“Yollar məni yurda apar” və “Vətən adlı sevgilim” şeir kitablarının müəllifidir. Şeiləri “Haqqa dayaq olmaq üçün birləşək” kitabında, müxtəlif mətbuat orqanlarında dərc olunub və bir neçə şeirinə mahnı bəstələnib.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İçşiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” Media Mükafatı ilə təltif olunub.
Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin “Elm və Təhsil” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “Abdulla Şaiq” mükafatı ilə, “XXI əsrin Ziyalıları” Cəmiyyətinin “Şərqin səsi” qəzeti ilə birgə keçirdiyi sorğu və müsabiqənin nəticələrinə əsasən “XXI Əsrin ziyalısı” fəxri adına layiq görülüb.
VƏTƏN ADLI SEVGİLİM
Dəyişilib öz ünvanın, öz adın,
Tapdağında əzildinmi, sən yadın,
Haray çəkdim, sənə çatsın fəryadım,
Şirin dilli, xoş ləhcəli ay elim,
Sən ey, mənim Vətən adlı sevgilim?!
Uca dağlar çəndən yaşmaq geyibmi,
El niskili vüqarını əyibmi,
Uzun həsrət xatirinə dəyibmi,
Yaralarım, ay qübarım, nisgilim,
Sən ey, mənim Vətən adlı sevgilim?!
Tərsə çayı məcrasından çıxırmı,
Çağlayırmı, susqundumu, fağırmı,
Quraqlıqdı, yağış, dolu yağırmı,
Necə keçir fəsillərin, hər ilin,
Sən ey, mənim Vətən adlı sevgilim?!
Zaman-zaman sən hərraca qoyuldun,
Zalımlara şikar oldun, ov oldun,
Oba-oba, oymaq-oymaq oyuldun,
Daş-torpağın yerindəmi, de bilim,
Sən ey, mənim Vətən adlı sevgilim?!
Söylə mənə, nərgiz gülün açırmı,
Bənövşələr yad baxışdan qaçırmı,
Ah-naləsi dərə-təpə aşırmi,
Gül həsrətli, yanıq səsli bülbülün,
Sən ey, mənim Vətən adlı sevgilim?!
Şahə qalxın, tər çiçəyim, tər gülüm,
Tikan olub, hər birininz bir zülüm,
Yada qarşı, bir ox olub düzülün,
Bağ-bostanım, qızıl-sarı sünbülüm,
Sən ey, mənim Vətən adlı sevgilim!!
Mən əminəm, qalib gəlib düşmənə,
Ellik ilə dönəcəyik biz sənə,
Amin! - deyib, səsimə səs versənə,
Dualarım, “Amin!” – söyləyən dilim,
Sən ey, mənim Vətən adlı sevgilim!
ŞƏHİDLƏR
Unutmaq olarmı heç Şəhidləri,
Bayrağımda qanı, Cənnətdə yeri,
Millət iftixarı, ərəni, əri,
Şərəfidir yerin, göyün Şəhidlər!
Ölümün gözünə dik baxıb onlar,
Düşməni silahsız, əllə boğublar,
Özü gənc, biləyi aslan oğullar,
Qürurudur kökün, soyun Şəhidlər!
Adı busə olub dodağa qonar,
Ruhu qartal kimi dağı dolanar,
Bir Şəhid əvəzi mini doğular,
Yenidən yaranar, o gün Şəhidlər!
Əməli gözdə yaş, ürəkdə qürur,
Məqamı ucadır, zirvədə durur,
Eşidib ruhları tapacaq hüzur!
-"Azaddır dağların, düzün, Şəhidlər!"
Neçə arzuları ürəkdə qalan,
Neçə könüllərə alov, od salan,
Şəhadəti doğru, ölümü yalan,
Əbədi yaşarlar bütün Şəhidlər!
DOĞMA ŞUŞAM
Salam “Mədəniyyət beşiyi” Şuşa,
Yaşa, Ulu xalqım, əbədi yaşa,
Gözün aydın!-deyək, torpağa, daşa,
Rəhbər-xalq həmahəng doğma Şuşamız!
Yenidən dil açıb, oxusun bülbül,
Salam, sədaqətli ey, Xarı bülbül,
Şəhidlərin rəmzi möcüzəvi gül,
Zəfərdən pay, çələng, doğma Şuşamız!
Daha işıqlansın gecənin gözü,
Dünyaya səs salsın sədası, sözü,
Muğama bürünsün qoy Cıdır düzü,
Muğamların rəng-rəng, doğma Şuşamız!
Uzun illər könül səndən aralı,
Şükür, Cıdır düzün qonaq-qaralı,
Baxıb xoş gününə düşmən saralı,
Növrağın nə qəşəng, doğma Şuşamız!
Hazırladı: Tahirə AĞAMİRZƏ