Qalib Bəyməmmədoğlu 2013-cü ildən Xocalı rayon İcra Hakimiyyətinin orqanı olan "Xocalının səsi" qəzetində bölgə muxbiri və texniki redaktor kimi çalışıb. 2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin və xocalininsesi.az saytının baş redaktoru vəzifəsində çalışır.
Respublika jurnalistlərinin fərdi yazı müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qailibi seçilib.
2013-cü ildən Jurnalistlər Birliyinin, 2022-ci ildən isə Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildən Yeni Azərbaycan Partiyası sıralarına qoşulub. 2021-ci ildə "Bu da mənim ürəyim" adlı şeirlər kitabı işıq üzü görüb. O, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir.
Qalib Bəyməmmədoğlu dünyaya gözünü açdığı Xocalının işğaldan azad edilməsi xəbərini uşaqlıqdan gözləyib və o, bu gün özünü çox xoşbəxt hiss edir. Deyir ki, ən böyük və ən müqəddəs arzumuz həyata keçdi. Artıq bizim qarşımızda yeni missiya var: Bütün varlığımızla yurdumuz üçün çalışmaq və qəzetimizdə Xocalıda aparılan abadlıq-quruculuq işlərini, doğma torpaqılarımızı işıqlandırmaq... Çox şükür ki, Allah bizə bu günləri nəsib elədi.
Qalib Bəyməmmədoğlunun Vətən, Xocalı qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına ərməğan edirik.
TARİXƏ YAZILDI VƏTƏN SAVAŞI
Dözümü poladdan bərk olan xalqın,
Amalı özünə dərk olan xalqın,
Döyüşkən, qeyrətli türk olan xalqın,
Orduya çevrildi hər vətəndaşı
Tarixə yazıldı Vətən savaşı!
Vulkantək püskürüb qalxdı ayağa,
Bir qığılcım döndü sönməz ocağa.
Türkiyə bənzəyir uca bir dağa,
Güc verib qoruyur qardaş qardaşı,
Tarixə yazıldı Vətən savaşı!
Qəhrəman oğullar dastana döndü,
Ürəklər bir oldu, birgə döyündü.
Düşmənlər çatladı, dostlar öyündü,
Gördü gücümüzü o mənfur naşı,
Tarixə yazıldı Vətən savaşı!
Ruhumuz fərəhdən dönüb qartala,
Yetişdik vüsala, çatdıq amala.
Son qoyduq qarətə, bunca işğala,
Azaddır yurdumun torpağı, daşı,
Tarixə yazıldı Vətən savaşı!
Hökmü var hər sözün, hər zamanın da,
Hesablar soruldu haqq divanında.
Ordumuz dərs keçdi ər meydanında,
Silinməz düşmənin qanlı yaddaşı,
arixə yazıldı Vətən savaşı!
Bir vaxt Xətainin güclüydü qolu,
İndisə İlham var hünərlə dolu.
“Dəmir Yumruğ”udur haqqın simvolu,
Düşmənin bir yolluq əzildi başı,
Tarixə yazıldı Vətən savaşı!
AZAD ŞUŞA
“Əziz Şuşa, sən azadsan!”
Zirvələrdə qartal kimi.
Sən ruhuma qol-qanadsan.
Gerçəkləşmiş vüsal kimi.
Qisas üçün savaşaraq,
Neçə sədlər, dağ aşaraq,
Qayaları dırmaşaraq
Gəldi ordum hilal kimi.
Dastan oldu Böyük Zəfər,
Qalib ordu, xalq müzəffər.
Sərkərdəmiz etdi səfər
Bir müqəddəs amal kimi.
Gəlib indi xoş dövranın,
Abadlaşır hər bir yanın.
Artacaqdır sənin şanın
Gözəl şəhər, mahal kimi.
MÜBARƏKDİR ZƏFƏR YOLU
Bu yol gedir bizim elə,
Şən nəğmələr gəlir dilə.
Qoy bürünsün hər yan gülə,
İşıqlansın sağı-solu
Mübarəkdir Zəfər Yolu!
Şüşə kimi yolun hamar,
Şuşamıza bizi apar.
Sən qəlbimdən keçən damar
Qürur dolu, fərəh dolu
Mübarəkdir Zəfər Yolu!
Məclis qurub Cıdır düzü,
Xarıbülbül gözlər bizi.
Salaq yenə izimizi,
Ana torpaq açıb qolu
Mübarəkdir Zəfər Yolu!
İlham aldım bu xoş çağdan,
Azad olmuş Qarabağdan,
Qalib Ordu aşan dağdan
Çəkdik mərdlik, haqq simvolu
Mübarəkdir Zəfər Yolu!
AĞLAMASIN GÖZÜ XOCALILARIN
Ay Allah, bir də dərd vermə bu elə,
Daim gülsün üzü xocalıların!
Ah-nalə, qəm-kədər gəlməsin dilə,
Ağlamasın gözü xocalıların!
Bəsləyir hər biri dövlətə inam,
Yetişir “Qayıdış”, yetişir məqam.
Alacaq düşməndən qisas, intiqam,
Qalıb hələ sözü xocalıların!
Yenə bağçalarda gül-çiçək bitər,
Valeh gitarayla toylara gedər.
Sönmüş ocaqları ellər isidər,
Alovlansın közü xocalıların!
Çoxdur Xocalının mərd oğulları,
Əymədi, yıxmadı dərd oğulları.
Gözləyir yenə də yurd oğulları,
Düşsün yurda izi xocalıların!
Hazırladı: Mina RƏŞİD