01.12.2025, 11:31
AZ EN
30.10.2025, 12:40 886

Bu gecə hamıya işığım çatar...

YARADICILIQ
  • Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şair, jurnalist Paşa Babakərlinin (Əmircanov) “Taleyim – yol yoldaşım” adlı yeni kitabının təqdimatı və 65 illik yubileyi keçirilib.

Tədbirdə Paşa müəllimin qələm dostları, yaxınları və oxucuları iştirak ediblər. Məclisi AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq tələbə yoldaşı olmuş Paşanın dəyişməz xarakter cizgilərindən, jurnalist bacarığı və şair fəhmindən söhbət açıb. Sonra P.Babakərliyə Mətbuat Şurasının yubiley diplomu təqdim olunub.

Qeyd edək ki, Paşa Babakərli 1960-cı ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. 1977-ci ildə bu kənddəki 2 saylı orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib. 1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilini başa vurub. O vaxtdan bir sıra respublika qəzetlərində, o cümlədən Müdafiə Nazirliyinin “Azərbaycan ordusu”, “Respublika”, “Ekspress”, “525-ci qəzet”, “Üç nöqtə”, “Yeni Qafqaz” və digər qəzetlərdə, “Trend” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini kimi vəzifələrdə çalışıb. 2008-ci ilin aprel ayından “Xalq qəzeti”ndə işləyir. Milli mətbuatımızın inkişafında xidmətlərinə görə bu il “Tərəqqi” medalına layiq görülüb. AYB-nin üzvüdür. Publisistik yazılar, poema və şeirlərdən ibarət 8 kitabın müəllifidir.

“Vətən səsi” Paşa Babakərlini 65 illik yubileyi və yeni kitabı münasibətilə təbrik edir, onun Vətən sevdalı şeirlərindən oxucularına ərməğan edir.

 

ŞUŞAM, XOŞ GÖRDÜK SƏNİ!

 

Şuşam, xoş gördük səni,

Bu şadlığın mübarək.

İşğalçı gədalardan

Azadlığın mübarək!

 

Müqəddəs yurdum-yuvam,

Daşım, xoş gördük səni.

Yuxularda görürdük,

Şuşam, xoş gördük səni!

 

Biz səni geri aldıq

Xəyanətin əlindən.

Qurtardıq bu milləti

Xəcalətin əlindən.

 

Sənin azadlığınçün

Biz qanlar verdik, Şuşam.

Bu yolda şəhid olduq,

Qurbanlar verdik, Şuşam.

 

Qarabağın aranı,

Dağı sevinir bu gün.

Pənah xanın, Nəvvabın

Ruhu sevinir bu gün!

 

Biz səni silahla yox,

Ruhumuzla qazandıq.

Həsrətimiz, yanğımız,

Duyğumuzla qazandıq.

 

Düşmən başına düşmüş

Daşım, xoş gördük səni.

Şuşam, xoş gördük səni!

Şuşam, xoş gördük səni!

 

XANKƏNDİ, ƏZİZİM, GÖZLƏRİN AYDIN!

 

Otuz il ayrılıq acısı daddın,

Həsrət əlimizi uzatdıq sənə.

Xankəndi, əzizim, gözlərin aydın,

Necə yaraşırmış azadlıq sənə!

 

Qovuşduq, nə yaxşı, nə xoş gün oldu,

Yox, əti dırnaqdan ayırmaq olmur.

Bu həsrət, bu nisgil çox uzun oldu,

Hələ bu yuxudan ayılmaq olmur.

 

Otuz il cəlladlar əlində qaldın,

Otuz il. Danışmaq asandı dildə.

Qəlbimi, ruhumu əlimdən aldın,

Nə qədər sızladım bu otuz ildə.

 

Qayıtdın, ruhumu qaytardın geri,

Səbrimi, yuxumu qaytardın geri.

İndi azadlığın mübarək olsun,

Sevincin, şadlığın mübarək olsun!

 

Mənim də sevincim böyükdür bu gün,

Bayrağım ucalır zirvələrində.

İndi rahat nəfəs dərdiyin üçün

Dualar edirəm Tanrıma gündə.

 

Azadsan, ürəkdə qürurumuz var,

Səninçün vuruşduq son ana kimi.

Düşmənin başını əzən oğullar

Dolanır başına pərvanə kimi.

 

Xankəndi, Xocavənd, Şuşam, Ağdərəm,

Sevərəm, sevdikcə doymaram, səni.

Daha əllərimdən qoya bilmərəm,

Daha gözlərimdən qoymaram səni!

 

İÇİM BİR AĞAPPAQ QAR İŞIĞIDI

 

Bu gecə ağappaq qış geçəsidi,

Başımın üstündə Aydı, nur tökür.

Yağan qar göylərin möcüzəsidi,

Yerə bəxş olunan paya min şükür.

Bu qar da bir cürə işıqdı, vallah,

Gör necə uçuna-uçuna yağır.

Qar yağır üstümə-başıma, bir bax,

Ağappaq işıqdı, içimə yağır.

 

Ruhum təzələnir dümağ qar kimi,

Bir azdan dünyanı ağ işıq tutar.

Göylərdən yerlərə teleqraf simi,

Sevgi məktubudu elə bil bu qar.

 

Ağappaq ümiddi, vallah, adama,

Alqış bu işığa, bu qara alqış!

Bu qar kəndimizi salır yadıma,

Gərək o dağlara qayıdam bu qış.

 

Bu gecə dünyanın sevgi çağıdı,

Yatan hər nə varsa, oyadır bu qar.

İçim bir ağappaq qar işığıdı,

Bu gecə hamıya işığım çatar...

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər