05.02.2025, 20:06
AZ EN
10.12.2024, 17:32 257

Gözləri yollarda qalıb Göyçəmin…

YARADICILIQ
  • Tanınmış şair, dramaturq, Əməkdar mədəniyyət işçisi Sahib İbrahimli (Axundov) 17 aprel 1952-ci ildə Gəncə şəhərində anadan olub. O, ilk təhsilini 8 saylı, sonra isə 1 saylı Gəncə şəhər məktəblərində alıb. 1968-1973-cü illərdə Gəncə Dövlət Universitetində oxuyub.

Sahib İbrahimli əmək fəaliyyətinə 1973-cü ildə Ucar rayonunda müəllim kimi başlayıb. Eyni zamanda o, 1976-1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Yazıçı 1982-1994-cü illərdə AMEA-nın Gəncə Bölməsində elmi işçi kimi çalışıb. O, 1989-1992-ci illərdə Azərbaycan kənd təsərrüfatı Akademiyasının “Kadr uğrunda” qəzetinin müxbiri olub. İbrahimli 1995-ci ildən indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədridir.

Yazıçının ilk mətbu şeiri olan “Söyüd” 1969-cu ildə “Kirovabad kommunisti” qəzetində çap olunub. O, “Dağların sovqatı”, “Külək mənim dostumdur”, “Atam laylay, anam laylay”, “Torpağı öpəndə”, “Bir də baxıb gördüm şeir yazıram” kimi ondan çox kitabın müəllifidir.  S.İbrahimlinin əsərləri Ukrayna, İran, Türkiyə və başqa ölkələrdə çap edilib.

Sahib İbrahimli “Qasımbəy Zakirin poetikası”, “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü”, “Elm fədaisi” əsərlərinin, həmçinin söz ustası Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir monoqrafiyanın, 100-ə qədər elmi məqalənin müəllifidir. O, Mirzə Şəfi Vazehin “Divani Hikmət” ədəbi məclisini bərpa edənlərdən biridir.

S.İbrahimli 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın Əməkdar mədəniyyət işçisidir. Yazıçı 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Onu da qeyd edək ki, bu günlərdə yazıçının Mingəçevir Dövlət Dram Teatrında "Sadıgın toyu" adli komediyası "Sadiq evlənir" adı ilə  tamaşaya qoyulub. Bu münasibətlə yazıçını təbrik edir, onun istedadla qələmə aldığı Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

ŞUŞAMIZ QAYITDI, MİN ŞÜKÜR, VƏTƏN!

 

Şuşamız qayıtdı, min şükür, Vətən!

Meydanı daralıb sanki sözün də.

Bu günə bir sevinc bəsləmişəm mən,

Onu qurban kəsim Cıdır düzündə.

 

Bizi bizdə yaxşı görmədi zalım,

Görmədi od saçan nifrətimizi.

Şuşa qalasının qadasın alım,

Qoruyub yaşatdı qeyrətimizi.

 

Eheyyy, çopur qaya, ey qəlbi zərif,

İndi sənə həsrət yurddaşın gəlir.

Sən də - ey Şimala boylanan Vaqif,

Geri dön, türk kimi qardaşın gəlir.

 

Mahnıda dumanlı gördüm hər dağı,

Dağlar igidlərin qardaşlarıdır.

Gör necə ağlayır İsa bulağı,

Dəyməyin, bu başqa göz yaşlarıdır.

 

Biləsən nələrdir fikrimdən ötən,

Bir ovuc torpaqdan torpaq doğulsun.

Deyirəm, Şuşanın sağ əli, Vətən,

Təbrizin, Göyçənin başına olsun!

 

Bizdə Günəş doğur, orda qürubdur,

Deyin Xarı bülbül, qalxsın, dikəlsin.

Şuşamız bir xandır, məclis qurubdur,

Qoy xan məclisinə Xan əmi gəlsin.

 

Bu daşa, divara dəyən ziyanı

Hərəmiz daş olub ödəyək bəlkə.

Qoymayın şəhərə dəyən ziyanı

Xan qızı Natəvan boynuna çəkə.

 

Buludlar çəkilən ağrı-acındır,

Daha qəm eləmə, özünə gəl sən.

Min ildir deyirlər: “Şuşa tacındır”,

Ay Vətən, sən tacla necə gözəlsən!!!

 

GÖYÇƏMİN

 

O ki bir imandı, dindi, İlahi,

Bu həsrət göydənmi endi, İlahi?!.

Kim alsın könlünü indi, İlahi,

Dünəni yadına salan Göyçəmin.

 

O bulaq, o dərə, o dağ köhnədir,

Məna gəzən bilir “Göyçə”, “göy” nədir.

Bağrının başını elə göynədir,

Təzə adındakı yalan Göyçəmin.

 

Üzündə min illik sevinc yadlaşır,

Nisgili çay olub köksündən daşır.

Öz qəmi, qadası başından aşır,

Hələ də qadamı alan Göyçəmin.

 

Göyçəsiz mən kiməm, hələ bilmirəm,

Ağrımı, acımı bölə bilmirəm.

Gedib qucağında ölə bilmirəm,

Qucağı dərdlərdən talan Göyçəmin.

 

Oğulsan bu dərdi ürəyə salma,

Hər gün boyun büküb, xəyala dalma.

Ay Tanrı, gözünün nurunu alma,

Gözləri yollarda qalan Göyçəmin.

 

PAYIZ LÖVHƏLƏRİ

 

Payızın hökmünə budaq baş əyib,

Kim bilir harada gizlənib sükut.

Yenə dəli şimşək xətrinə dəyib,

Qaş-qabaq sallayıb bir qara bulud.

 

Başlayıb çayların qəm havaları,

Sanki dərd əlindən yerdə sürünür.

Yiyəsi perikmiş quş yuvaları

Şair evi kimi yoxsul görünür.

 

Nəfəsi duyulur bir soyuq qarın,

Cığırlar təntiyib yenə yal aşır.

Günəşlə arası dəyib dağların,

Günəş bu dağlara soyuq yanaşır.

 

Sındı şah qayanın qınağı, ərki,

Bir fərman yazmağa tapmadı lələk.

Ay Allah, durnalar elə köçdü ki,

Yerdə göyüm-göyüm göynədi külək.

 

Dayanıb söyüdlər lüt-üryan, çılpaq,

Bu - indi efirə açılan yoldu.

Çinarın başından bir sarı yarpaq

Düşdü saz üstünə “Sarıtel” oldu.

 

Susuram meşənin çətin gününə,

Qələm əsəbləşib bağrımı sökür.

Bu qədər polisin gözü önündə

Payız ağacların qanını tökür.

 

Elə hey günaha batır aramsız,

Ağarda üzünü bəlkə qarlı qış.

Danlanmaq istəmir bu dəcəl payız,

Qaçır Şaxta baba gəlib çıxmamış.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər