Arzu Hüseyn 1988-ildə Qubadlı rayonunun Həkəri kəndundə dünyaya göz açıb. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olduğundan, müxtəlif ədəbi dərgilərdə çar olunub. 2014-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun rəhbəridir. İki kitab müəllifidir. İstedadlı şairə Arzu Hüseynin şeirlərini oxucularımızla bölüşürük.
Sən mənim bəxtimə yağan yağışsan
Sən mənim ömrümə əsən rüzigar,
Sən mənim bəxtimə yağan yağışsan.
Bəlkə də yaşanan sonuncu bahar,
Bəlkə də əbədi bitməyən qışsan.
Hələ gözlərində ilk sevda dəmi,
Hələ əllərində ilıq hərarət.
Neynəyim dəli tək sevirəm səni,
Sevirəm bir şirin sözünə həsrət.
Ürək söz anlamır yoxsa nə gəzim,
Getdiyin yollarda, durduğun yerdə.
Sən qalib çıxmısan qorxma, əzizim,
Mən yenə eşqinə məğlub sərkərdə.
Ürəkdən dodağa bircə pıçıltı,
Dodaqdan ürəyə öpüş kimisən.
De görüm yuxumu hara uçurdun?
De görüm yuxuna saldın kimi sən?
Mən sərt dalğalarla çarpışan qayıq,
Ümidi kəsilmiş qağayıyam mən.
Biz ki, ayrı-ayrı yaşamalıyıq,
Bəs niyə evimi sən sayıram mən?
Şəhərin üstünə buludlar çökür
Darayır otları bahar küləyi,
Heyvalar sonuncu çiçəyin tökür.
Mən şeir yazıram səndən, Mələyim,
Şəhərin üstünə buludlar çökür,
Heyvalar sonuncu çiçəyin tökür......
Ağac məni saxladı
Adamlardan dağ olmadı,
Bilmədim kimə söykənim,
Gəlib ağaca yaslandım,
Ağac məni saxladı.
Bulaq oldum dum-duru,
Dedilər bulanıqdı.
Süzüldüm, daşdan süzüldüm,
Süzüldüm, qumdan süzüldüm,
Torpaq mənə inandı,
Adamlar inanmadı.
Nə illahdı bilmirəm,
Tapılmır çəmim, yönüm.
Yollar da o yol deyil,
Gedəsən gün doğana.
Elə mat-mat baxıram
Əllərimə, ilahi.
Əllərim qanad deyil,
Ah, kaş ki qanad ola...
Çevirəydik yönümüzü günəşə
Sahil boyu qovmamış külək bizi,
Gəl isidək əlimizi günəşə.
Quş edəydi yaradan gərək bizi,
Çevirəydik yönümüzü günəşə.
Yay da bitir, yenə xəzəl, yenə qəm.
Son yarpağı qoparacaq yel hələ.
Mən çovğuna borana da dözərəm,
Bircə baxıb gözlərimə gül hələ.
Bəlkə gülsən unudular dünənlər,
Zülmətlərə yem olmaram birdə mən.
Həyatıma əli odlu gələnlər,
Ürəyimi kül eyləməz, Birdənəm.
Ah, nə gözəl açılıbdır sübh bu gün,
Saçlarında çəmənlərin gülləri.
Sən ən gözəl mücəvhərsən mənimçün,
Boyunbağım əllərindir, əllərin.
İlk saralan yarpaq idi son bahar,
İsti idi dəniz hələ, qum hələ.
Ürəyimdə şirin-şirin xəyallar,
Sinəm üstə gözlərini yum hələ,
Xəyal elə xəyal elə mənimlə...
Hazırladı: Tahirə AĞAMİRZƏ