21.11.2024, 17:28
AZ EN
27.04.2023, 17:53 239

Gözün aydın olsun, Pənahəli xan!

YARADICILIQ
  • Şair, Bakı Dövlət Universitetinin dosenti Ələmdar Qəmbər oğlu Bayramov (Ələmdar Cabbarlı)1980-ci il avqustun 4-də Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə gedib. 1997-ci ildə isə Bakı şəhərində orta məktəbi başa vurub. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil alıb. 2001–2003-cü illərdə BDU-da magistr kimi təhsilini davam etdirib.  2003–2004-cü illərdə hərbi xidmətdə olub.

2006–2008-ci illərdə Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub.

2005-ci ildən BDU-də pedaqoji fəaliyyətlə məşğuldur. Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosentidir.

2003-cü ildən Yazıçılar Birliyinin üzvüdür. 2014–2019-cu illərdə AYB- nin Gənclər Şurasının üzvü olub.

2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2009-cu ildən Məclis üzvü, 2014-cü ildən isə Məsləhətçilər Şurasının üzvüdür. 2009-cu ildən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvüdür. 2018-ci ildən Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür.

2009–2013-cü illərdə “Bizim söz” qəzetinin baş redaktoru olub. "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür.

Ələmdar Cabbarlı 40-a qədər kitabın redaktoru, rəyçisi və ön söz müəllifidir. Bir neçə Beynəlxalq konfransda iştirak edib. 2013-cü ildə Türkiyədə keçirilən "Beynəlxalq Poeziya festivalı"nda Azərbaycanı təmsil edib.

 Ə.Cabbarlının bir neçə Vətən həsrətli və Zəfər nəğməli şeirlərini “Vətən səsi” saytının oxucularına təqdim edirik. 

SƏNSİZ ÜŞÜDÜM, KƏLBƏCƏR

Hara getdim, gözlərimdə

Səni daşıdım, Kəlbəcər.

Dərdindən tamam qocaldım,

Oldum yaşıdın, Kəlbəcər.

 

Gəlmədim - məni dara çək,

Adımı üzüqara çək.

Orda elə bir nərə çək 

Burda eşidim, Kəlbəcər.

 

Nə bir dərdindən halıyam,

Nə dərdindən aralıyam...

Arsız aşıq misalıyam 

Elsiz yaşadım, Kəlbəcər...

 

Bəxtimiz dərd hörgüsündə,

Gözümüz vəd mürgüsündə...

Bakının bu bürküsündə

Sənsiz üşüdüm, Kəlbəcər.

DAĞLAR

Bircə gün də kövrəlməyə bilmirəm,

Ha deyirəm mətin olum, a dağlar.

Səndən ayrı mən bəxtəvər, bəxtiyar

Çətin olum, çətin olum, a dağlar.

 

Sən anamsan, dərdin alım, anacan,

Elə dedik, heç qıymadıq sənə can.

Qıyma mənə sənsiz qalım sonacan-

Qıyma mənə yetim olum, a dağlar.

 

Ta ürəyim tab gətirmir ağrıma

Gəlim məni ömürlük bas bağrına.

İnsan olmaq ta çıxıbdı axırıma-

Gülün olum, otun olum, a dağlar.

KÖNLÜM KƏLBƏCƏRƏ KÖÇÜB YUXUDA...

Vətən həsrətiylə, yurd həsrətiylə

Gözümdən tökülən yaşım göynəyir.

O eli, obanı xatırladıqca

Yaddaşım od tutur, huşum göynəyir.

 

Qalmışam dünyanın dar qəfəsində

Gedib yetişəydim son nəfəsimdə.

Bahar həvəsində, yaz həvəsində

İçimdə köç salan qışım göynəyir.

 

Könlüm Kəlbəcərə köçüb yuxuda

Özünə yurd-yuva seçib yuxuda.

Dağların suyundan içib yuxuda

Səhər dururam ki, dişim göynəyir...

Məmməd Aslana

Xızı dağlarına çıxdıq ustadla

Dağ bunu özünə şöhrət bilirmiş.

Bir boy da ucaldı dağın dağlığı

Dağ bunu özünə fürsət bilirmiş.

 

Ustadın gəlişi gəldi xoşuna

Dağ qoydu özünü dağın başına.

Köçürdü Məmmədi daş yaddaşına,

Hər sözün, söhbətin hikmət bilirmiş.

 

Qartala bənzədi dağın başında,

Bizdən qıvraq idi ahıl yaşında.

Bu yurdu vəsf etdi hər qarışında -

Bu yurdu gülüstan, cənnət bilirmiş.

 

Bizi bir zirvənin qaşına çəkdi,

Əlin hər otuna, daşına şəkdi.

Buz kimi bulağı başına çəkdi

Suyun bal bilirmiş, şərbət bilirmiş.

 

Kəlbəcər deyəndə gözləri doldu,

Gördüm ürəyinin ağrısı boldu.

Düşdü önümüzə bələdçi oldu

Yurdu oba-oba, kənd-kənd bilirmiş.

 

Gah Qurandan dedi, təfsirdən dedi,

Həm aşkardan dedi, həm sirrdən dedi.

Ələsgərdən dedi, Şəmşirdən dedi

Söz-söz, misra-misra, bənd-bənd bilirmiş.

 

Dağlara üz tutdu, xiffət elədi,

Hər otnan, çiçəknən ülfət elədi.

Yanımda bir daşnan söhbət elədi -

Daşın da dilini Məmməd bilirmiş.

 

Gözün aydın olsun, Pənahəli xan!
 

Şuşasız işimiz yarımçıq qalar
Yarımçıq qalmadı işimiz, şükür!

Gözün aydın olsun, Pənahəli xan,
Zillətdən qurtuldu Şuşamız, şükür!

 

Açılmaz bir düyün çıxdı tilsimdən,
Əla qiymət aldıq Vətən dərsindən!
Müzəffər Ordumun ayaq səsindən -
Silindi gözlərdən yaşımız, şükür!

 

Millət soy-kökünə, əzələ döndü,
Hər şəhid sönməyən məşələ döndü,
Oğullar - hərə bir heykələ döndü -
Qayamız - Mübariz! Daşımız - Şükür!

 

Bayquş kəsə bilməz Vaqifin dilin,
Şaqraq nəğməsini Xanın, Bülbülün.
Çiçəyi çırtlayıb Xarıbülbülün,
Bahara çevrilib qışımız, şükür!

 

Yaddaşım dirilib, ruhum oyanıb,
Hamı səngərində sayıq dayanıb.
Yurdum başdan-başa nura boyanıb -
Ta bir də qaralmaz qaşımız, şükür.

 

Gerçəyə çevrildi hər arzu, murad,
Qarabağ təzədən açdı qol-qanad.
Gözün aydın olsun, qəhrəman Polad,

Aldı qisasını Paşamız, şükür!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər