26.06.2025, 03:05
AZ EN
01.12.2022, 14:41 744

Azərbaycan – qayalarda bitən bir çiçək...

YARADICILIQ
  • Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür. O, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya gəlib. Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən  şair sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Nəşriyyatında “bədii ədəbiyyat” redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib işləyib. O, “Ədəbiyyat və İncəsənət” qəzetində də baş redaktorun müavini kimi çalışıb. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

Unudulmaz şair 2004-cü ilin dekabr ayının 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Şeirləri dillər əzbəri olan, əsərləri şagirdlərimizə tədris edilən, Vətənin - Azərbaycanın sözlə rəsmini, onun xəritəsini çəkən böyük şairin bir neçə şeirini oxuculara təqdim edirik.    


ƏSGƏR MƏKTUBU

 

Əsgər məktubları alıram hərdən,

Məhəbbət, cəsarət, dəyanət dolu.

Neçə tərifçinin təriflərindən

Bir əsgər məktubu gərəkli olur.

 

Əsgər nə istəyir? – bir təzə nəğmə.

Nəğməsiz darıxır əsgər tüfəngi.

Bir əsgər qəlbində qopan zümzümə

Bir Vətən daşını isidəcəkdir.

 

Bir əsgər yazır ki, “sərhədçiyəm mən.

Əlimdə tüfəngdir, dilimdə şeir.

İnamla, qeyrətlə qorunur Vətən.

Bunlarsız silahlar lal-kardır”, – deyir.

 

Bir nəğmə əsgərin dodaqlarında,

Sərhəd küləyinə həmsöhbət olar.

Bir nəğmə əsgərin barmaqlarında

Tətiyə söykənən cəsarət olar.

 

Əsgər məktubunda torpaq göyərir,

Meşələr uzanır ufüqlərəcən.

Əsgər məktubunda bir dağ göyərir –

Ətək də Vətəndir, zirvə də Vətən.

 

Əsgər məktubunda quş səksəkəsi,

Əsgər məktubunda qaya təmkini.

Bir nişan həsrəti, bir toy həvəsi

Hər sətri keşikçi nidası kimi...

 

Əsgər məktubunun cavabı çətin,

Əsgər məktubunun cavabı asan.

Yetişməz əsgərə söz məhəbbəti,

Yetişməz, sözlərin əsgər olmasa.

 

 

VƏTƏN MƏNƏ OĞUL DESƏ...

 

Buyruqlara sığışmayan inaddım,

Çox qanadlar yorub salan qanaddım.

Ulduzlara barmaq silkib, daş atdım;

Nizamlara baş əyməzdi nizamım.

 

Qayaları haçalardı qüdrətim,

Buludları parçalardı qüdrətim

Şimşəkləri qıçalardı qüdrətim,

Yorulanda nur mizrablı ozanım.

 

O selablar seləliyim yalanmış,

Ötən günlər çalağanmış, çalanmış.

Bircə kövrək xatirələr qalanmış,

Onu da ki, ha çevirim, ha sanım...

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim -

Xəzanımdır, xəzanımdır, xəzanım.

 

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdi yazanım...

 

VƏTƏN DESİN!

 

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.

     

 AZƏRBAYCAN – DÜNYAM MƏNİM

 

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

 

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

 

İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

 

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

 

Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər