21.11.2024, 21:59
AZ EN
23.11.2022, 15:20 628

Bu gün Vahid Əzizin doğum günüdür

YARADICILIQ
  • Doğma torpaqlarımızın 30 illik həsrəti əsl söz sahiblərinin mənəvi dünyasında böyük təlatümlər yaradaraq onların qələmini süngüyə çevirmişdi. Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı Zəfər bu qələm adamlarının qəlbini riqqətə gətirdi. Onlar öz əsərləri ilə savaşın hər anını, gününü izləyir, sanki bir əsgər kimi özlərini cəbhədə hiss edirdilər. Belə söz xuridarlarından biri də xalq şairi Vahid Əzizdir.

O, 1945-ci il noyabr ayının 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Onun ailəsi Tərtər rayonuna köçdüyündən Vahid Əziz orta məktəbi 1963-cü ildə burada bitirib. O, əmək fəaliyyətinə Əli Bayramlı şəhərində “Şirvanneft” trestində başlayıb.

1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.

1991-1997-ci illərdə Yazıçılar Birliyi idarə heyətinin katibi olub. Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri vəzifəsində işləyib.

O, peşəkar bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeiri ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Vahid Əziz bədii tərcümə ilə də məşğul olur. Onun 40-dan çox mahnısına musiqi bəstələnib. Şair Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə səfərdə olub.

Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021) “Xatirə nişanı” ilə təltif edilib. “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, “Dözmək olmur" və “Param-parça illər” adlı kitabların  müəllifidir.

Bu gün dünyaya gəlişi münasibətilə şairi təbrik edir və onun bir neçə şeirini oxuculara təqdim edirik.

 

AZƏRBAYCANDIR QARABAĞ!

 

Doğmadır torpağı, daşı,

Türk övladı vətəndaşı,

Ömrü-günü, can sirdaşı;

Biri alov, biri ocaq -

Azərbaycandır Qarabağ!

 

Tanıyarlar boyumuzdan -

İrsimizdən, soyumuzdan,

Su içər öz quyumuzdan

Biri gövdə, biri budaq -

Azərbaycandır Qarabağ!

 

Dünya dünya olan gündən

Varlığımız ona Vətən,

Biri-ürək, biri-bədən;

Hər ikisi Ulu torpaq -

Azərbaycandır Qarabağ!

 

Baba adı "Odlar Yurdu",

Keşikçisi igid Ordu,

Biri-alov, biri ocaq -

Bizimdir, bizim olacaq -

Azərbaycandır Qarabağ!

 

BU GÜN BİR AYDIR Kİ, YURD SAVAŞDADI

 

Bu gün bir aydır ki, Yurd savaşdadı,

İrəli gedirik, yalnız irəli.

Sıxılma, Qarabağ, demə - "Uzandı...",

Qərinə yanında bir ay nədir ki?

 

Göz var - Otuz ildir, inan ki, yatmır,

Zəfər ümidsizin ağlına batmır.

Misralar hönkürdüm Şuşaya çatmır,

Mərmi bağıranda haray nədir ki?

 

Düşmən öz zatına söyüb qaçacaq,

Başına, gözünə döyüb qaçacaq,

Sürünə-sürünə vaylar çalacaq;

Hələ çox salacaq, bu vay nədir ki?

 

Payız təzə girib, yay bizimkidi,

Yaslar düşmənlikdir - toy bizimkidi,

Hesabın itirib, say bizimkidi,

Fələyin saydığı o say nədir ki?

 

Yaşadıq yüzlərlə ağır ayları,

Düşmən əsir etdi coşan çayları,

Qarabağ tanıyar bizim soyları,

Soyumuz yanında o soy nədir ki?!

 

Bu gün bir aydır ki, Yurd savaşdadı,

Biz dedik - "adam ol" düşmən başladı,

Sıxılma, Qarabağ, otuz il dözən -

Qərinə yanında bir ay nədir ki...

 

QƏRİBƏ TALEYLİ ŞƏHƏRDİ ŞUŞA…

 

Qəribə taleyli şəhərdi Şuşa,

Səkkizi getmişdi, Səkkizi gəldi,

Coşdu “Xarı bülbül” laləylə qoşa,

Süsəni, sünbülü, nərgizi gəldi.

 

Hər daşı, çiçəyi nəğmə-şeirdi,

Sınağa çəkəni ”xeyirlə”, ”şərdi”,

Qürbətdə lal olub qəribsəyirdi,

Özünə bülbülün nəğməsi gəldi.

 

Qiyamət gününün vaxtı yetişdi,

Hər əsgər düşmənlə şirtək döyüşdü,

Yürda son baharın ayağı düşdü,

Zəfər nəğməsinin nəfəsi gəldi.

 

Şiş qaya üstündə Xan şəhəridi,

Yurdun incisidi, can şəhəridi,

Qiyamət gününün vaxtı yetişdi,

Hər əsgər düşmənlə şirtək döyüşdü.

 

Şuşamız əbədi bizə qalacaq,

Hələ çox qisaslar Vətən alacaq,

Dünya çöhrəsinə heyran olacaq,

İlhamlı yeni bir əsərdi Şuşa,

Qəribə taleyli şəhərdi Şuşa…

 

İKİ FATEHİ VAR İNDİ DÜNYANIN…

 

Rədifin kim pozar Tanrı yazanın?

Hər sözdə cəsarət, mərhəmət, inam,

İki fatehi var indi dünyanın;

Birisi – Ərdoğan, birisi – İlham.

 

Sevdim həm keçmişi, həm gələcəyi,

Suyundan çəkiblər Dədə Qorquda,

Oldular bir canın iki ürəyi,

O da Türk övladı, Türk oğlu bu da!

 

Onlar elə igid, o cürə sirdaş -

Türklərdən, bax, belə ərlər doğulur,

İlhamla – Ərdoğan əbədi qardaş,

Azadlıq torpaqla – qannan yoğrulur.

 

Elə qucaqlaşdı bu iki nəhəng-

Tanrı gülümsədi göyün üzündə,

Düşmən nəkaradı? – dağ da yenəcək,

Kişi dayananda Kişi sözündə!

 

***

Bitdi Qələbəylə hicranın sonu,

Xəbərdən bülbüllər gəldilər cuşa,

Gənclik illərində görmüşdü onu -

Səsindən tanıdı İlhamı Şuşa.

 

Əlini çiyninə qoyub oğlunun,

Öndər danışırdı – hər sözü almaz!

Mən canlı şahidi olmuşdum bunun:

“Şuşanı qorusan – Vətən basılmaz”!

 

Ellər yaşadacaq xatirələrdə -

Dastanlar yazdırar xilaskar oğlu;

İlhamı kövrəldən sevinc qəhəri,

Hamıda qürurlu göz yaşı oldu…

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər