14.07.2025, 11:40
AZ EN
13.07.2025, 18:01 111

Hər gün ovcundakı xoşbəxtliyə bax…

YARADICILIQ
  • İstedadlı şair, AYB-nin üzvü Fəxrəddin Teyyub 1950-ci ildə aprelin 23-də Lənkəran rayonunun Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə qədəm qoyub. Xolmili kənd orta məktəbində isə təhsilini başa vurub. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna daxil olub və 1980-ci ildə bitirib. 1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olub.

1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir.

Fəxrəddin Teyyub məktəb illərindən bədii yaradıcılığa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub. “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin bir çox ədəbi dərgiləri və toplularında şeirləi dərc edilib. “Həsrətin ünvanı”, “Kölgəm mənim yol yoldaşım”, "Mən səninlə barışmaram", "Ruhların sevindiyi gün" və başqa kitabların müəllifidir. Şairin Vətənlə, həyatla bağlı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.   

 

 QOŞA AND

 

Min yol sığalladım başını sənin,
Ölərəm, məndən üz çevirsən, Vətən!
Sevdim kəsəyini, daşını sənin,
Sən məni nə qədər sevirsən,Vətən!

 

Demə qılıncımı sıyırmamışam,
Toxunub qismətin daşa, sevmişəm.
Mən səni anamdan ayırmamışam,
Mən səni anamla qoşa sevmişəm.

 

Gözümdə sevgiyə bələnən taxtsan,
Qəlbimdə yerin var Günəş, Ay qədər.
Alnıma yazılan talesən, baxtsan,
Tanrının verdiyi şirin pay qədər...

 

Yolunda yanaram külümə kimi,
Ağrıtmaz sinəmi hər atılan ox.
Yol var ürəyimdən dilimə kimi,
O yolun yolçusu sənsən, özgə yox.

 

Ruhumu uçurdan qol-qanadım var,
Göydə Allahımdı, yerdə vətəndi.
Mənim bu dünyada iki andım var,
Bir ana südüdü, bir də vətəndi.

 

MƏNDƏN TORPAQ ƏTRİ GƏLİR, DEYƏSƏN

 

Məndən torpaq ətri gəlir, deyəsən

Bir gündə düşürəm neçə hala mən.

Ümidlər yavaşca ölür deyəsən.

Çıxmışam qüruba gedən yola mən.

 

Məndən torpaq ətri gəlir deyəsən.

Yaralı durnadı adam elə bil.

Həsrətlə baxırsan göyün üzünə.

Nə vaxtdı toylara yadam elə bil.

 

Məni yas yerləri çəkir özünə.

Bilmirəm, nə göyəm, nə yerəm indi.

Vurulmaz bəxtimə naxışlar daha

Düz yolu bir təhər gedirəm indi.

 

Gözləməz yolumu yoxuşlar daha.

Arzuna çatmırsan, gəlib keçir il.

Necə düşməyəsən yaz həvəsinə?

Demirəm nəğmələr könlümcə deyil.

 

Meylimi salmışam azan səsinə.

Bir gündə düşürəm neçə hala mən.

Ümidlər yavaşca ölür deyəsən

Çıxmışam qüruba gedən yola mən.

Məndən torpaq ətri gəlir deyəsən.

 

OĞLUM

 

Hamının gözündə dağam, qarım yox,

Sözümdən savayı elə varım yox.

Demirəm mələyəm, günahlarım yox,

Nə üzü qarayam, nə ağam, oğlum.

 

Səhv edib, ümmanda batandan öyrən,

Aranı vurandan, qatandan öyrən.

Özgədən öyrənmə, atandan öyrən,

Özüm imtahanam, sınağam, oğlum!

 

Məni ayaq üstə saxlar inadım,

Sənsən bu dünyada qolum, qanadım,

Görmüsən haqsıztək çəkilsin adım?

Nə danlaq, nə də ki, qınağam, oğlum!

 

Dostun qəlbin oxu, niyyətini bil,

Yoxla etibarın, qeyrətini bil,

Ananın qədrini, qiymətini bil,

Mən anam sarıdan sınığam, oğlum!

 

Özün bil, demirəm kimə, nəyə bax,

Elə ki, yuxudan durdun, göyə bax,

Hər gün ovcundakı xoşbəxtliyə bax

Sənə beş-on günlük qonağam, oğlum!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər