21.11.2024, 21:33
AZ EN
01.12.2022, 16:55 316

MİN DƏRDƏ DƏVASI VAR QUBADLIMIN

YARADICILIQ
  • Ədəbi mühitdə öz dəsti-xətti ilə tanınan Aydın Mürvətoğlunun şeirləri oxucuları tərəfindən sevilərək oxunur. O, 1971-ci ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsii və idman akademiyasına daxil olub. 1992-ci ildə  torpaqlarımızın azadlığı uğrunda gedən Birinci Qarabağ müharibəsində iştirak edib. 1996-cı ildə ordudan təxris olunub.

Ailəlidir, 2 övladı var. Oğlu hal-hazırda N saylı hərbi hissədə xidməti Vətənə borcunu yerinə yetirir.

Aydın Abışovun şeirlər bir çox mətbu orqanlarda işıq üzü görüb.

Onun Vətənlə bağlı şeirlərindən bir necəsini oxucularımıza təqdim edirik.

 

QAYIDIŞIN MÜBARƏK, QARABAĞ

 

Otuz ildə yandı, yandı, kül oldu,

Göz yaşları dayanmadı, sel oldu,

Doğma yurddan köçkün  düşən el oldu,

Qan ağladı, həsrət çəkdi, Qarabağ,

Qayıdışın mübarəkdi, Qarabağ!

 

Əsgərimin nəfəsində qayıtdın,

Qız-gəlinin vay səsində qayıtdın,

Anaların naləsində qayıtdın,

Hər şəhidin bir mələkdi, Qarabağ,

Qayıdışın mübarəkdi, Qarabağ!

 

Mərd oğullar döndü pələng, şir oldu,

Hər qayası, hər bir daşı pir oldu,

Azərbaycan bütövləşdi, bir oldu,

Vətən üçün bir ürəkdi, Qarabağ,

Qayıdışın mübarəkdi, Qarabağ!

 

Könüllərdə niskil olmaz bu yerdə,

İnsan ömrü vaxtsız solmaz bu yerdə,

Kədərlənib gözlər dolmaz bu yerdə,

Başdan-başa gül-çiçəkdi, Qarabağ,

Qayıdışın mübarəkdi, Qarabağ!

 

QUBADLIM

 

Dörd yanı yamyaşıl, meşəli, çöllü,

Buz kimi bulaqlar, çaylaqlı, göllü,

Ətrindən doyulmaz, çiçəkli-güllü,

Çox gözəl səfası var Qubadlımın!

 

Dolansan dağları duman içində,

Çalış azmayasan güman içində,

Yaxşılar içində, yaman içində,

Qonağa vəfası var Qubadlımın!

 

İlahi qüvvədir bunu yaradan,

Burda qəlb təmizdir, heç ağrımaz can,

Hər bir möcüzəsi təbii dərman,

Min dərdə dəvası var Qubadlımın!

 

Laylasın Bərgüşad çalır hər yerdə,

Quşlar yurd-yuvasın salır bu yertdə,

Xəstələr şəfasın alır bu yerdə,

Tər-təmiz havası var Qubadlımın!

 

QOCALIB GƏLMİŞƏM

 

Salam Vətən, salam oba, salam el,

Qocalıqda görüşünə gəlmişəm.

Salam dərə, salam zirvə, salam çol,

Qocalıqda görüşünə gəlmişəm.

 

Yurd yerimiz viran olub, talanıb,

Sinəm üstə dərdindən od qalanıb,

Göz yaşlarım buludlara calanıb,

Qocalıqda görüşünə gəlmişəm.

 

Həyatımın gözəlliyi yox olub,

Köçkün adı taleyimə ox olub,

Aylar-aydan, illər-ildən çox olub,

Qocalıqda görüşünə gəlmişəm.

 

Nə müddətdir uzaq qaldım elimdən,

Qürbət aldı gəncliyimi əlimdən,

Vətən, adın heç düşməyib dilimdən,

Qocalıqda görüşünə gəlmişəm.

 

Sənsiz ömür ürəyimə köz oldu,

Bacardığım kor etdiyim göz oldu,

Axırı ki, yuxularım düz oldu,

Qocalıqda görüşünə gəlmişəm.

 

Qəm asılmış budağımı görməyə,

Külü qalmış ocağımı görməyə,

Bəlkə sondur, o çağımı görməyə,

Qocalıqda görüşünə gəlmişəm.

 

Hər halına qurban olum, can, Vətən,

Dörd tərəfin qan qoxuyur, qan, Vətən,

Məzar üçün ən rahat ünvan Vətən,

Qocalıqda görüşünə gəlmişəm.

 

İstəyirsən mən qadanı alım, de,

Susma, bircə salamıma salam de,

Mən də sənin bir balanam, balam de,

Qocalıqda görüşünə gəlmişəm.

 

Bəzənmişəm həsrət adlı naxışla,

Yu könlümü yağan qarla, yağışla,

Gec gəldimsə, Vətən, məni bağışla,

Qocalıqda görüşünə gəlmişəm.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər