25.06.2025, 18:58
AZ EN
14.01.2024, 17:18 665

ZƏFƏR YOLU

YARADICILIQ
  • Əslən Qərbi Azərbaycanın Qaraqoyunlu Mahalının Yanıqpəyə kəndindən olan, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Zöhrə Qaraqızı Məhəmmədova uzun illər Bakıda 155 saylı tam orta məktəbdə dektor vəzifəsində çalışıb. Hazırda təqaüddədir. Pedaqoji fəaliyyət göstərdiyi illərdə  həm də yaradıcılıqla məşğul olub. Uzun illər doğulduğu Qərbi Azərbaycandan ayrı düşən Zöhrə xanımVətəni, həsrətini çəkdiyi torpağını tərənnüm edən şeirləri ilə könlünü ovundurub. Yaradıcılığının ana xətti Vətən sevgisi olan şairə poeziyamıza dəyərli nümunələr bəxş edib.  “Əfsanə”, Mənim nağıllı dünyam”, Sevgi payım”, “Könül boğçası”, “Yolumu gözləyir Kərəm qayası”, “Zəfər yolu” kitabları böyük auditoriya kütləsi qazanaraq oxucuların stolüstü kitabına çevrilib. Qeyd edək ki, Şairənin “Vətən eşqim”  yeni kitabı da çapa hazırlanır. Sevimli şairəmiz Zöhrə Qaraqızının şeirlərindən bir neçəsini “Vetensesi.az”ın oxucularına təqdim edirik. 

 

DAĞLAR SEYRANGAHIM OLAYDI MƏNİM

Çıxaydım "Murğuz "un qarlı, başına,

Dərdimi açaydım torpaq, daşına.

Qarışıb gedəydim mən də qışına,

Dağlar seyrangahım olaydı mənım!

 

Qış ötüb gedəydi, bahar gələydi,

Yarpızı öpəydim, üzüm güləydi.

Lalələr gözümün yaşın siləydi

"Dikdaş"  qibləgahım  olaydı mənim!

 

G[yçəm qurtaraydi zalım əlindən,

Ruhum dincələydi sazın dilindən.

Şadlıq asılaydı sübhün telindən,

Müjdəli sabahım olaydı mənim!

 

Açılsın bənizim, gülsün ürəyim,

Yetişsin yerinə arzum, diləyim,

Zöhrəyəm, şad  günü seçim, ələyim,

Pənahım  Allahım olaydı mənim!

 

                      BÖYÜK OĞU

HEYDƏR ƏLİYEVİ EHTİRAMLA ANIRIQ

 

Böyük Oğul görmüşəm doğma xalqına rəhbər,

Bir ömürdə yaşadı neçə ömrə bərabər.

Keçilməz yollar keçdi, qovdu çəni,dumanı,

Xalqı təhlükədəydi qalmamışdı gümanı.

 

Sinəsin sipər etdi , qalxdı Oğul ayağa,

Qəlblərə işıq saçdı,O çevrildi mayağa.

Milləti bölünmədi ,ayrılmadı heç yerə,

Sınaqdan qalib çıxdı, qalib oldu min kərə.

 

Möhkəm ordu yaratdı,müstəqil dövlət qurdu,

Qəlbinin döyüntüsü Azərbaycanla vurdu.

Böyük Oğul bütövdü hər işində,sözündə,

Azərbaycan ucaldı dünyamızın gözündə.

 

ŞAİR ÖLDÜ DEMƏYİN

Allaha and verirəm,

Şair öldü deməyin!

Əsil şairlər ölmür ,

Şair öldü deməyin!

 

Göydə ildırım çaxar,

Çaylar sellənib axar.

Eli yandırar, yaxar,

Şair öldü deməyin!

 

Yerə qaranlıq çökər,

Təbiət də yaş tökər.

Sevənləri dərd çəkər,

Şair öldü deməyin!

 

Şair sözüylə yaşar,

Elin gözüylə yaşar.

Ruhu dünya dolaşar,

Şair öldü deməyin!

 

Misraları dil açar,

Arzuları gül açar,

Aləmə işıq saçar,

Şair öldü deməyin!

 

Cismən getsə aradan,

Yaşadacaq Yaradan.

Qalmaz heç vaxt duadan,

Şair öldü deməyin!

 

İGİDLƏR

Sizinlə fəxr edir, öyünürük biz,

Tarixi salnamə yazan igidlər!

Siz qürur yerimiz, and yerimizsiz,

Yağının qəbrini qazan igidlər!

 

Tarixə əbədi salmısınız iz,

Hər biriniz Polad, Fərid, Mübariz....

Dünyaya bəllidir hər hünəriniz,

Şəri xeyirliyə yozan igidlər!

 

Hər qarış torpağa verdiniz canı,

Əsirgəmədiniz ürəyi, qanı.

Sizsiz Vətənimin şərəfi, şanı,

İşğal tarixini pozan igidlər!

 

Şəhidlər torpağı yuyub getdilər,

Eli yağılardan təmiz etdilər.

Xalqımız arzuya- kama yetdilər,

Yayılsın minbərdən azan, igidlər!

 

Yandırır yağını odlu nəfəsin,

Uca zirvələrdən gur gəlır səsin.

Oxuyun her yerdə Zəfər nəğməsin,

Vətən sevdalısız, ozan igidlər!

 

KƏNDİMƏ QAYTARIN MƏNİ

Mən qürbəti neyləyirəm,

Mən ki, orda göynəyirəm.

Gecə-gündüz söyləyirəm, 

Kəndimə qaytarın məni.

 

Bu qədər də dərd olarmı?

Vətənsiz insan qalarmı?

Həyatından kam alarmi?

Kəndimə qaytarın məni.

 

Vətən dedim, canım yandı,

Vətənsizəm, nə ad, sandı?

Yurdum mənə şöhrət, şandı,

Kəndimə qaytarın məni.

 

Uluların qəbri orda,

Yurdum qalıb yaman darda.

Qaraqızı ahu-zarda,

Kəndimə qaytarın məni,

Kəndimə qaytarın məni.

 

QƏHRƏMAN ŞUŞAM MƏNİM

 

Ey mənim qeyrət qalam,

Ey mənim  ev- eşiyim.

Sənlə ucadır başım,

Mədəniyyət beşiyim.

 

Cabbarın, Üzeyirin,

Bülbülümün səsisən.

Boyük Xan Şuşinskinin

Sən odlu nəfəsisən.

 

Azərbaycan bir üzük,

Sən də onun qaşısan.

El bilir, aləm bilir,

Şəhərlərin başısan.

 

Zamanın sınağından

Üzüağ, məğrur çıxdın.

Zəfərinlə qəlblərə

Günəş kimi sən çıxdın.

 

Natavanın,Vaqifin,

Şeir, sənət məbədi.

Azad oldun yağıdan,

Yaşayacan əbədi!

 

Şəhidlərin qanıyla

Suvarıldı hər yanın.

Müqəddəs şəhərisən

İndi sən də dünyanın!

 

Qəhrəman Şuşam mənim,

Varlığımsan, canımsan.

Sən döyünən ürəyim,

Şöhrətimşən, şanımsan!

 

MÜBARƏKDİ BU ZƏFƏRİN

Gözün aydın, Azərbaycan.

Sən ürəksən, bizlərə can.

Zəfərinə axıtdıq qan,

Mübarəkdi bu zəfərin!

 

İgidlərin tarix yazdı,

Yağıların qəbrin qazdı.

Könlümüzdə bahar,  yazdı,

Mübarəkdi bu zəfərin!

 

"Dəmir yumruq" düşdü işə,

Düşmənləri çəkdi şişə.

Xaini saldı təşvişə,

Mübarəkdi bu zəfərin!

 

Sərkərdəmiz Vətən canlı,

İgidlərin şöhrət-şanlı.

Torpaqların şəhid qanlı,

Mübarəkdi bu zəfərin!

 

Dünya gördü qüdrətini,

Bu millətin qeyrətini.

Gizlətmədi heyrətini,

Mübarəkdi bu zəfərin!

 

Qoy ucalsın bayrağımız,

Düzəlsin hər növrağımız.

Abadlaşsın torpağımız.

Mübarəkdi bu zəfərin!

 

Göyçədə də zəfər çalaq,

Xocalıya yollar salaq.

Bütövləşək, bütöv olaq,

Mübarəkdi bu Zəfərin!

 

Zöhrənin arzu-diləyi,

Vətənlə vurur ürəyi.

Tam qələbədir gərəyi,

Mübarəkdir bu zəfərin!

 

ÖNDƏR OĞLU

Qəsbkardan torpaqları alırsan,

Qarabağa işıqlı yol salırsan.

Könüllərdə əbədilik qalırsan,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Müasir dövləti Öndər yaratdı,

Odlar yurdu əməlinlə boy atdı.

Həqiqətin səni eldə ucaltdı,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Qətiyyətin şərəf verir insana,

Azərbaycan adı düşüb hər yana.

Qürur duyur indi sənlə hər ana,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Son anda da özün yetdin imdada,

Ucalmısan hər şöhrətə, hər ada.

Sübut etdin qüdrətini dünyada,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Necə şahı mat elədin sən özün,

Makronlara ox olubdu hər sözün.

Qarabağı azad görsün qoy gözün,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Zirvələrdə bayraqların ucalır,

İgidlərin düşmənlərdən öc alır.

Prezidentim öz xalqından güç alır.

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

Sərkərdəmiz öz adını alacaq,

İlham adın xilaskar tək qalacaq!

Qəhrəmanım, Heydər oğlu olacaq,

Öndər oğlu, Heydər oğlu, Ər oğlu!

 

AZƏRBAYCAN

 

Qoy canımı verim sənə,

Al, qanımı verim sənə.

Övlad demə yoxsa mənə,

Sən şərəfim,şöhrətimsən,

Azərbaycan, Azərbaycan!

 

Yaraların üzür məni,

Yurd yerləri gəzir məni.

Həsrət, nisgil əzir məni,

Bil ki, mənim qeyrətimsən,

Azərbaycan, Azərbaycan!

 

Məni dərdə məlhəm elə,

Öz dərdinə həmdəm elə.

Nə bir dərd çək, nə qəm elə,

Sən ki, mənim qüdrətimsən,

Azərbaycan, Azərbaycan!

 

Cənnət məkandır diyarım,

Göyçəm, Laçın, Qarabağım.

Dalğalansın qoy bayrağım,

Bil, ey Vətən, şöhrətimsən,

Azərbaycan, Azərbaycan!

 

Odlar yurdu olub adın,

Damaqlarda qalıb dadın.

Sənə sadiqdir övladın,

Sən əvəzsiz sərvətimsən,

Azərbaycan, Azərbaycan!

 

Bütöv edək sərhədləri,

Təmizləyək biz kəndləri.

Düşmənə çatsın hədləri

Sən yenilməz dövlətimsən,

Azərbaycan, Azərbaycan!

 

Hazırladı:Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər