YATMIŞ ARZULARI OYADAN ŞUŞA
Dünyanın gözəli, gözəl şerisən,
Dünyanın dünyaca özəl yerisən.
Yerlərin Göyüsən, Göyün Yerisən,
Baxırsan dünyaya qayadan, Şuşa,
Dünya boyda heyrət yaradan Şuşa!
Gecən – gündüz kimi, gündüzün – aləm!
Eşqinlə doludur könül piyaləm.
Talemə yazılmış əziz risaləm,
Gülüşlə çıxırsan sayadan, Şuşa,
Günəşin sübh yeri, Aya dan Şuşa!
Eşqim, məhəbbətim, adım-sanımsan,
Ən böyük sevincim, həyəcanımsan.
Ürəkdə ürəyim, canda canımsan,
Dönmüşəm qoynuna – azadam, Şuşa!
Yatmış arzuları oyadan Şuşa!
AĞACLAR
Yol üstündə əldə çiçək durmuşdu,
Yurda döndüyümü bilən ağaclar.
Başım üstə bəyaz çətir tutmuşdu,
Ağ çiçəkli deyb-gülən ağaclar.
Kölgəsinə qucaq deyib çağırdı,
Bölgəsinə ocaq deyib çağırdı.
"Sevgim – qucaq-qucaq!" – deyib, çağırdı,
Sevinc göz yaşımı silən ağaclar.
Yaşıl-yarpaq xoş dililə danışdı,
Dil-dil ötdü, beş dil ilə danışdı.
Budağından quş dililə danışdı
Nəğməsini paytək bölən ağaclar.
Hazırladı: Mina RƏŞİD