08.09.2024, 07:45
AZ EN
11.05.2024, 17:43 354

Zəfər sənə yaraşır...

YARADICILIQ
  • İstedadlı şair, Yazıçılar Birliyinin üzvü Gəray Göyyurd 1964 cü ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. 1991-ci ildə BDU-nin şərqşünasıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, Şanlı Qələbəmizə həsr olunan “Şuşa Bəyannaməsi" adlı poema və eyniadlı kitabın müəllifidir. Şairin bu günədək 8 şeir kitabı çap edilib.

Gəray Göyyurdun Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

AZƏRBAYCAN ORDUSU

Xalqımın vuran qolu,
Sabaha baxan gözü.
Vətən, yurd sevgisinin
Heç vaxt sönməyən közü!
Gücünlə eşidilir
Dövlətimin haqq sözü.
Millətimin güvəni,
Düşmənlərin qorxusu –
Azərbaycan Ordusu!

 

Sənin hər zəfərində
Şəhidlərin qanı var.
Yurdumun, dövlətimin
Şəfəqlənən danı var.
Hər kəs sənə borcludur
Kimin ki, vicdanı var!
Sevindirdin vətəni,
Bütün eli, ulusu –
Azərbaycan Ordusu!

 

Varlığını qorudun
Bu vətənin, dövlətin.
Tarixlərə yazıldı
Mərdliyin, sücaətin.
Körpədən qocayadək
Bu xalqın, bu millətin
Minnətdarlıq hissi var
Sənə ürək dolusu,
Azərbaycan Ordusu!

 

Başımızın tacıdır
Hər zabitin, əsgərin.
Qəhrəmandır, igiddir,
İnan ki, hər nəfərin.
Bu dünyaya səs saldı
Sənin şanlı zəfərin!
Səni vəsf eləməyə
Söz acizdir doğrusu,
Azərbaycan Ordusu!

 

Xoş gündüzlü sabahlar,
Səhər sənə yaraşır,
Qəhrəmanlıq, igidlik,
Hünər sənə yaraşır,
Boyuna biçilibdir
Zəfər sənə yaraşır!
Tanrı sənə yar olsun,
Allah səni qorusun,
Azərbaycan Ordusu!

19.07.2022

 

ZƏFƏR ŞEİRİ YAZMAQ

Fərəhdən göy üzündə
Quştək uçmaq kimidi.
Vətəni sevgi ilə
Sanki qucmaq kimidi
Zəfər şeiri yazmaq.

 

Bu yurdu, bu milləti
Əzizləmək, öyməkdir.
Şəhidlərin ruhuna
Sayğıyla baş əyməkdir
Zəfər şeiri yazmaq.

 

Qazilərin alnından
Qürur ilə öpməkdir.
Qələbə göz yaşını
Vətən boyu səpməkdir
Zəfər şeiri yazmaq.

 

Orduya, xalqa, dövlətə
Məhəbbətdir, inamdır.
Hər əsgərə, zabitə
Hörmətdir, ehtiramdır
Zəfər şeiri yazmaq.

 

Vətən, millət eşqiylə
Misra-misra yanmaqdır.
Gələn xoş gələcəyə
Ürəkdən inanmaqdır
Zəfər şeiri yazmaq!

19.07.2022

Hazırladı: Mina RƏŞİD

 

Oxşar xəbərlər