Qeyd edək ki, kitaba əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin “Fəzli və Məhluqa” dastanları daxil edilib. Kitabın “ön söz” müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent İlham Məmmədli, redaktoru AYB üzvü Namiq Dəlidağlıdı.
Tədbiri giriş sözü ilə açan şair Namiq Dəlidağlı tarixi bir dönəmdə yaşadığımızı, nəhayət, torpaqlarımızın işğaldan azad olunduğunu, suverenliyimizin tam bərpa edildiyini vurğuladı. O, bu günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.
N.Dəlidağlı tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədliyə verdi.
İlham Məmmədli şair Nəbi Dilsuzun həyat və yaradıcılığından geniş söz açdı, onu ustad dastan yaradıcısı, incə ruhlu şair kimi xarakterizə etdi.
Millət vəkili Aqil Məmmədov son olaylara toxunaraq qeyd etdi ki, otuz il düşmən tapdağında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz tam təmin edildi. Bu gün şair Nəbi Dilsuzun da, məzarı 30 ilə yaxın yağı girovluğunda qalan digər soydaşlarımızın da ruhları şaddı: “Deməli, Azərbaycan, sadəcə, düşməni məğlub etmədi, həm də tarixi ədaləti, cənab Prezident dediyi kimi, milli qürurumuzu bərpa etdi. Biz tezliklə doğma Kəlbəcərimzə dönəcəyik və belə tədbirləri orada keçirəcəyik”, deyə o vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Nəbi Dilsuzun yaradıcılığı ilə tanış olduğunu, kitabda toplanan ədəbi nümunələrə xoş münasibətini bildirdi.
Şairlərdən Nəsib Nəbioğlu, Mirsəyyaf Zamanlı, Ələmdar Keştəkli, Zöhrab Şirinov, Mehman Göytəpəli, Rövşən Hüseynli, Həbib Nəbioğlu, Zöhrab Kərimov, ziyalı hacı İlham, şairin nəvəsi Yusif Kərimov və digərləri şairin yaradıcılığından nümunələr söylədilər, öz fikirlərini bildirdilər.
Aşıq Ədalət Dəlidağlı N.Dilsuzun şeirlərindən saz havası üstə səsləndirdi.
Sonda şairin oğlu, kitabın tərtibçisi Novruz Nəbioğlu atası barədə kövrək xatirələrini danışdı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Hazırladı: Mina RƏŞİD