23.11.2024, 12:18
AZ EN
16.05.2024, 16:52 271

O YURDDA İLK SÖZÜM, İZİM QALIBDI

YARADICILIQ
  • Böyük oxucu auditoriyası qazanmış istedadlı şair, tədqiqatçı Tağıyev Şamil  Ənvəroğlu 1986-cı ildə Göyçə mahalında anadan olub.  1988-ci ilin məlum hadisələri zamanı ailəsi ilə birgə Şəmkir rayonuna köçüblər. O, tam orta məktəbi bu  rayonda bitirib.

2005-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub,  2009-cu ildə Universiteti əla qiymətlərlə başa vurub. Hələ orta məktəbdə yaradıcılığa başlayan Şamil müəllim tələbəlik illərində ədəbi mühitdə öz dəsti-xətti ilə tanınıb. Yazıları və şeirləri  “Ulduz” jurnalında dərc olunub. 2008-ci ildən 2014-cü ilə kimi Aztv-də,  Dövlət Radiosunda  ssenarist və redaktor  vəzifələrində çalışıb və bir neçə verilişlərin ideya müəllifi olub. “Səngərə məktub” və “Zəfərə doğru” verilişləri tamaşaçılar tərəfindən sevilib və böyük reytinq qazanıb. Müdafiə Nazirlliyinin fəxri fərmanına layiq görülüb.  Yazıçı Şamil Ənvəroğlunun “Dağılasan ürəklərə” ilk şeirlər kitabı  2017-ci ildə işıq üzü görüb. 2023-cü ildə Şamil Ənvəroğlunun “Yaşanmışlar...Düşüncələr... Ümidlər...” və “Həyata inad gülümsə” kitabları işıq üzü görüb. Özünəməxsus yaradıcılıq prinsiplərinə sahib olan şairin bir-birindən gözəl şeirlərinə musiqiçilər, qiraətçilər tez-tez müraciət edir və gözəl ifalar səsləndirilər.

Qərbi Azərbaycana dönmək ümidi ilə yaşayan  Şamil Ənvəroğlunun bir neçə şeirini “Veten sesi”nin oxucularına təqdim edirik.

 

O YURDDA İLK SÖZÜM, İZİM QALIBDI

 

Tez-tez eşitdiyim bu sual məni,

Çəkir imtahana, dara qəlbimi,

Dinləyin, mən deyim sizə sözümü,

O eldə ilk sözüm, izim qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

Bu sual nə qədər çətindir çətin,

Mövzusu olacaq uzun söhbətin,

Sazımın, sözümün, ulu sənətin,

Beşiyi sayılan elim qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

O eldə duyduğum ilk layla səsi,

O eldə oğuzun, türkün nəfəsi,

O eldə o elin əsl yiyəsi,

Ulu babaların ruhu qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

Ağbaba mahalı, Zəngəzur eli,

Dərələyəzimlə, Göyçəmin gölü,

Borçalı hissəsi, o dağlıq Loru,

Pəmbəkim, Şirəkim, Göyçəm qalıbdır.

Məndən soruşmayın nəyin qalıbdır.

 

Dərəçiçək kimi elimiz harda,

Vedibasarımız qalıbdı torda,

Qərbi Azərbaycan inləyir darda,

O yurdda xoş günüm, anım qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

Gəzdiyim o dağlar dağım olubdu,

Yad əldə saralıb, bağım solubdu,

Qəhrəman bir mahal ağım olubdu,

Bədəndə sağımdır, solum qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

Bu millət bu dərdi atacaq bir gün,

Ən böyük diləyə çatacaq bir gün,

Kədərin səddini yıxacaq bir gün,

Bədənəm gəlmişəm, ruhum qalıbdır,

Məndən soruşmayın nəyin qalıbdır.

 

ƏSLİNDƏ SƏN DEYƏ BİRİ YOXUYMUŞ

 

Əslində, "sən" deyə biri yoxuymuş,

Səni şeirlərlə mən yaratmışam.

"Sən" adlı bir uca zirvə yaradıb,

sənə çatmaq üçün mən boy atmışam...

 

Sən mənim xəyali yaşam səbəbim,

Gerçəkdə adını bilmədiyimsən.

İllərdir ruhuma hopub yaşayan,

Hələ də üzünü görmədiyimsən.

 

Bilmirəm, sən necə tanışsan mənə?

Mən axı harada görmüşəm səni?

Yuxuda, xəyalda elə doğmasan,

Hardan tanımışam, sevmişəm səni?

 

Gah sözə dönürsən, düzülüb bir-bir,

Dolursan cümlənin boş tərəfinə.

Gah açıb qapını, dəvətsiz girib,

Keçirsən qəlbimin baş tərəfinə...

 

Daha istəmirəm bu xəyalları,

Ürəyi xəyalla ovutmaq olmur.

Artıq əllərindən tutmaq istərəm,

Sənsiz bu sevgini yaşatmaq olmur...

 

İNSAN OLAQ HƏMİŞƏ

 

Qurban olum, darıxma,

sabahı bilmək olmaz.

Bax, çoxunun arzusu,

bu gün çin olur axı...

Sən həyatı bu qədər

asan sanma, əzizim.

Yoxuşları çıxanın

büdrəməyi var axı...

 

Kimdir o xoşbəxt adam?

Xoşbəxt yoxdur dünyada!

Üzdə gülənlər ki, var,

nə çəkirlər arxada.

Hələ şəkillərə bax,

boyalı üzə baxma,

kədərli gözlərə bax.

 

Sirli ağrılar yatır,

o güləyən qadında

Sən də elə bilirsən,

Ağrı nədir, bilmir o?

İnan ki, üzü gülür.

Unudub sevinməyi,

Heç ürəkdən gülmür o...

 

Daş deyilik gözləyək,

kimsə qaldıra yerdən,

Ağac ki sayılmırıq,

bağban su verə hərdən,

Axı, heyvan deyilik,

Sahibimiz yem verə...

 

Olanlara baxma sən,

Nə qədər çətin olsa,

Yenə qalaq ayaqda,

Yenə qaçaq hər işə,

Qoruyaq özümüzü,

İNSAN qalaq həmişə ...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər