Kamal Fərhadoğlunun şeirləri bir çox qəzet və jurnallarda çap edilib, dörd kitab müəllifidir. Onun şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
BÖYÜK SƏRKƏRDƏ
Qələbə qazandıq, zəfər çalındı,
Düşmən məhv edildi, başı əzildi.
Ağdamın, Laçının, gözəl Şuşanın,
Həsrətin çəkirdik gör neçə ildi.
Əhsən belə xalqa, belə Orduya,
Düşmən çaş-baş qaldı, beli qırıldı.
Yollarda, izlərdə, dərə-təpədə,
Gavur kəlləsindən qala quruldu.
Diplomatiyası, komandanlığı,
Çox gözəl alındı, uğurlu oldu.
Milli Qəhrəmandır İlham Əliyev,
İblisdən, şeytandan qisasın aldı.
Əhsən Ordumuza qalxıb ayağa,
Gözəl Şuşamızı tez azad etdi.
Bir əlində bayraq, bir əldə silah,
Kəlbəcərə doğru inamla getdi.
Xalqımız Orduyla, Baş Komandanla,
Bir oldu, birləşib yumruğa döndü.
Qubadlı bizimdir, Ağdam bizimdir,
Gördüyüm bu günlər nə gözəl gündü.
İndi Azərbaycan əsgəri, eşit,
Başını uca tut, adınla öyün.
Düşmən hərdən çaşıb başın qaldırsa
Yumruqla onların başına döyün.
Canım Azərbaycan, iki gözümsən,
Şöhrətin yayılıb hey eldən-elə.
Gözəl qələbədən sonra xalqımız,
Haqqı var öyünə, haqqı var gülə.
Ömrün uzun olsun, böyük Sərkərdə,
Bütöv Azərbaycan çox sevir sizi.
Uzun illər xalqım qəmə batmışdı.
Dağa döndərdiniz siz qəlbimizi.
Xankəndi, 2025.
QƏHRƏMAN YAŞADI, QƏHRƏMAN ÖLDÜ
Vətən igidiylə, qəhrəmanıyla,
Sevinər, öyünər, həm qürur duyar.
Anasın, bacısın, Vətənin sevən,
Torpağın uğrunda öz canın qıyar.
O yurd, o məmləkət ad-san qazanar,
Onun Vətən sevən bir mərdi olsun.
Qəhrəman böyüdən, cəsur yetirən,
Ananın dünyada nə dərdi olsun.
Uca tutdu başın hər an Xocalı,
İgidlər sonadək dözüb qaldılar.
Torpağın uğrunda həyatın verən,
Şəhidlər Vətənə qurban oldular.
Naxələf olmadı bir oğlun, qızın,
Gavurla üz-üzə dayandı hamı.
Atılan güllədən, mərmi səsindən,
Qaranlıq gecədə oyandı hamı.
O gecə son damla qanına qədər,
Döyüşdü, vuruşdu Əlif düşmənlə.
Uzaqda dayanıb dura bilmədi,
Aqil də döyüşdü gəlib düşmənlə.
Davud Haqverdiyev hünər göstərdi,
Qızları çıxartdı o dəstə- dəstə.
Ah-nalə qalxmışdı uca göylərə,
Bir fəryad, bir təlaş vardı hər səsdə.
Qəhrəman yaşadı, qəhrəman öldü,
"Mixaylo" ləqəbin almışdı Tofiq.
Anasın, bacısın qoruyan zaman,
Mühasirədə tək qalmışdı Tofiq.
Özünü partlatdı qumbara ilə,
Qeyrəti qoymadı o əsir olsun.
Elini, gününü qorumayanlar,
Belə oğulların qadasın alsın.
Tofiqi, Əlifi yetirən millət,
Qəm yeməz, dərd çəkməz, vüqarlı olar.
Qaniçən cəlladdan qisasın alan,
Əliflər, Tofiqlər bu gün yenə var.
Hər zaman bir olub, bir addım atıb,
Dünyanı gavura dar etməliyik.
Üçrəngli bayrağı qaldırıb göyə,
Qarabağdan Göyçəyə getməliyik.
Xankəndi, 2026
Hazırladı: Mina RƏŞİD