2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının fəxri üzvüdür. Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub. “Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir. Bu gün Elməddin Nicatın doğum günüdür, onu təbrik edir və Kəlbəcər havalı şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
Məmməd Dəmirçioğluna
Tanrı dağındakı Şaman babama-
Qan qoxan yuxumu yozana şükür.
Gecədən sabaha uluyan qurda
Sübh çağı oxunan azana şükür.
Ağrım ürəyimdə, girgim içimdə,
Könlü ovuduram sürgün içində.
Bir ömür yaşadıq bir gün içində...
Bir günü, bir ömrə yazana şükür!
Ruhun bənnasıdır uca söz kəsən
Könlü sevdalılar bilir, sən nəsən.
Şair - bal arısı, söz üstə əsən
Şan üstə sızlayan xəzana şükür.
Həsrət qovuşmaqdır, qovuşmaq həsrət,
Bir açıq gözüm var o da bəsirət.
Tanrıdan danışan şairə heyrət
Ürfandan oxuyan ozana şükür.
BU TALE DEDİYİN
Bu tale dediyin su dəyirmanı,
Üyüdər ömrünü dən əvəzinə.
Nə illər itirdik göz qırpımında,
Nə anlar yaşadıq gün əvəzinə.
Ürəkdə çatı var keçən qışların,
Dərd baxır ağrıma, çatıb qaşların.
Üzüm nahar yeri qaranquşların,
Göz yaşı səpirəm dən əvəzinə.
Dil-dil oxutmadım qumru yarı da,
Gərək ki, adamı Tanrı yarıda.
Daha saxlayıram ömrü yarıda,
Verirəm, yaşayar kim əvəzimə?!
ŞƏHİDİM!
Bu il cəbhənin müjdəçiləri göyərçinlər yox,
ilan ağzından çıxmış mərmilər oldu,
Şəhidim!
Nədir üzündəki bu nur, bu işıq,
Bığ yerin yenicə tərləyib
Nə tez şığıdın ölümə
Şəhidim!
Barmağını üzük sıxdı, ürəyini həsrət,
Sevginə sərhəddən başladın,
Toyun çalınmadı, bu nə qismət!
Şəhidim!
Körpəni buraxıb tabutuna sarıla bilmədi anan,
Aranızda qaldı uşağın,
Şəhidim!
Oğlun şəklini əlində saxlaya bilmir,
Sənə böyüdülən şəkil,
Oğlundan böyük,
Şəhidim!
Sevdiyin qıza yazdığın məktubu oxudu,
Səndən sonra əsgər gedəcək biri.
Daşını atdı qız sevməyin,
Dəfn etdi içində eşqini diri-diri,
Ürəyi bağlı gedəcək xidmətə,
Şəhidim!
Bütün şəhid atalarının,
elə bil hamısı eyni boydadı,
ağrı baxışlarını köhnəldib
əyinlərindəki paltar kimi.
boyunları düşüb sol çiyinlərinə
ürəyindən yıxılırlar, onları ayaqda
sol qolları üstündəki
tabutunuza bükülən bayraq saxlayır,
Şəhidim!
Əlvida demirəm, cənab general,
Sənin görüşünə Qarabağdan gələcəm.
Qələbə muştuluğu ilə.
Zəfər qaravuluna düzərsən şəhidlərimi,
ŞƏHİDİM!
AKİF SƏMƏDƏ
Kəlbəcər hara qayıtsın,
Kəlbəcərə biz qayıdaq.
Akif Səməd
Bəxtəvərdik, kef eylərdik,
Qəribliyə ögeylərdik.
Əl verməyən bədöylərdik,
Bizlərə kəmənd atdılar.
Köksüm altı yurd qorudu,
Yağmalandı yurd qurudu.
Gözü kimi yurd qorudu,
Göydəmir, səmənd atdılar.
Kimsə keçməz keçiddilər,
Bizi candan keçirtdilər.
Dərə-dərə kiçiltdilər-
Tovlayıb kənd-kənd atdılar.
Toy oldu toya gəlmədi,
Çapıb da haya gəlmədi.
Bilmədin niyə gəlmədi?-
Ay Akif Səməd, atdılar.
QAPINA GƏLMİŞƏM
Məmməd İsmayıla
Əvvəldən taleyi kür idim özüm,
Baxıb göz yaşıma kiridim özüm.
Açıb doqqazının kilidin özüm
Qapına gəlmişəm Məmməd İsmayıl.
Bir salxım yarpağın dərib söyüddən
Seçdim öyüdünü yüz-yüz öyüddən.
Alıb sorağını “Qərib Seyiddən”
Qapına gəlmişəm Məmməd İsmayıl.
Kim saldı araya bu ayrılığı,
İllər böyüdübdü o “üç aylığ”ı.
Tapıb gətirmişəm itən yaylığı
Qapına gəlmişəm Məmməd İsmayıl.
Aşdım zirvəsini qarlı bələnin
Biri də mən oldum sənə gələnin.
Yayınıb gözündən ağacdələnin
Qapına gəlmişəm Məmməd İsmayıl.
Bu qoca palıdda qeyrət dili var,
Bu dağda, dərədə heyrət dili var.
Bir nərgiz dindirdim Məmməd dili var
Qapına gəlmişəm Məmməd İsmayıl.
Keçmiş gələcəkdə qalan o qızdan
Teleqram gələcək sənə bir azdan.
Çıxıb Kəlbəcərdən, durub Tovuzdan
Qapına gəlmişəm Məmməd İsmayıl.
Ötən yaz bilmədim, bu yaz oxşayır,
Bu sənli ab-hava, avaz oxşayır.
Əsrik Kəlbəcərə bir az oxşayır
Qapına gəlmişəm Məmməd İsmayıl.
Hazırladı: Mina RƏŞİD