24.06.2025, 15:19
AZ EN
04.09.2024, 16:59 603

Vətən sevdalı şairə: Südabə Sərvi

YARADICILIQ
  • Öz dəsti-xətti ilə həm publisist, həm də şairə kimi tanınan Südabə Sərvi  Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Göyçay şəhər 7 saylı tam orta məktəbdə ana dili və ədəbiyyatı müəllimi işləyib. Eyni zamanda rayonda çıxan “Yeni həyat” qəzeti ilə əməkdaşlıq edib.

1996-ci illdə Bakıya köçən Südabə Sərvi müxtəlif mətbu orqanlarında  çalışıb. Azərbaycan Dövlət radiosunda, İctimai televiziyada ssenarist-redaktor kimi fəaliyyət göstərib. 11 kitab müəllifi olan Südabə Sərvinin “Döz görüm”adlı ilk şeirlər kitabı 2003-də çapdan çıxıb. “Anar fenomeni”, bəstəkar Emin Sabitoğlu haqqında “Bu dənizin gözü yaşlı sənsiz”, böyük qırğız yazarı Çingiz Aytmatov haqqında “Mən Manasın oğluyam” (qırğız dilinə tərcümə olunub), şəhid Milli qəhrəman Çingiz Babayev haqqında “Əfsanəvi qəhrəman”, kəşfiyyatçı Tovuzlu Alik barəsində “Alyoşa əfsanəsi”, “Qara Qarayev”, “Anar fenomeni”, 1918-ci il soyqırımdan bəhs edən “Ağrıların kölgəsi” tarixi sənədli romanın müəllifidir. “Ağrıların kölgəsi” romanı rus dilinə tərcümə edilib. Südabə Sərvi öz üzərində müntəzəm çalışan yaradıcı ziyalılarımızdandır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısıdır.

Hazırda Azərbaycan Yazıçılar Birliyində işləyir.

Südabə xanımın bir neçə şeirlərini “Vətən səsi”nin oxucuları ilə tanış edirik. 

 

DAHİ

Heydər Əliyevin əziz xatirəsinə İthaf olunur

Nədən rahatsızdı ruhum bu qədər?

Ürək köz-köz olub, qəlb didik-didik.

Heyhat! Çırpınmağım nafilə, hədər,

İndi dərk edirəm kimi itirdik.

 

Biz kimi itirdik, kimdi o dahi?

Bəlkə illər sonra anlayacaqlar.

Bir vaxt kölgəsini qılınclayanlar,

Kəfalət odunda bil, yanacaqlar.

 

Tanrı bir missiya qoydu çiyninə,

Gəldi ki, tanıtsın xalqı dünyada.

Xeyirxahlıq donu geydi əyninə,

Yüksəldi ən uca, şərəfli ada.

 

Dahi! Ulu Öndər! Ümumxalq Lider!

Xalq belə söylədi onun adına.

Ən ağır günündə öz təmkiniylə,

Çatdı bu millətin, çatdı, dadına.

 

O bir fenomendi, o bir xilaskar!

Gördüyü işləri bu xalq itirməz!

Qorudu xalqını gizli, aşikar,

Tanrı hər millətə dahi yetirməz!

 

Müqəddəs, xoş ruhu aramızdadı,

Gəzir oba-oba, dolaşır ev-ev.

Getsə də daima sıramızdadı,

Onun bir adı var: Heydər Əliyev!

2003

 

MÜBARİZİM

Sən bir aslan balası, ər oğlu ərsən, igid,

Qoç Koroğlu nəvəsi nər oğlu nərsən, igid!

Yeridin düşmən üstə  “bismillah” deyərək,

Heyrətdə qaldı yağı dizlərinə döyərək.

Ürəklərə yol saldı hər cığırın, hər izin,

Ey igid Mübarizim!

 

Eşidib bu xəbəri düşmən saçını  yoldu,

Örnək oldu hər kəsə keçdiyin döyüş yolu,

Millətinin yanında hər sözün oldu bir can,

Bağrına basdı səni anamız Azərbaycan!

Düşmənin qabağında yerə dəymədi dizin,

Ey igid Mübarizim!

 

Anan səni doğanda Vətənə qurban dedi,

Böyü, qoru Vətəni, torpağı hər an, dedi.

