25.06.2025, 00:35
AZ EN
15.05.2023, 13:18 347

ZƏFƏR DOLU AZƏRBAYCAN

YARADICILIQ
  • Cavid Bədəlov əslən Füzuli rayonundandır. O, 1995-ci il may ayının 31-də Bakı şəhərində anadan olub. 80 saylı tam orta məktəbi bitirdikdən sonra Cavid 2017-ci ildə Bakı Slavyan Universitetini bitirib.

Yaradıcılığa erkən yaşlardan başlayıb, ilk şeirini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf edib və  "Mübariz" şeiri "Söz" jurnalında dərc olunub.

"Vətən bizi səsləyir" ilk şeirlər kitabının müəllifidir.

Gənc şairin şeirlərindən bir neçəsini oxucularla bölüşürük.

 

ZƏFƏR DOLU AZƏRBAYCAN

Məğrur ruhla qələbəyə atdın can,

Yerdədir,göydədir bu ülviyyətin.

Savaşda dirçəldin sən Azərbaycan,

Bir dastandır azalmayan şöhrətin.

 

İgid biləyinə vermisən qüvvət,

Qılıncın toqquşdu Şuşa dağında.

Ömrünə yaraşır vüqarlı hörmət,

Küləklər döyüşdü od bayrağında.

 

Mərd ürəkli qisasına alqış düşür,

Dünyanı titrətdi bükülməz qolun.

Nur dolu sabahına naxış düşür,

Mübarəkdir yüksələn zəfər yolun.

                 

DAĞLAR

Bahar kimi sizə baxdım,

Bənzədiniz yaza,dağlar!

Sinənizə bir gül taxdım,

Siz gəldiniz naza,dağlar!

 

Vətənimin özüsünüz,

Təbiətin gözüsünüz,

Şairlərin sözüsünüz,

Yaraşdınız saza,dağlar!

 

Bu qəlbiniz şöləlidir,

Ətrafınız lalədir,

Lalənizdə jaləlidir,

Qalır hər an təzə,dağlar!

                       

ŞANLI AZƏRBAYCAN TARİXİ

Qorxmaz ürəyin tarixi qoydu mat,

Mübariz ruhunu hədər vermədin.

Ən şanlı tarixlə oldun qol-qanad,

Düşməni boğaraq qorxu görmədin.

 

Hünər meydanını səfərbər etdin,

Son nəfəsinədək tutdun silahı.

Yağının sərhəddin dərbədər etdin,

Səninlə düzəldi xalqın rifahı.

 

AZƏRBAYCAN ÖMRÜM MƏNİM

Sən bir ovuc torpağımsan,

Dalğalanan bayrağımsan,

Ümid verən çırağımsan,

Azərbaycan ömrüm mənim.

 

Gözəllikdir hər diyarın,

Şölə saçır bəxtiyarın,

Dünya tutar iftixarın,

Azərbaycan ömrüm mənim.

 

Nə yaxşı ki yaranmısan,

Zəfərlərlə daranmısan,

Döyüşlərdə sınanmısan,

Azərbaycan ömrüm mənim.

 

Azadlığa yollar açdın,

Qələbəyə inam saçdın,

Qurtuluşu tapıb seçdin,

Azərbaycan ömrüm mənim.

 

ŞƏRƏFLİ ÖMÜR

(Polad Həşimovun əziz xatirəsinə)

 

Qəlblərdə qurulub sənin heykəlin,

Sındıra bilmədi səni düşmənin.

Vaxtsız yetişsə də sənin əcəlin,

Cənnətdə çiçəkdir şəhid məskənin.

 

Allaha döndərdin qibləgahını,

Bizə qazandırdın əbədi zəfər.

Şərəflə anırlar qərargahını,

Düşmənə qəm olub artıq bu xəbər.

 

İstərəm dünyada doğul yenidən,

Vətənim hər zaman çəksin adını.

Qoy bütün dünyamız danışsın səndən,

Sən bizə bəxş etdin zəfər dadını.

                 

XOŞBƏXTDİR DÜNYADA ŞAİR DOĞULAN

Sözdən bu ömrümə qurmuşam heykəl,

Qüdrətim böyükdür göyün üzündən.

Yaratdım misranın incisin gözəl,

Sevgini axtardım sevgi düzündən.

 

Mən sinə gərmişəm qayaya,daşa,

Sağlam bir bədənəm,qocalmaz şirəm.

Vermədim ömrümü bircə gün boşa,

Xalqıma su kimi mən də xeyirəm.

 

Tufanlar önündə dayandım möhkəm,

Ruhumu tərpətməz qasırğa,boran.

Gözümdə ləl kimi görsənib aləm,

Xoşbəxtdir dünyada şair doğulan.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər