2018-ci ildə Prezident təqaüdünə layiq görülüb. “Qızıl Qələm” media və Beynəlxalq R.RZA mükafatlarına layiq görülüb. Şeirləri mətəmadi olaraq mətbuatda işıqlandırılır. Bir neçə kitabın müəllifidir. İranda “Quşlar yuvasız olmasın” adlı şeirlər kitabı çap olunub. Şeirləri Türkiyədə və Ukraynada bir neçə nüfuzlu dərgidə işıq üzü görüb.
Elnur Uğur “Hadrut fatehi” adlı Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyatı və döyüş yolundan bəhs edən poema və eyniadlı kitabın müəllifidir.
“Vətən səsi” Elnur Uğurun Vətən, yurd sevgisiylə yoğrulan bir neçə şeirini oxucularına ərməğan edir.
Vətən
Daş-kəsəkli yolu sevdim,
Həzər yolun hamarından.
Mən yaşamağı öyrəndim
Atamın əl qabarından.
Körpü oldum ötən keçdi,
Bir məndən neçə mən keçdi.
Şuşa-Şuşa Vətən keçdi,
Könlün Laçın qübarından.
Dərvişəm gəzirəm veyil,
Qeyri eşqlər mənlik deyil,
Nuş etdim doğulan gün, bil,
Vətən eşqi nübarından.
Söz misramda şimşək çaxır,
Zaman tamaşaçı, baxır.
Şükür, Rəbbim, Vətən axır
Şeirimin şah damarından.
Vur
Şəhid torpaqlar eşqinə,
Vur, əsgər, vur!
Yurdun xilası naminə,
Vur, əsgər, vur!
Haqq güc alsın qoy zərbindən,
Dünya danışsın hərbindən,
Namərd düşməni qəlbindən,
Vur, əsgər, vur!
Düşmən sayıq, uyumamış,
Qəlbimizdə nə oymamış?
Bax, bu qanlar soyumamış,
Vur, əsgər, vur!
***
Yaşa,
Bu haqqını borclusan 44 günlük savaşa!
Şəhidlərin qanından cücərən azadlığın,
Varlığın!
Yaşa,
Yaşamaq ölümündən doğulmaqdı.
Doğulmaq ölümün üzünə ağ olmaqdı.
Sən ölümün üzünə ağ oldun,
Zaman- zaman göstərdin,
Sübhün elçiliyini təkcə dan yeri eləmir.
Zaman- zaman göstərdin,
Günün günorta çağında da zülmət yaşana bilir
Və ya
Bu dünya
Kiçikdir gülüşündən körpənin.
Sən sənə gedən körpünün
İlk pilləsində son pilləsini ucaltdın.
Sən ölümdən yox,
Olumdan - oluma körpü atdın.
Yaşa,
Bu sənin ən ali haqqın
Ay mənim tolerant xalqım!
Dözümün özü də dəyərdir.
İnsanlığa verilən dəyər.
Gələcək qarşında baş əyər
Bu gün ha bilməsinlər.
Sən ən uca yaradılış,
Sən ən ali davranış elçisisən.
Unutma azərbaycanlı adını üstündə
"Zəfər" ordenitək gəzdirməlisən.
***
Mən uşaq olanda bağlar başqaydı,
Çəpərlər daşdan yox, teldən olurdu.
Qonşu hay vursaydı el yığılardı,
Elə xor baxanlar eldən olurdu.
Onda bambaşqaydı ana təbiət,
Bu qədər də dəbli ağac yox idi.
Kasıb komalarda zəngindi qəlblər,
Mədə ac olsa da, gözlər tox idi.
Mən uşaq olanda çəpər qalmadı,
Ayağım altında beli sınmamış.
Ağaclar sındırdım budaq əyəndə,
Yarpaqlar yoldum e qanı donmamış.
Böyüyə- böyüyə nələr böyütdüm?
Qonşuyla hasardan başladım, Allah!
Qonşuyla arada divar ki hördüm,
Onda insanlığı daşladım, Allah!
Mən uşaq olanda elə bilirdim,
Hamının babası Allah babadır.
Böyüyüb gördüm ki, dörd tərəfimdə,
Allaha and içən Allah aldadır.
Mən uşaq olanda həyat gözəldi,
Böyüdüm, gördüm ki, elə deyilmiş.
Böyüdüm, böyüdüm, bir şeyi gördüm-
İçimdə o uşaq böyüməyibmiş.
***
Şəhid məzarının yanından ötsən,
Ayaq saxla, orda gör kimlər yatır?
Vətənin sağalmaz yaralarını,
Qanıyla sağaldan həkimlər yatır!
Keçdiyin xiyaban hər səkisində,
Bir yaddaş yaşadır dinlə,bil sən də.
Dünyayla dünyanın məhkəməsində,
Zamana ən adil hakimlər yatır.
Baş əyib o Vətən- məzarıı öpsən,
Vətənin ətrinin dadın bilərsən.
Şəhid məzarının yanından ötsən,
Ayaq saxla, orda gör kimlər yatır?!
Hazırladı: Mina RƏŞİD