir yanını,

Gör, kimə vermişik dağ vüqarını.

Hələ də gözləyir qəhrəmanını

Bir ümid yandırıb-yaxaq dağlara.

 

Düşmən at oynadır bizim dağlarda

Həsrətdən quruyub buz bulaqlar da

Sulara həsrətdir yaşıl bağlar da

Bulaqtək süzülək, axaq dağlara.

 

Bir qızıl balığa dönək, dolanaq,

Fırlanaq başına, dönək, dolanaq.

Eli haraylayıb dağlara yığaq

Şimşəktək hayqıraq, çaxaq dağlara!

 

ŞƏHİDLƏRƏ

 

Vətən torpağına əkilən şəhid

Sizinlə bu torpaq böyüyür elə.

Düşmən çəpərinə dikilən oğul

Bu Vətən Sizinlə döyünür elə.

 

Hərəniz bir evdə dünyaya gəlib

Vətənin evində yaşayacaqsız,

Həmişə, hər yerdə, ürəyinizdə

Vətən torpağını daşıyacaqsız.

 

Dünən anan sənə oğul deyirdi,

Bu gün hamımızın gərəyi oldun.

Bu gün torpaq üstə tir-tir titrəyən

Bu gözəl Vətənin dirəyi oldun.

 

Qan oldun torpağın damarlarına

Vətənin qəlbində vurursan indi.

Babəkə, Nəbiyə dəyən ləkəni

Sən öz əllərinlə yuyursan indi.

 

Məlhəmsən Vətənin yaralarına

Bu Vətən haçandı ayaqlar altda.

Sızlayır torpağın hər bir qarışı

Sarıldın torpağın ağrılarına.

 

Siz Vətən oğlusuz, Siz Vətən qızı.

Torpağın üstündə gültək açırsız.

Sizsiz bu torpağın baharı, yazı

Torpağın qoynunda işıq saçırsız.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər