Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, AZS ISO 20121:2026 standartının tətbiqi Azərbaycanda dayanıqlı tədbir idarəetməsinin inkişafına və beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradır.
O qeyd edib ki, müasir dövrdə dayanıqlılıq artıq zəruri şərtə çevrilib və bu prinsiplərə uyğun təşkil olunan tədbirlər karbon emissiyasını 42%, tullantıları 44%, kağız istifadəsini 90%-ə qədər, enerji istehlakını isə 60–70% azaldır.
Sədr vurğulayıb ki, bu yanaşma şəhərsalma ilə sıx bağlıdır və standartın tətbiqi WUF13 kontekstində Azərbaycanın öhdəliklərini daha da gücləndirir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov qeyd edib ki, WUF13 Azərbaycanın şəhər idarəçiliyi, innovativ infrastruktur və ekoloji dayanıqlılıq sahəsində təcrübəsini dünyaya təqdim etməklə yanaşı, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi üçün də imkan yaradır.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədovun sözlərinə görə, ISO 20121:2024 standartının tətbiqi tədbirlərin daha sistemli, dayanıqlı və beynəlxalq tələblərə uyğun təşkili üçün mühüm addımdır.
Daha sonra “Dayanıqlı şəhərsalma proseslərində standartların rolu” mövzusunda və “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” mövzusunda təqdimatlar olub. (APA)