Doğma yurdda məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunan Nərmin Əhmədzadə hazırda "PAŞA Holding"in nəzdində fəaliyyət göstərən "PashaPay" şirkətinin telesatış üzrə mütəxəssisidir.
Məlum səbəblər üzündən Nərminin ailəsi məcburi köçkün kimi Bakı şəhərində müvəqqəti məskunlaşanda Nərminin 3 yaşı olub: "Füzuli haqqında heç bir təəssüratım olmayıb. Yalnız valideynlərimin maraqlı xatirələri, söhbətləri əsasında Füzulini yaddaşımda canlandırmışam. Füzulidə yaşamaq arzusunda olmuşuq. 2020-ci ildə başlayan Vətən müharibəsində şanlı qələbə qazandıq. Artıq torpaqlarımız, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz yavaş-yavaş işğaldan azad edildi. "Füzuli, artıq sən də azadsan"! Sözünü Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevdən duymaq istəyirdik. Nəhayət ki, duyduq.
Sevincimizin həddi-hüdudu yox idi ki, biz artıq doğma Füzulimizlə planlar qurmağa başladıq və artıq Füzulidə yaşayırıq, bizi evlə təmin ediblər. Bura köçəndən sonra işləmək barədə düşünməyə başladım. Buna görə də Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Onlar da sağ olsunlar, qısa vaxt ərzində gözlədiyimiz zəng gəldi. "PAŞA Holding"in nəzdində fəaliyyət göstərən "PashaPay" şirkətində telesatış mütəxəssisi üzrə satıcı kimi işə götürüldüm. İşimdən çox razıyam. Artıq altı aydır ki, burda işləyirəm. Bakı şəhərində 32 il yaşamışdım, orda da işləyirdim. Amma burda işləməyin öz qürur hissi var.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Cənab Prezidentimizə sonsuz təşəkkür edirik ki, bizim bu arzumuzu ürəyimizdə qoymadı, həyata keçdi.
Həyatımızdan çox razıyıq, çox xoşbəxtik ki, Füzuli şəhərində yaşayırıq".
Tahirə AĞAMİRZƏ