18.06.2025, 21:24
AZ EN
18.06.2025, 16:59 85

Göyçəmizə yağış yağır...

YARADICILIQ
  • Cəbrayıldan olan istedadlı, tanınmış şairimiz Musa Aslanxanlını oxucularımız yaxşı tanıyır. Bu il sevimli şairimizin 75 illik yubileyi qeyd edilir. Bu münasibətlə Yazıçılar Birliyi şairi Beynəlxalq Rəsul Rza mükafatı ilə təltif edib. Biz də, hörmətli Musa müəllimi 75 illiyi ilə bağlı  özünün “Vətən səsi”nə təqdim etdiyi şeiri ilə təbrik edir, ona cansağlığı və uğurlar arzulayırıq.

Qeyd edək ki, "Qarabağa yağan yağış" adlı bu dəyərli şeir nümunəsi 2018-ci ildə yazılıb. Buna görə də şeirdə Qarabağ həsrəti də var, Qərbi Azərbaycan harayı da...

 

QARABAĞA YAĞAN YAĞIŞ
 

Susuz qalan ağac kimi
quruyuram,
axı nədən yerlər çat-çat,
göylər sağır?..
Bir az məndən uzaqlarda,
Qarabağa yağış yağır...
      ***
Uçurumun kənarında
qayğılarla yüklənmişəm,
Zaman- zaman ətalətdən, susqunluqdan
çirklənmişəm...
Bu mənzərə necə ağır...
Bir az məndən uzaqlarda
Qarabağa yağış yağır...

 

O yağışın möhtacı mən...
O torpağın susuz qalan ağacı mən...
Duruluğum, diriliyim-
Duru yağış, diri yağış, ruhuma yağ,
çəkilməsin suyum mənim…
Əyilməsin qəddim mənim,
boyum mənim.
İtirmişəm daha nələr?..
Qarabağa yağan yağış,
Sənsiz ömrüm səhralara dönə bilər...
       ***

Özümüzə dönməliyik,
Özümüzə-
Ləyaqətə,
Həqiqətə,
Qətiyyətə!..
Bu yoxluqlar üzündənmi
Mən hələ də belə aciz, belə fağır?..
Bir az məndən uzaqlarda
Qarabağa yağış yağır...

 

Yolda qalan köçümüzə,
O üzdəki Şəkimizə,
Göyçəmizə yağış yağır...
Niyə, niyə o buluddan,
o şimşəkdən, o yağışdan,
uzaq düşdük?..
Ömrə-günə yazılacaq
çox alqışdan uzaq düşdük...
O qaralan buludların şirinıiyi
məndən uzaq,
Qınaq, töhmət havasını necə udaq?..
Harda qaldıq,
Axı hansı xəyaldaydıq?-
Xalqın fikri ayaqlanıb,
Qürurumuz laxlananda…
Mənası yox təriflərlə, tənqidlərlə
Gözlərimiz bağlananda…
Darılıram nəfəs-nəfəs…
Bu suallar bizə gəlib,
Başqasından cavab gəlməz!..
O cavablar olmalıdır yolumuzda, izimizdə…
O yağışın həsrətini on illərdir
yaşatmışıq qəlbimizdə!..
              ***
Dözəmmədim,
parçaladım köynəyimin yaxasını!..
Dözəmmədim, yan-yörəmdə hava ağır...
Özümüzə-
Ləyaqətə,
Həqiqətə,
Qətiyyətə
Dönməliyik - vaxt o vaxtdır!..
Ürəyimin şəkilimi düşüb yerə?-
Çat-çat olan yer, darıxir...
Başım üstə
Buludları seyrəkləşən göy darıxır...

Qarabağa yağan yağış,
Sorağımsan, yağ o yerə-
O yerlərdi səmtim, yönüm...
O torpaqda tarixim var,
Zərrəsində - ömrüm-günüm...
Zərrə-zərrə hop canıma.
Vüsala dön, uğur gətir,
vüsal gətir hər anıma!..
Su istəyir ümidlərim,
çat-çat olub ilim, ayım…
Yağ qəlbimə, varlığıma,
saralmayım, qaralmayım, qurumayım...
Yağan nurmu?..
Gərək mənim varlığıma nur qarışa!..
Boylanıram, üz tuturam,
yüyürürəm o yağışa!..
Necə dözüm,
O yağışın havasından uzaqlarda
Axı necə nəfəs dərim?..
Dözəmmirəm, o yağışın havasına yüyürürəm!..
O yağışın havasına təşnə qalıb ciyərlərim!..

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər