21.11.2024, 21:06
AZ EN
17.08.2023, 18:10 270

Bizim kəndimizdə nə yoxdur, qızım?!

YARADICILIQ
  • İstedadlı şair Valeh Qoca (Valeh Ələddin oğlu Qocayev) 1985-ci il noyabrın 22-də Kəlbəcərin Məmmədsəfi kəndində doğulub. 1992-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinfə gedib. Kəlbəcərin işğalı zamanı ailəsi Gəncə şəhərinin Gülüstan qəsbəsinə köçübo təhsilini burada məcburi köçkünlər üçün ayrılmış orta məktəbdə davam etdirib. 1994-cü ildə Valeh ailəsi ilə birgə Bərdənin Qaradağlı kəndinə köçüb və Bərdə şəhər 5 saylı orta məktəbdə oxumağa davam edib. 9-cu sinifdən Bərdədə məskunlaşmış Kəlbəcər 106 saylı qaçqın orta məktəbində oxuyan Valeh 2004-cü ildə nəhayət orta məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2008-2009-cu illərdə həqiqi hərbi xidmət keçib.

Valeh Qoca yaradıcılığa əsasən tələbəlik illərindən başlayıb. O,Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.

Şeirləri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən çap olunan “Bölgələrdən səslər-3” antologiyasında (2017), Qazaxıstanda çap olunan “Yeni zaman Azərbaycan şeiri” antologiyasında (2018), habelə “Xəzan”, “Xəzinə”, “Dünya yalan dünyadır”, “Zirvəyə doğru”, “Mənim vətənim” və başqa ədəbi nəşrlərdə çap edilib. “Eşqim məndən böyükdür” və “Səni unutmağa vaxtım olmadı” kitablarının müəllifidir. Yaradıcılığına görə  bir sıra fəxri-fərman və diplomlara layiq görülüb. Valeh Qocanın Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

SU BARDAĞI

30 ildən sonra evimizdən tapdığımız anamın su bardağı məni çox duyğulandırdı
 
Bu boyda məhlədən, bu boyda evdən,
Bir səni tapmışam ay su bardağı.
İndi ciyərim yox, ürəyim yanır,
Yoxmu sahibinə pay, su bardağı?!

Yox idin, ovcumu yerinə qoyub,
Əyilib dağların çayın içmişəm.
Nə xoş halıma ki, ilk dəfə səndən,
Mən də bu yerlərin suyun içmişəm.

Bu evin gülləri solubdur, amma,
Hələ də üstündə gül yeri qalıb.
Ağzında atamın dodaq izləri,
Qulpunda anamın əl yeri qalıb.

Nə yaxşı sakini oldum yolların,
Nə yaxşı çatıbdır qatarım sənə.
O qədər əlindən su vermisən ki,
Gəl indi gözümdən qaytarım sənə.

 

BU YOLLAR ŞUŞAYA APARIR BİZİ

Neçə yol dirilib, ölmüş bu yollar,
Neçə yol ağlayıb, gülmüş bu yollar.
Bizi aparmağa gəlmiş bu yollar,
Bu yollar Şuşaya aparır bizi.

Üstündə barıtlı duman izləri,
Köhnəlmiş, bərkimiş zaman izləri.
Bax bizdən ötrüdür bu qan izləri,
Bu yollar Şuşaya aparır bizi.

O yanda düşməni daşlayıb gəlir,
Bu yanda gözünü yaşlayıb gəlir.
Bu yollar Təbrizdən başlayıb gəlir,
Bu yollar Şuşaya aparır bizi.

Üstündə diz yeri, dodaq izi var,
Daşına sürtülmüş yanaq izi var.
Bu yolda babamın ayaq izi var,
Bu yollar Şuşaya aparır bizi.

Bəlkə də tarixi milyondu, mindi,
Bir yanı borandı, bir yanı gündü.
Bir zaman Şuşadan qopardı, indi,
Bu yollar Şuşaya aparır bizi.

 

BİZİM KƏNDİMİZDƏ NƏ YOXDUR, QIZIM?!

Qızımın Kəlbəcərdəki kəndimizdə nə var ata, sualına cavab 

Bizim kəndimizdə oyuncaq yeri,

Bizim kəndimizdə səngər yeri var. 

Bizim kəndimizdə uşaq beşiyi, 

Bizim kəndimizdə əsgər yeri var, 

Bizim kəndimizdə nə yoxdu qızım?! 

 

Bizim kəndimizdə Günəş də çıxıb, 

Bizim kəndimizdə qar da var indi. 

Hələ əkilməmiş ağaclar bitib, 

Səni yelləməyə yelləncək yeri,

Düşməni asmağa dar da var indi. 

 

Orda qönçələr var dırnağın kimi, 

Orda güllər açır əllərin boyda. 

Orda damcılar var səndən böyükdür, 

Orda şəlalə var tellərin boyda. 

 

Orda zirvəylə çay yanbayandılar, 

Dumanın bir ucu buxarındadır. 

Bizim kəndimizin düzü, çəməni,

Kəndin dağından da yuxarıdadır. 

 

Orda balıqlar da qızıl gəzdirir,

Orda bəzəyi var quşun üstündə,

Orda dərya çıxır daşın altından.

Orda xına bitir daşın üstündə. 

Bizim kəndimizdə nə yoxdur qızım?! 

 

Orda nənələrin yarımçıq nağılı, 

Orda babaların qəbri var, bala. 

Dayanıb otuz il bizi gözləyib, 

Orda qəbirlərin səbri var, bala. 

 

Bizim kəndimizdə şəhid ruhu var, 

Qoruyur tufanda, yağışda kəndi. 

Mən ordan çıxanda atam mən yaşda,

Mən ordan çıxanda sən yaşda idim, 

Sən ora dönürsən mən yaşda indi. 

 

Bizim kəndimizdə nə yoxdur qızım?!

Deyimmi nə yoxdur, deyim sən də bil. 

Bizim kəndimizdə ev yerləri var,

Evlərdə nə divar, nə damlar yoxdur.

Bizim kəndimizdə hər şey var, amma,

Bizim kəndimizdə adamlar yoxdu. 

 

BAYRAĞIN ALTDA

Tutsa başı üstə Vətəni hər kəs,

Torpaq da inciməz ayağın altda.

Vətən sinəmizin altda olmalı,

Təkcə olmamalı dodağın altda...

 

Mərmidir, silahdır Vətən daşları,

Atmaz sevəninə Vətən, daşları...

Bir olsa Vətənin vətəndaşları,

Günəşi endirər bayrağın altda.

 

Sevməsək qəlb açmaz, sirr verməz bizə,

Dərdini min verər, bir verməz bizə...

Ana da ömürlük yer verməz bizə,

Vətən yer saxlayar torpağın altda...

 

GETDİ

Düşmən gülləsinə tuş gələn Zəhra balamız üçün

Bir də çətin yaz gələ,

Bir anadan yaz getdi.

Düşmən nazını çəkdik,

Zəhra boyda naz getdi.

 

Vurdu yara torpağa,

Bölük, para torpağa.

Bu qapqara torpağa,

Bu qar bəmbəyaz getdi.

 

Baxıb körpə qanına,

Çıxaq səbrin sonuna!..

Şəhid xiyabanına

İki yaşlı qız getdi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər