2005-ci ildə "Xarıbülbül həsrəti" adlı ilk şeirlər kitabı işıq üzü görüb. "Azərbaycan müəllimi" və "Şuşa" qəzetlərində publisistik məqalələri və oçerkləri ilə müntəzəm çıxış edir. Şuşa "Məclisi-üns"- "Söz gülüstanı" ədəbi birliyinin üzvüdür. "Qızıl qələm" media mükafatına layiq görülüb. Şeirlərinə mahnılar bəstələnib. 2021- ci ildə Şuşa şəhidləri və qazilərinin şərəfli döyüş yoluna həsr etdiyi "Vətən Sizə oğul dedi" adlı kitabı nəşr olunub. Müəllifin bu il çap edilmiş “Şuşanamə” adlı üçüncü kitabına isə Qarabağ, Vətən mövzusunda yazdığı poemalar, dram əsəri, qəzəllər, rübailər, bayatılar və digər şeirləri daxil edilib.
Sevda xanımın Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
AZƏRBAYCAN BAYRAĞI
Vətənimə töhfəsən dahi Məmməd Əmindən,
Qopmusan elə bil ki, Tanrının ətəyindən,
Sən bir daha ucaldın Şəhidlərin əlində,
Ey Oğuz ellərimin yanar, sönməz çırağı,
Azərbaycan bayrağı!
Savaşlardan mərd çıxdı, bükülmədi bayrağım,
Şəhid qanı nahaqdan tökülmədi, bayrağım!
Dalğalanan dəniztək al-əlvan göy qurşağı,
Düşmənə oxtək batan zirvədəki göz dağı,
Azərbaycan bayrağı!
Tarixin dərgahından güclə qopmuş bayrağım,
Şəhidlərin qanına, gülə hopmuş bayrağım,
Şuşanın zirvəsinə uçub qonmuş bayrağım,
Zirvələrdə qal elə, ey hürriyyət mayağı,
Azərbaycan bayrağı!
Sən qalib Vətənimdə məğrur dayan, bayrağım,
Hər səhər Şuşamızda azad oyan, bayrağım,
Zəfərlər müjdəsiylə nura boyan, bayrağım,
Sənə baxsın, sevinsin başı qarlı Kirs dağı,
Azərbaycan bayrağı!
Təbrizimin boynuna sarılaraq dalğalan,
Göyçənin, Zəngəzurun yollarında dalğalan,
Zəfər çalmış ərlərin qollarında dalğalan,
Ey azad Vətənimin əbədiyyət sorağı,
Azərbaycan bayrağı!
İstiqlal qapısını nurla açan bayrağım,
Qaranlığa, zülmətə işıq saçan bayrağım,
Hürriyyət günəşitək göydə uçan bayrağım,
Ay-ulduzlu hilalın sən üçrəngli növrağı,
Azərbaycan bayrağı!
Azadlıqla, qan ilə, istiqlalla yoğruldun,
Amma tarixlər boyu qatil əllə boğuldun,
Şuşanın zirvəsində sən yenidən doğuldun,
Gözüm üstə qoyacam sən doğulan torpağı,
Azərbaycan bayrağı!
QARABAĞ
Öz gülüm, öz sünbülüm, yasəmənimdir Qarabağ,
Ürəyimdə bəslərəm, öz səmənimdir Qarabağ.
Açılıb dağlarının çatılan qaşı yaxşı ki,
Büründüm həsrətinə, duman-çənimdir Qarabağ.
Külə dönmüş ocağım, yanmayan, sönmüş çırağım,
Alovlanıbdır daha, qaynar zəmimdir Qarabağ.
Dolanda həsrət yaşı, göz yağışım lap az qala,
Dönmüşdü dərd gölünə, qəlbdə qəmimdir Qarabağ.
Buludlartək dərdindən dolub-boşalan ürəyim,
Qəlbim dağı, qübarı, gözdə nəmimdir Qarabağ.
Kövrələndə nisgilli, bir boynubükük bənövşəm,
Yananda vüsalıyla öz məlhəmimdir Qarabağ.
Gəlin Qayası, Qırxqız, Turşsuyu, İsa bulağı,
Əzəl yurdum, məskənim, göy çəmənimdir Qarabağ.
Təbriz, Zəngəzur, Dərbənd qalıb hələ qəlbidağlı,
Unutmarıq Göyçəni, Göyçə mənimdir, Qarabağ.
Sevda vurğundu sənə, yenə ol sən laləzarım,
Xəzanı gülzar olmuş öz Vətənimdir Qarabağ.
ŞUŞA
Könlüm evində gözəl, istəkli canansan, Şuşa,
Elə bağlıyam sənə, gözümdə cahansan, Şuşa.
Həsrətə, nisgilə mən çox oldum dərdi- mübtəla,
Buludlar arasında sən bir kəhkəşansan, Şuşa.
Ey mənim xan şəhərim, söylə sən nələr yaşadın?
Desələr inanmaram, demə ki, talansan, Şuşa.
Vüsala yetməkçün nə edim mən qəlbipərişan,
Durmusan dağ başında, yenə zərəfşansan, Şuşa.
Çəkdikcə nazını dağlar, nazlanırsan daha da,
Qorudu dağlar səni, dağlarda ceyransan, Şuşa.
Tanrının göz yaşımı möcüzə Xarı bülbülün?
Qüdrətindən yaranan sirli xanimansan, Şuşa.
Etmə nihan üzünü, bir bax, gəlmişəm qoynuna,
Küsmüsən yoxsa məndən, nə hüsnüpünhansan, Şuşa.
Heç bilməzdim bu qədər qüssə verərsən sən mənə,
Sən demə aşiqini dərdlərə salansan, Şuşa.
