MƏN BÜTÖV AZƏRBAYCANAM
Bir vaxtlar dünyanın özünə də
Meydan oxuyan,
İrəvanı,
Göyçəni,
Təbrizi,
Kərkükü,
Həmədanı,
Dərbəndi və neçə-neçə doğma yurd
Yerlərimizi özündə birləşdirən,
Qorqud Dədəmizdən ad alıb,
İgidliyi və böyüklüyü ilə düşmən
gözünə ox kimi saplanan Oğuz
İgidlərinin Vətəniyəm Mən...
Sonra...
Sonra yağıların min fitnə-feliylə,
Min yerə didilib-parçalanan,
Insanı insanından,
Doğması doğmasından,
Parçası parçasından ayrı düşən bir
Ulu Vətən...
Mən Azərbaycan övladıyam-
Tarixin bu qədər acısını yaşadığıma
Rəğmən ayaqda dimdik durmağı
Bacaran,
Hər faciəmizdən bir dərs alıb,
Dostunu,
Düşmənini tanıya bilən
Qisasını alan
Azərbaycan oğluyam...
ANA
Oxşa o saçları, sev o ürəyi,
Tut o qabar-qabar olmuş əlləri.
Barı bircə dəfə bir körpən kimi,
Sarıl o qadına, heç anam demə.
Sadəcə sarılman yetəcək ona,
O səssiz sarılman sevinci olub
Gülüş qonduracaq o qırış üzə,
Sabaha min ümid verəcək ona.
Sənin yollarında ağarıb o saç,
Sənin nadincliyin acısı olub.
Baxma ki, alnında neçə qırış var,
Nə vaxtsa bir sevgi yazısı olub.
Zamanla ürəyi elə dolub ki,
Toxunsan min yerdən acısı çıxar,
Hər dəfə üzünü gülən görübsən,
O isə danışsa ürəyin susar.
O qadın bir adi qadın deyil ki...
Sən boyda əsəri yazıb qanıyla.
Unudub özünü, qadınlığını,
Səninlə doğulub ana adıyla.
Qoyma o gözləri bir də ağlasın,
Ata ol, oğul ol, yoldaş ol ona.
Daha nə istəyir Tanrıdan, səndən,
Tək bircə kəlmən də bəs edər ona.
GƏLSƏM
Gəlsəm, əllərini tutmağa,
Gəlsəm,
Sevsəm, o alnından öpməyə
Gəlsəm,
Sən də bir naz edib “dəlim”
Deyərsən?..
Açsam qollarımı, alsam
Qoynuma,
“Xoşbəxtəm” sözünü yazsan
Alnıma,
Desəm gəl ömrümə, bu eşq
Dünyama,
Astaca “hardasan, gəlim”?
Deyərsən?
Desəm saçlarımı oxşayan əl
Ol,
Hər an sevgi qoxan ətirli
Gül ol,
Mənə ümid verən şirin bir
Dil ol,
Sarılıb boynuma “olum”
Deyərsən?
Desəm, gəl qəlbimi oyat
Döyünsün,
Sevginə bürünüb, eşqlə
Öyünsün,
Bir səbəb tapsın da gülsün,
Sevinsin,
“Gəlim bir ömürlük qalım””
Deyərsən?
Aradan çox qısa zaman
keçməmiş,
Hələ telefonum əldən
Düşməmiş,
Qapıdan bu yandan
“kimsən” deməmiş,
O yandan gülərək “gəlim”
Deyərsən?
O DEYİRSƏN HA
O deyirsən ha,
Bir gün gələcək
Sevinəcəm mən də
Tutuacam bir sevinc kələfinin
Ucundan
Və gedəcəm sevinə-sevinə bir ömürün
Boyunca.
Bax elə o gün ki, gəlməz ki, gəlməz...
Elə o bir gün üçün yaşarsan əslində,
ən çox da elə o gün üçün ağrıyar
ruhun.
Hər sabah o gün olacaqmış kimi
Oyanarsan,
Qaçarsan işə, gücə, qarışar başın..
Və bir də günün sonunda baxarsan ki,
Bu gün o gün deyilmiş sən demə...
Bu gündən sabaha isə bir sınıq
Ümidin qalar,
Içini doğraya-doğraya...
O deyirsən ha,
Barı bir insana güvənim,
Bir dostum olsun,
Dost deyirəm ha sənə...
Hətta bir az da içini açarsan nə olur
Nə olmaz deyə...
Bax elə o insan olar səni insanlara
Küsdürən,
Təkliyə yoluxduran...
O deyirsən ha,
Bu nə sevməli ürək,
Bu nə tutulası əl,
Bu nə gözəl insandır deyə.
Bax elə o ürək olar ürəyinin ağrısı,
O əl olar əllərinin boşluğu,
O kəs olar ümidsizlik çoxluğu...
İllərinə baxarsan,
Baxarsan,
Sonra dəli kimi qışqırmaq gələr
Içindən,
Sonra da heç nə,
Dəli kimi susarsan...
O deyirsən ha,
Bu nə yaşamalı arzudur,
Bu nə xoş xəyaldır.
Içindən də bir gözəl yaşamaq keçər
Bu arzunu,
Bu xəyalı...
Bax elə, ən çox da o arzunun
Ayağından daş asılar,
Bir türlü gerçək olmaz ki, olmaz...
O deyirsən ha,
Bir daha nə sevmək olsun,
Nə güvənmək,
Nə də...
Yenə də açarsan içini heç nə
Olmamıış kimi,
Paylaşarsan hər şeyi.
Danışarsan Söz dilində,
Ya da bir melodiya,
Ya da ki bir Şəkil dilində...
Bir də güvənmərəm demə,
Güvənəcəksən yenə,
Həm də necə...
Bir də sevmərəm demə,
Sevəcəksən yenə,
Həm də necə...
Bütün dünyanı,
Bütün insanları sevəcəksən yenə,
Həm də necə...
Bilirsən niyə?
Çünki, sən daş deyilsən!
Çünki sən İnsansan!..
Hazırladı: Tahirə AĞAMİRZƏ