İstedadlı şair Coşqun Xəliloğlunun Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
ŞUŞAM, AZADSAN, AZAD!
Daha çəkmə qüssə, ah,
-Şuşam, azadsan, azad!
Güldü üzünə sabah,
-Şuşam, azadsan, azad!
Çıxdın ağır, “sərt qış”dan,
Qurtuldun, bəd qarğışdan,
Gündə yüz yol, alqışlan-
-Şuşam, azadsan, azad!
İncisən, başdan başa,
Hər qarışın tamaşa,
Arzum, - bəxtiyar yaşa,
-Şuşam, azadsan, azad!
Bax, sevinir Üzeyir,
Natəvan şeir deyir,
Cabbar nəğmə söyləyir,
-Şuşam, azadsan, azad!
Səs gəldi- Pənah xandan,
Nəvvabdan, Sadıqcandan:
-Daha olma nigaran,
-Şuşam, azadsan, azad!
Xarıbülbül sevincim,
Bulaqların bir incim,
Çox qədimim, lap gəncim,
-Şuşam, azadsan, azad!
Sən, musiqi məbədi,
Yaşa, yaşa əbədi,
Necə xoş təntənədi-
-Şuşam, azadsan, azad!
Sözüdür - igidlərin,
Mərd əsgər- zabitlərin,
Qəhrəman şəhidlərin,
-Şuşam, azadsan, azad!
Sevinir Dərbənd, Təbriz,
Zəfər çalıb ölkəmiz,
Diləyimiz tər-təmiz,
-Şuşam, azadsan, azad!
Hər dərdə var bir dərman,
Gerçəkləşdi çox güman,
Yetişdi gözəl zaman,
-Şuşam, azadsan, azad!
ANA DİLİM
Hər kəlməsi bal dadır,
Şirindən də şirindir,
Həm Vətənimin adı,
Həm də ana dilimdir.
Bu dil bizi səsləyib
Xoş günə, gələcəyə,
İgid bir sərkərdətək
Çağırıb qələbəyə.
Dilimdəki sözlərdə
Min məna, min hikmət var,
Şanlı tarix yaşadan
Yenilməz əzəmət var.
Bu dildə ülfət qılır
Elimiz, elatımız,
Bu dil ilə qurulur
Toyumuz, büsatımız.
Tarixin o tayından
Min illərdir yol gəlir,
Dilimin xoş sədası
Musiqitək yüksəlir.
Xətainin, Zakirin,
Şəhriyarın dilidir,
Füzulinin, Sabirin,
Bəxtiyarın dilidir.
Mən necə də xoşbəxtəm,
Azərbaycan elimdir,
Məni bəxtəvər edən
Doğma ana dilimdir.
Cilalayıb dilimi
Xalqımız zərgər kimi,
Biz də onu qoruyaq
Sayıq bir əsgər kimi.
VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ
Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin əziz xatirəsinə
Qəlbin sevgiylə doluydu,
Yolun ədalət yoluydu,
İgidliyin simvoluydun,
Vətən sənə, “Oğul” dedi.
Nifrətin vardı şərlərə,
Dayaq idin əsgərlərə,
İnanırdın zəfərlərə,
Vətən sənə, “Oğul” dedi.
Sevirdin öz sənətini,
Düşmən gördü cürətini,
Çəkdin torpaq qeyrətini,
Vətən sənə, “Oğul” dedi.
Pillə-pillə ucaldın sən,
Yurdumuzdan güc aldın sən,
Düşmənlərdən öc aldın sən,
Vətən sənə, “Oğul” dedi.
Aprel döyüşləri vaxtı,
Qəfil şimşək kimi çaxdın,
Çox zirvəyə bayraq taxdın,
Vətən sənə, “Oğul” dedi.
“Artilleriya atası”,
Eşqin, yurd, Vətən sevdası,
Məhv oldu düşmən xülyası
Vətən sənə, “Oğul” dedi.
Hər vaxt öndə, səngərdəydin,
Cəbrayılda, Tərtərdəydin,
Xoş xəyalda, filkirdəydin,
Vətən sənə, “Oğul” dedi.
Tovuz döyüşü zamanı,
İtirdik çox qəhrəmanı,
Cənnət-əbədi məkanın,
Vətən sənə, “Oğul” dedi.
Vardır düz sözün, ilqarın,
Cəsurluğun dövlət-varın,
Xalqımızın iftixarı,
Vətən sənə, “Oğul” dedi.
İnanırdın, o gün gələr,
Qazanıldı şanlı zəfər,
Etdin könüllərə səfər,
Vətən sənə, “Oğul” dedi.
Ş A H M A R I N
Unudulmaz şairimiz Şahmar Əkbərzadənin əziz xatirəsinə
Zərif idi, incə idi,
Təptəzə, tər qönçə idi,
Qızıl idi, külçə idi,
Şipşirin sözü Şahmarın.
İnsan idi, ləyaqətli,
Türk oğluydu, cəsarətli,
Dostlarına sədaqətli,
Qardaşdı, özü Şahmarın.
Əziz sözü - Azərbaycan,
Hər şeiri - min həyəcan,
Yaşayacaq hər bir zaman,
İtməyən izi Şahmarın.
Möhtəşəm zirvədir yeri,
Ürəklərdə yaşar şeiri,
Bizi ovsunlayb sehri,
Doğmadır üzü Şahmarın.
Çox sevirdi Şəhriyarı,
Qardaş bildi Bəxtiyarı,
Şeir idi dostu, yarı,
Bükülməz dizi Şahmarın.
Həyat özü, yalan nağıl,
Yağılıq eylədi yağı,
İtirəndə Qarabağı,
Gülmədi gözü Şahmarın.
Kədər, sevinc qoşa düşdü,
İlləri sərt qışa düşdü,
Nadanlar da başa düşdü,
Öndədir yazı Şahmarın.
Həyatı döndü dastana,
Yetişdi şöhrətə, şana,
Yaşı çatıbdı səksənə,
Çalınır sazı Şahmarın.
Hazırladı: Mina RƏŞİD