Böyük cəsarətinlə düşmənə çəkdin dağı,

Yüksəklərə qaldırdın o üçrəngli bayrağı,

Yalnız türk oğlundadır bu qətiyyət, bu əzm,

Ey igid Mübarizim!

2010

 

          POLAD GENERALIM

Ey İgidim! Ər oğlu ər! Ölümünlə tarix yazdın!

Milyonların ürəyindən bir əbədi şəkil asdın.

Sən yaşadın kişi kimi, kişi kimi ömür sürdün!

Yalnız millət, torpaq idi sənin dərdin.

Şəhadətə kişi kimi qanadlandın.

Ürəyində bir yenilməz əsgər andın,

Qorudun öz torpağını aslan kimi mərd-mərdana,

Min yaşasın sənin kimi qəhrəmanı doğan ana!

Ey şəhidim! Açıq alnım!  Adım-sanım!

Hansı adla səni anım? Mənim Polad generalım!

           Əsgərinə öz cibindən cib xərcliyi verirdin,

Sən onlara balam deyib, balan kimi sevirdin.

Şanlı Aprel döyüşündə şəhid oldu dostun Raquf,

Aldın onun qisasını düşmənindən demədən uf!

          Tanıyanlar mərdliyinə heyran qaldı,

Mükafatın bir fəxri ad, üç otaqlı mənzil oldu,

Sənsə onu bağışladın bir şəhidin övladına.

Önəm verdin qəlbindəki xeyirxahlıq qanadına.

           Səngərlərdə əsgəriylə birgə yatıb

bir cərgədə yemək yeyən,

Sadə qəlbli Komutanım! İgid alpım! De şəhidim,

Hansı adla səni anım? Mənim Polad generalım!

Anan deyir: Poladımı heç görmədim generallıq libasında,

Əsgər idi öz kəndində, öz elində, obasında.

Sən bu qədər səmimi və sadə idin.

          Generaldın! Bir ər idin! Zabit idin! Əsgər idin!

Sən ad üçün yaşamırdın, sən ad üçün döyüşmürdün!

Vətən üçün döyüşürdün! Torpaq üçün döyüşürdün!

Sən ölmədin, Şəhid oldun! Məzar yerin uca göylər!

          Orda sənə qucaq açır nur sifətli Peyğəmbər.

Ey şəhidim! Qürur yerim! Açıq alnım! İdealım!

Hansı adla səni anım? Mənim Polad generalım!

          Neçə əsr, qərinələr ötüşsə də,

Zəmanənin saçlarına dən düşsə də,

İgid adın, Polad adın ucalarda bil, qalacaq!

Nə qədər ki, Azərbaycan var olacaq,

Sənin adın yaşayacaq!

Ana Yurdun qarşısında üzün ağdır, başınsa dik!

Vətənimin igid oğlu, ey qəhrəman Türk oğlu Türk!

Şəhadətin mübarəkdi, rəşadətin mübarəkdi!

Qürur yerim! Açıq alnım! Adım-sanım! De Şəhidim,

Hansı adla səni anım? Mənim Polad generalım!

 

YOL VER ŞƏHİD ANASINA

 

Yol ver şəhid anasına,

O ana bir igid doğub.

Bu igidin tərifini

qələm də yaza bilməz!

Heç bir dastana sığmaz,

Heç bir misraya gəlməz!

İgid deyirəm, igid!

Gözləri yurd sevgili,

Ürəyi vətən boyda.

Bu cür qoçaq, qəhrəman,

bu buxunda, bu boyda,

Doğulmayıb cahanda.

Onunçün şəhid olmaq,

ən yüksək, şərəfli ad.

Gerisi təfərrüat.

 

Əl ver şəhid anasına,

Təzim elə qarşısında.

Bir azacıq təsəlli ver,

Bir azacıq ümidi ol,

tap qəlbinə işıqlı yol.

Gəl çəkinmə bu ananın,

Kədər yağan baxışından.

qurtar onu bir anlığa,

bu zamanın axışından.

O ananın üzü gülmür,

Sevinc nədi, o ki bilmir.

Sinəsində nə boyda ah...

O ananın çəkdiyini,

Özü bilir, bir də Allah.

 

Gül ver şəhid anasına,

Susuzluqdan təşnə olan,

yaralı ürəyinə bəlkə

bir kiçicik sevinc dolar

bəlkə, bəlkə...

Bir damla təsəlli olar.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər