21.11.2024, 17:10
AZ EN
04.08.2024, 17:00 313

Gözün aydın olsun, ay laçınlı qız…

YARADICILIQ
  • İstedadlı şair Ələsgər Əlioğlu 1953-cü ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1974-cü ildə Gəncə Pedoqoji Universitetini bitirib. Bir müddət pedoqoji sahədə çalışıb.

Ələsgər Əlioğlu 10-dan çox kitabın müəllifidir. Şeirləri müxtəlif dillərə tərcümə edilib. Onun uşaq şeirləri ibtidai siniflərin dərsliklərinə və sinifdənxaric oxu kitablarına daxil edilib. Müəllifin şeirləri ali məktəblər üçün hazırlanmış “Uşaq ədəbiyyatı” dərsliyində də yer alıb. Bu günlərdə Şuşaya, Laçına səfər edən Ələsgər Əlioğlunun Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM

Bağışlasın şəhid oğullarımız,

Laçından bir ovuc torpaq götürdüm.

Gözün aydın olsun, ay laçınlı qız,

Mən sənə bir ovuc torpaq gətirdim.

 

Gözlərim büründü qəmə, qəhərə,

Səpdim məzarına bir ovuc Laçın.

Sən həsrət qalmışdın o doğma yerə,

Qoy barı məzarda eynini açım.

 

Dur, bir az azalsın sinəndə dərdin,

Əlimdən gələni elədim, nə qəm...

Həmişə oturub-durub deyərdin,

Laçının üzünü görsəm ölmərəm.

 

Yenidən nur saçdı ata ocağın,

Qohumu-qonşunu başla sorağa...

Səpdim məzarına bir ovuc Laçın,

Arzuna qovuşdun, di qalx ayağa.

 

Laçın həsrətiylə dərd çəkə-çəkə,

Duymazdın axşamdı, yoxsa səhərdi.

Bilsəydin Laçına gedirəm bəlkə,

Gedə bilməsən də,

Başdaşın qoluma girib gedərdi...

 

Bağışlasın şəhid oğullarımız,

Laçından bir ovuc torpaq götürdüm.

Gözün aydın olsun, ay laçınlı qız,

Mən sənə bir ovuc torpaq gətirdim...

28.07.2024

 

LAÇINA GƏLMİŞƏM

Ömür-gün yoldaşım İradə xanımın xatirəsinə

 

Laçına gəlmişəm, yer-yurd arayam,

Yaddaşlarda batan hayam, harayam...

Bu yurdun yanında üzüqarayam,

Mən qoşa getmişdim, tək qayıtmışam.

 

Ölüm-itim nədir, bilməmişəm ha.

Doyunca danışıb-gülməmişəm ha ...

Bu elə əliboş gəlməmişəm ha,

Sinəm həsrət dolu yük, qayıtmışam.

 

Keçdiyim bir ömür yolu yuxuymuş,

Bəzən xatirələr qara qorxuymuş...

Çəkmə imtahana məni ay yoxuş,

Daşı ətəyindən tök, qayıtmışam.

 

Sən də ay Həkəri, bil nədir dərdim,

Mənim illərimdən şən-şən ötərdin...

Bir vaxt şəklimizi qoşa çəkərdin,

Gəl indi tək durum, çək, qayıtmışam.

 

Hər cığırın, izin sinəmdə dağdır,

Ötən gəncliyimdən səsdir, soraqdır...

Hisslərim yararsız qalan torpaqdır,

Ay Laçın, di şumla, ək, qayıtmışam.

Mən qoşa getmişdim, tək qayıtmışam!

23.07.2024

 

M Ə N İ M

Bu obanın baharı da,

Qışı da mənimdir, mənim.

Odununun qurusu da,

Yaşı da mənimdir, mənim.

 

İstisi də, sazağı da,

Yaxını da, uzağı da,

Dağlarının ayağı da,

Başı da mənimdir, mənim.

 

Çirkini də, göyçəyi də,

İlanı da, mələyi də,

Qoynundakı çiçəyi də,

Daşı da mənimdir, mənim.

 

BU YAZ...

Bu yazın yolunu gözləmişəm çox,

Bu yazın ucundan sızlamışam çox.

Kolların dibini izləmişəm çox, -

Bu yazın nazını çəkəsiyəm mən.

 

Bu yazın yaxından gördüm üzünü,

Bu yazın dilindən nəğmə süzülür.

Qışın ağlığından doyan gözümü,

Bu yazın gözünə dikəsiyəm mən.

 

Bu yazın önündə durmaq çətindir,

Bu yazın hənrindən qar da çəkindi...

Çılğın hisslərimi noğultək indi,

Bu yazın başından tökəsiyəm mən.

 

Bu yazın eşqindən köksüm qabarır,

Bu yazın ilhamı haray qoparır.

Payızdan qəlbimdə qalan qubarı,

Bir yaşıl yarpağa bükəsiyəm mən, -

Bu yazın nazını çəkəsiyəm mən...

1980

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər