Məhəbbət Kəlbəcərli on səkkiz yaşından şeir yazmağa başlayıb, şeirləri müxtəlif qəzet və jurnallarda dərc olunub. “Qürbətdə qalan dağlar” (1999), “Xallı təcnisim” (2008), “Tər bənövşəm sorma məni” (2010), “Mən ki, şair deyildim” (2012) və başqa kitabların müəllifidir. 2008-ci ildən Yazıçılar Birliyinin üzvüdür.
Onun Kəlbəcər nəfəsli şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
VƏTƏN DEYƏNDƏ
Elman Tovuz, üryimin bir dərin,
Yarası göynəyir “Vətən”, - deyndə.
O qədər ox dəyib bilmir ürəyim,
Harası göynəyir “Vətən” deyndə.
Dadı qaçıb söhbətimin, sözümün,
Dözümü də tüknibdi dözümün.
Qana dönüb qarasında gözümün,
Qara su göynəyir “Vətən”, - deyndə.
Durmuşam önündə dərdin, əlmin,
Çarəsi hardadı görən bu qəmin?
Əlimdə nazilib sınan qələmin,
Parası göynəyir “Vətən”, - deyəndə.
Səxavət zirvədən baxan şəhidin,
Əbədi günəş tək doğan şəhidin.
Qanı o torpağa axan şəhidin,
Anası göynəyir “Vətən”, - deyəndə..
ALDI
Aşıq Qardaşxan Mehdiyevin ölməz xatirəsinə dərin hüznlə
Köçür məclislərin cəsur pələngi,
Dili qayaların dilində qaldı.
Keytiylə, Dəlidağ gəlsin baş-başa,
Adı zirvələrin tilində qaldı.
Əyilməz vüqarlı, igid sayğılı,
Zili hönkürtülü, bəmi qayğılı.
Ədalət barmaqlı, Habil yanğılı,
Duyğusu sazının telində qaldı.
Sındı Kəlbəcərin budağı—desin,
Meydan fədaisi, “çırağı”—desin.
Deyin, Tərtər nənəm bir ağı desin,
Avazı çağlayan selində qaldı.
Gəzər şimşəklərdə kükrəyən səsi,
“Seygah” sızıltısı, “Şur” zümzüməsi.
Bulaqda “nəfəsi”, çayda nəğməsi,
Cəh-cəhi bülbülün gülündə qaldı.
Qartal qanadıyla uçdu dünyadan,
Sənət köhlənində keçdi dünyadan.
Deməyin biryolluq köçdü dünyadan,
Qardaşxan O “Göyçə gülü”ndə qaldı.
APARDI GETDİ
“Taxıb” günlərimi quş qanadına,
İllər gəncliyimi apardı getdi.
Duyğularım kimi çosub-çağlayan,
Sellər gəncliyimi apardı getdi.
Həsrətə köklənib, dəmdə ötmədim,
Ötdüm, bütöv ötdüm, kəmdə ötmədim.
Sevgi nəğməsini bəmdə ötmədim,
Zillər gəncliyimi apardı getdi.
Əridim eşqimi bilənə qədər,
Sevən ürəyimi bölənə qədər.
“Sevəcəyəm”, - dedi ölənə qədər,
Dillər gəncliyimi apardı getdi.
Susub niskilimə, nə dil eylədi,
Gedəndə son dəfə, nə əl eylədi.
Didib ürəyimi, tel-tel eylədi,
Tellər gəncliyimi apardı getdi.
İntizar gözümə çöküb lillənən-
Bürüb Məhəbbəti, büküb lillənən.
Saralan kökünə söküb lillənən,
“Göllər” gəncliyimi apardı getdi.
GÖYGÖL GƏZİNTİSİNDƏN...
Bu gecə yuxuma girmişdi dağlar,
Kəhər at qoluma yalın doladı.
Dedim, darıxmışam səndən ötəri,
Bənövşə boynuma qolun doladı.
Doluxan buludlar tutdu səmanı,
Şimşək “qılıncıyla” çapdı qayanı.
Axdı gözlərindən lalənin qanı,
Kövrəlib sinəmə xalın doladı.
Yollandım ki, qövsi–qüzehdən keçim,
Məhəbbət, qovrulub, doğrandı içim.
Qaçdım şəlaləyə, bir ovuc içim,
Hirslənib başıma “şalın” doladı.
Hazırladı: Mina RƏŞİD