İllərdi ki, qəlbimə sən hökmdar səltənətim,
Yenə qəlbimdə həmin şövkəti-şansan, Şuşa.
Bircə gün xəyalımdan silə bilmədim səni mən,
Otuz il ürəyimdə qəmi- zimistansan, Şuşa.
Qəddi- qamətinə qurban, yenə şux dayanmısan,
Sevdanın söz mülkünün, şahı-sultanısan, Şuşa.
ULU AZƏRBAYCANAM
Cahana, kainata nur saçan günəşəm mən,
Odumun bir zərrəsi, bir közümlə bəsəm mən.
Ocağım sönməz mənim, kül içində közüm var,
Hey alışır dərd-qəmim, ürəyimdə sözüm var.
Bağrı dağlı qalanam, köksü yaralı canam,
Böyük Turan elim var, ulu Azərbaycanam!
Tarixlər şahidiyəm, qədimdir mənim yaşım,
Fəqət çox qüssə yedim, ağırdır mənim daşım.
Köküm dərin olsa da, kəsdilər budağımı,
Yer də, Göy də sızladı, gördükcə bu dağımı.
Kəsilsə də budağım, pöhrə verən baycanam,
Əyilməyən, sınmayan ulu Azərbaycanam!
İkiyə bölünmüşəm, Quzeyəm, həm Güneyəm,
İllərdir nalə çəkən, qəlbi dağlanmış neyəm.
Arazam, dərdli çayam, suyum da dərdli axır,
O tay hələ bu taya yaman həsrətlə baxır.
Qasırğalar önündə yenə coşan tufanam,
Budaqlarım qopsa da, ulu Azərbaycanam!
Dədə Qorquddur mənim tarixdən gələn boyum,
Oğuzlardan qalıbdır mənim öz adım, soyum.
Yağı elə bilməsin, baltalanmış budağam,
Közü kömürə dönmüş alışmayan ocağam.
Hayqıran, od püskürən, alovlanan vulkanam,
Odlar ölkəsiyəm mən, ulu Azərbaycanam!
Nəsiminin haqq səsi, Füzuli nəfəsiyəm,
Şah İsmayıl Xətai, bütöv Vətən səsiyəm.
Bölünmüş torpağımla qəlbi şan-şan viranam,
Bütövləşən, birləşən Oğuz elli Turanam.
Yenə də birləşəcəm, ərənlərlə ad-sanam,
Bölünsəm də, yenə mən ulu Azərbaycanam.
Hikmətlər xəzinəsi, Nizami "Xəmsə"siyəm,
Bu dünyaya səs salan Üzeyir bəstəsiyəm.
Əhməd Cavad, Mumtazam, Müşfiqin naləsiyəm,
Keçmişimdən bu günə ələmlər şələsiyəm.
Sürgündə zillət çəkən Cavidəm, bağrı şanam,
Mərd oğullar anası ulu Azərbaycanam!
Zaman-zaman bölünmüş, torpaqları ələnmiş,
Tarixi süngülənmiş, ərləri güllələnmiş.
Bir parçamdır Zəngəzur, bir parçam Göyçə mənim,
Dağılıb orda yurdum, solubdur göy çəmənim.
Başı bəlalar çəkmiş yad əldə İrəvanam,
Parça-parça olsam da, ulu Azərbaycanam!
Neçə yerdən kəsdilər, doğradılar qolumu,
Dəmir Qapı Dərbənddə bağladılar yolumu.
Hər dəfə al qanımdan biçsələr də donumu,
Fəqət əyəmmədilər şax qamətli boynumu.
Torpağıma tökülən "Şəhid"adlı al qanam,
Tarixə zəfər yazan ulu Azərbaycanam!
Başım, gözüm dumanlı, ürəyim çox yaralı,
Əzalarım qalıbdı hələ məndən aralı.
Amma qollarımda yox bağlı zəncir izləri,
Qandallaya bilərmi məni qatil əlləri?
Yurd yeri, el-obası, əsrlərdir talanam,
Közü hər an alışan ulu Azərbaycanam!
O taydan məzlum-məzlum mənə baxan torpağım,
Nisgilə, selə dönmüş cah-cəlallı növrağım.
Ay qərib yurd yerlərim, səndə yanar çırağım,
Üstümdən uçub gedər həsrətim, ürək dağım.
Gözü yaşlı Təbrizəm, Ərdəbiləm, Zəncanam,
Böyük Turan elim var, ulu Azərbaycanam!
VƏTƏN
(Müxəmməs)
Nisgilinə, dərd-sərinə, olaram mən qurban, Vətən,
Yenə də başın üstünü alıbdı çən, duman, Vətən.
Hərdən lap qovuşmağa da, oluram nagüman, Vətən,
Ömür tez ötür, həyat da, vəfasızdı yaman, Vətən,
Bilirəm ki, qəm-qüssəmə, sənsən əlac, dərman, Vətən.
Hicran vüsala yetərmi, sanki arzu, ümid solub,
Açılmır heç qəmgin ürək, yenə dərd-kədərlə dolub.
Topxana da qəribsəyib, həsrətdən saçların yolub,
Hələ də gülmür heç üzün, başın nə bəlalı olub,
Edəcəkmi ömür vəfa, yetəcəkmi zaman, Vətən?
Dağlarında ağappaq qar, bağında xəzan olaydım,
Elə qüdrətim olaydı, bəxtini yazan olaydım.
Sevindirəydim özümü, yuxular yozan olaydım,
Bəxtinə xoş günlər yazıb, ələmi pozan olaydım,
Sevdanın könül dünyası, həm təbib, həm loğman, Vətən.
Hazırladı: Mina RƏŞİD